Səfər Əbiyevin sözçüsü Nəcməddin Sadıqovun təxribatla məşğul olmaqda ittiham etdi
Ali Hərbi Akademiyanın bir qrup zabiti adından mətbuatda dərc edilən məktubdan sonra Müdafiə Nazirliyi daxilindəki ziddiyyətlər açıq müstəviyə keçib. Tərəflər – müdafiə naziri Səfər Əbiyev və baş qərargah rəisi Nəcməddin Sadıqov artıq bir-birilə yola getmədiklərini ictimailəşdirmək həddindədirlər. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun “Yeni Müsavat”ın dünənki sayına açıqlamasını əsas gətirib “ictimaləşdiriblər” də demək olardı. Lakin hər halda Səfər Əbiyev tərəfdən çıxış edən mətbuat xidmətinin rəhbəri rəqibin ünvanına ittihamlar səsləndirərkən, ad çəkməyib.
Onun ittihamları “Yeni Müsavat”a göndərilmiş sözügedən məktubdakı iddialarla bağlı olub. Həmin məktubda iddia olunur ki, Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin əksəriyyəti etniklər – tat, ləzgi və talışlardır. Azərbaycan türkləri isə orduda azlıq təşkil edir.
Eldar Sabiroğlu deyib ki, bu iddialar ordunu gözdən salmaq, Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı mənfi fikir formalaşdırmaq cəhdindən başqa bir şey deyil. Onun sözlərinə görə, məktubun redaksiyaya ötürülməsi təsadüfi deyil: “Təxmini biz bilirik ki, bunu hansı etnik və xarici qüvvələrə işləməsi ehtimal olunan şəxslər ötürüb. Ayıb olsun ona. Rütbə daşıyan şəxs belə hərəkətə yol verməz. Cəsarəti varsa, dediklərini sübut edə bilərsə, ortaya çıxsın və sözünü açıq desin. Yoxsa arxada dayanıb və başqasının əli ilə kürəkdən zərbə endirmək mərd adamın işi deyil. Ona o paqonu, rütbəni daşımaq haramdır”.
Eldar Sabiroğlu ad çəkməsə də, hədəfin Nəcməddin Sadıqov olduğu aydın sezilir. Baş qərargah rəisi milliyyətcə ləzgidir, onun Rusiyaya bağlı şəxs olması barədə iddialar var. Bu iddialar Nəcməddin Sadıqovun Rusiyanın subyekti olan Dağıstanın milli qəhrəmanı adına layiq görülməsindən sonra daha da bərkdən səsləndirilməyə başlayıb. Eldar Sabiroğlunun təxminlərinin birmənalı şəkildə doğru olduğunu deyə bilmərik. Lakin həmin məktubun baş qərargah rəisi tərəfindən təşkil olunması istisna deyil. Bəs belə bir separatçı məktub milliyyətcə ləzgi olan Nəcməddin Sadıqova nə üçün gərək ola bilər?
Baş qərargah rəisi uzun müddətdir ki, birincilik uğrunda mübarizə aparır. Nəcməddin Sadıqovun hakim ailə ilə qohumluq əlaqələri yaranmasından sonra bu mübarizə daha şiddətli xarakter alıb. Antikorrupsiya çərçivəsində hərbi komissarlıqlarda yoxlamaların aparılması və bir neçə komissarın həbsi də bu savaşın tərkib hissəsi hesab edilir. Çünki Səfər Əbiyev sabiq baş hərbi komissar Əliağa Hüseynovu neytrallaşdırdıqdan sonra çağırış sistemi avtomatik olaraq Nəcməddin Sadıqovun nəzarətinə keçib. Düşünmək olar ki, ortaya çıxan bu qalmaqallı məktub müdafiə nazirinin baş qərargah rəisinə çağırış məsələsilə bağlı etdiyi həmlənin cavabıdır. Eyni zamanda bu, Nəcməddin Sadıqovun diqqəti Dağıstanın milli qəhrəmanı adına layiq görülməsindən yayındırmaq cəhdi də ola bilər. Baxmayaraq ki, baş qərargah rəisi əvvəlcə bu təltifin ictimailəşməsində maraqlı olub. Azərbaycanın hüdudlarından kənarda da nüfuzlu şəxs olduğunu nümayiş etdirmək düşüncəsilə. Görünür, sonradan bu faktın əks-effekt verəcəyinin fərqinə varıb. Hər halda Nəcməddin Sadıqov bilməmiş deyil ki, Dağıstanın milli qəhrəmanı adına layiq görülmək Azərbaycana xidmət hesabına başa gəlmir. Ən azı bu sayaq düşünənlərin sayı əhəmiyyətli dərəcədə çoxdur…
Analitik şöbə