7 ildi Elmarın doğum günü Elmarsız keçir. 7 ildi Azərbaycanın demokratik jurnalistikası Elmarsızdı. Demokratik jurnalistikamız. Qalanı – onu jurnalistika adlandırmaq olarsa – onsuz da Elmarsız olub. Azərbaycanda demokratiya jurnalistikası ilə diktatura jurnalistikası çoxdan – başlıca olaraq Heydər Əliyevin hakimiyyətə qayıdışından – barışmaz düşərgələrə bölünüb, ayrı-ayrı barrikadalarda yer tutub.
Elmar demokratiya düşərgəsinin, demokratiya barrikadasının yenilməz liderlərindən biri, başlıcası idi.
Elmar çağdaş Azərbaycan demokratik jurnalistikasının strateji zirvəsi idi. Elmar yalnız Azərbaycan demokratik jurnalistikasının deyil, eləcə də demokratik müxalifətin strateji zirvəsi idi. Bu iki fakta görə Elmara diktatura düşərgəsinin ən böyük, ən qorxulu düşməni olaraq baxılırdı. Belə bir qorxu üzündən Elmar elə hey məhkəmələrə çəkilirdi.
Elmarın diktatura düşərgəsi ilə hər hansı kompromisdən uzaq amansız savaşı onu yalnız demokratik jurnalistikanın deyil, eləcə də demokratik müxalifətin qalxanına-qoruyucusuna çevirmişdi. Elmar aradan götürülənədək rejim başlıca gücünü Elmarı neytrallaşdırmağa, “Monitor”u susdurmağa yönəltmişdi. Elmarın “Monitor”u türmələrə belə, yol tapır, türmələrdə belə, geniş yayılırdı. “Monitor”un hər sayı əl-əl gəzir, ev-ev dolaşırdı. Bu fakt “Monitor”un hakimiyyəti hamı üçün monitorinqi demək idi. Elmarın “Monitor”u əliyevçi diktaturanın bütünlüklə ələ keçirərək xalqı aldatma obyektinə çevirdiyi televiziyalardan daha güclü, daha effektli idi.
Elmarın gücü “Monitor”da, “Monitor”un gücü Elmarda idi. Azərbaycan tarixinə olduqca dəyərli bir tandem düşüb: Elmar-“Monitor” tandemi. “Monitor”un tarixi dəyəri yalnız diktatura rejimi ilə apardığı barışmaz çarpışmada deyil, eləcə də demokratiya düşərgəsində apardığı prinsipial çarpışmadadır. Bu baxımdan “Monitor” təkcə hakimiyyətin deyil, eləcə də müxalifətin monitorinq göstəricisi idi. “Monitor” hakimiyyətdəki neqativ görsənişləri necə obyektivliklə fiksasiya eləyirdisə, müxalifətdəki neqativ görsənişləri də eləcə obyektivliklə fiksasiya eləyirdi.
Elmar gerçək bir demokrat olaraq hakimiyyətdən də, müxalifətdən də çox-çox yüksəkdə dayanırdı. Elə buna görə Elmar hakimiyyət üçün də, müxalifət üçün də çox əlçatmaz idi. Ona yol tapmaq, onu ələ almaq hakimiyyət yetkililəri üçün necə çətin idisə, müxalifət liderləri üçün də eləcə çətin idi. Hakimiyyətdən də, müxalifətdən də Elmarla “dost” olmağa çalışanlar çox idi. Di gəl, alınıb-satılmaz, əyilməz-yenilməz Elmarın bir gerçək-keçilməz DOSTU vardı: Özgürlük-Demokratiya!
Elmar “Monitor”un başında belə yazırdı: “Özgür adamların jurnalı”. Elmar özü xaraktercə özgür idi, xarakterinə, xarakterindən gələn ideyalarına uyğun da yol seçmişdi: Özgürlük-Demokratiya yolu! Seçdiyi yolun dönməz yolbayı idi Elmar. Ondan dönməzliyinin öcünü aldılar. Kimlər?
Illərdi dindirmələr-süründürmələr sürdükcə sürür. Elmarı öldürənlər “tapılmır”. Görəsən, niyə? Bu sorunun cavabı Ukraynadan çoxdan gəlib. Kuçma hakimiyyəti dönəmində Ukraynada jurnalist Qonqadze öldürülmüşdü. Qonqadzenin siyasi sifarişlə öldürülməsi faktının üstü yalnız Ukraynada hakimiyyət dəyişikliyindən sonra açıldı. Görünür, biz də hələ bir ara gözləməli olacağıq.
Elmar tarix yaratdı – çağdaş Azərbaycan demokratik jurnalistika tarixini. Elmar o tarixi yalnız yaratmadı, eləcə də yazdı. Canıyla, qanıyla yazdı!… Uzaqlarda bir Aslan var. Günlərin bir günü Azərbaycana gələcək, Özgür-Demokratik Azərbaycan uğrunda canından keçmiş atasının ruhunu sevindirəcək bir Aslan. O gün bizim hamımızın özlədiyimiz, gözlədiyimiz bir gündür. O günü Elmar da gözləyir…