Rəqəmlərin mistikası

Rəqəmlərin də mistikası var. Hə, Böyük Fransa Inqilabından düz 222 il keçdi və kiçik bir qrup istisna olmaqla böyük əksəriyyət tarixi günü adidən də adi gün kimi keçirdi. Həyat beləcə qurulub. Bəli, Fransa Inqilabı qədər ziddiyyətli hadisəyə təsadüf etmək də çətindir. O vaxtkı Bəyannamədən bir cümlə heç yadımdan çıxmır: qadağan olunmayan icazəlidir! Indilər mən Böyük Fransa Inqilabının təfərrüatlarına varmaq istəmirəm. O qədər deyilib, o qədər yazıb və göstəriblər ki… Sadəcə, 222 il bundan əvvəl Fransa iki hissi bir-birinə qovuşdurdu: qorxu və sevgini. Indi insanlar inqilabın adı gələndə bu hissin hər ikisini keçirir. Inqilab həm özünü sevdirir, həm də qorxudur…
Bəlkə də biz hələ çox şeyləri yaşaya bilməmişik, təəssüratlarımızdaca bir natamamlıq var. Amma nə olsun ki? Robespyer, Danton, Marat. Bu adlar yaşayır, güman ki, hələ çox yaşayacaq. Məsələ heç bunda da deyil. Inqilablar millətlərin elə gənclik çağı deməkdir. Qocalmış millətlərin inqilaba nə həvəsi olur, nə də gücü çatır. Amma bəzi millətlərdə bu ruhun qalığı həmişə yaşayır. Bəlkə də burada U.Çörçillin insanlar haqqında dediyi fikri elə millətlərin də haqqında demək mümkündür: gəncliyində inqilabı sevməyənin ürəyi, qoca vaxtında onu sevənlərin isə ağlı yoxdur! Amma yox, icazə verin, cənab U.Çörçillə bir qədər razılaşmayaq. Bir az əvvəldə ərz etdim ki, bəzi millətlərdə bu ruh lap axıra qədər yaşayır. Hər bir fransız üçün iki iftixar yeri var: Inqilab və bir də Vaterloo! Hər ikisi onlar üçün müqəddəsdir. Fransızlar, ümumiyyətlə, qəribə xalqdır. Bir sosiloq demişdi ki, onlar sağçılar kimi düşünür, amma solçulara səs verirlər! Bəli, şeytan nə ilə zarafat etmir ki?! Əsas odur ki, onlar səsləri saya bilirlər, öz səslərinə sahib dura bilirlər. Biz nəyi bacarırıq? Kimlərə səs verirsən ver, amma qutudan YAP-ın namizədi çıxır! Bizim də taleyimiz elə budur. Amma mən yenə də optimistəm. Tarixçilər məni qınasa da, özümüzü gənc millət hesab edirəm və düşünürəm ki, bütün gənc millətlər kimi biz də inqilaba biganə deyilik. Burada bir detala da diqqət yetirmək istəyirəm. Düz 200 il sonra, bəli, səhv etmirəmsə, Fransa inqilabından 200 il sonraca AXC yaranıb, özü də iyulda. Səhv etmirəmsə, bir az günündə fərq var, özü də elə 2-cə gün. Görürsünüz, bu il 2 rəqəmi hər yandan boylanır. Yox, mən paralel axtarışında deyiləm. Fransızların özü də bir neçə dəfə cəhd etmişdilər. Hətta K.Marks demişdi ki, o insanlar azadlığa layiqdirlər ki, onun uğrunda hər gün döyüşə gedirlər.

Talelərin mistikası

Əvvəl rəqəmlərin mistikasından yazdım. Gözümə başqa bir xəbər də dəydi.
Putin Stolıpinin xatirəsini yad edir. Yada salım ki, sonuncu əsrin əvvəlində rus islahatçısı olub və sui-qəsd nəticəsində ölüb. Rusiyada elə həmişə bir də görürsən ki, kimisə öldürürlər… Doğrusu, mən bilmirəm Putin özü ilə o məşhur islahatçı arasında hansı paraleli tapıb. Bircə onu bilirəm ki, Rusiya həmişə islahatçıların məzarı olub, bu ölkədə islahatçıları həmişə öldürüblər.
Bu yaxınlarda göstərilən “Dostoyevski” filmində gördüyüm bir epizod hələ də məni təsirləndirir. Gənc qız isterika içində deyir ki, axı, bəs mən nə edim, bəlkə çarı öldürüm?!.. Qəribədir, deyilmi? Bu da terrorizmin mistikasıdır, nə edəcəyini bilmir və belə hesab edir ki, çarı öldürsə yaxşıdır! Niyə? Sadəcə, tarixə düşmək üçün! Bəli, bu, artıq başqa şeydir, bundan, hətta inqilabın ətri belə, gəlmir. Inqilab o yerdə olur ki, orada islahat olmur. Islahat və islahatçı varsa, daha inqilaba nə ehtiyac? Suala rus metafizikasını anlamadan cavab vermək mümkün deyil, onu isə anlamaq çox çətindir. Təsadüfi deyil ki, rus inqilablarının heç biro sevilmir, onları sevmək mümkün deyil, çünki onların hamısının mayasında anormal terror istəyi, terror cəhdi durur, şizofrenik bir həddə olan terror istəyi… Çar Aleksandr təhkimçilik hüququnu ləğv etdi və qətlə yetirildi! Stolıpin Rusiyada islahat aparmaq və onu normal bir ölkəyə çevirmək istədi, o da qətlə yetirildi! Bunları anlamaq çətindir, bunun üçün Dostoyevski təxəyyülü lazımdır…