abd-kongres

Azərbaycan hakimiyyəti ABŞ-da mühakimə olundu

«Azərbaycanda hökumət «Facebook» fəallarını izləyib həbs edir»

«İnternet azadlığı Naxçıvanda daha qəddarcasına, özü də Vasif Talıbovun şəxsi tapşırığı ilə pozulur»

Iyunun 15-də Vaşinqtonda Helsinki Komissiyası dünyada internet azadlığıyla bağlı dinləmələr keçirib. Dinləmələrdə Azərbaycan kəskin tənqid olunub.
“Ərəb ölkələrindəki üsyanlardan sonra Azərbaycan hökumətinin internetə nəzarəti güclənib. Hökumət tənqidi saytlara girişi durmadan əngəlləyir. Onların arasında müxalif qəzetlərin internet səhifələri, müxtəlif saytlar, o cümlədən ”Azadlıq” və “Azad Avropa” Radioları Korporasiyasının Azərbaycan xidməti də var”, – deyə “Freedom House” beynəlxalq insan haqları təşkilatının prezidenti Devid Kramer bildirib.
“Amerikanın səsi”nə istinadən “Turan”ın yaydığı məlumata görə, Devid Kramer gənc fəallar Bəxtiyar Hacıyev və Cabbar Savalanlının da internetdə fəal olduqlarına görə həbs edildiklərini toplantı iştirakçılarının nəzərinə çatdırıb.
O, internet azadlığının Naxçıvanda daha qəddarcasına, özü də Ali Məclisin sədri Vasif Talıbovun şəxsi tapşırığı ilə pozulduğunu vurğulayıb. Kramer müxalifət fəallarının “Facebook” səhifələrinə dəfələrlə blok qoyulduğunu da diqqətə çatdırıb.
Helsinki Komissiyasının sədri, konqresmen Kristof Smit bəyan edib ki, bu gün internetdə senzura vasitəsilə həyata keçirilən söz azadlığına qarşı təzyiqlər təkcə Çində deyil, ATƏT-ə daxil olan bəzi ölkələrdə də baş verir. Onun sözlərinə görə, bu mənada Belarus, Rusiya, Azərbaycan və Mərkəzi Asiya ölkələrində vəziyyət daha acınacaqlıdır”.
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Azərbaycan hökumətinin internet fəallarını müəyyənləşdirmək və həbs etmək üçün heç də xüsusi texnologiyadan yararlanmadığını vurğulayıb: “Onların ”Facebook” profillərini izləmək hökumətə bu cür həbs barədə qərar verməyə kifayət edir”.