Məhbus olmaq…

Məhbus həyatı yaşayan insanların anlatdığına görə, bağlı qapılar arxasında yazılan ömür səhifələri sona kimi qapanmaz. Zaman keçdikcə başından keçənlərin acı rüzgarı vurub açar hər günü ilə bərabər sayılan o səhifələri, xatirələr yenidən vərəqlənər, dərdlər təzələnər. Müxtəsər, içində bir peşmanlıq hissi, bir qırıqlıq, bir təəssüflə keçib gedər insanın bütün həyatı. 
Xatirələr deyəndə də… Türk şairi Yekta Özüakın yazdığı kimi, orada:
Ya divarlara anladarsın dərdini,
Ya da bir siqaradan sorarsan keçmişin hesabını.
Keçmişin hesabı da çox ağır. Bu nəyə bənzəyir, bilirmisiniz? Həbsxana həyatı bitdikdən sonra belə məhbus olaraq qalmağa.  Ya birinə qəsd etdin, ya birini yaraladın, ya birinin malına əl uzatdın… Cinayətin min cür adı var. Ya cinayət etmədinsə… O zaman burada nə işin var? Bəli, insan üçün ən ağır cəza növü haqsızlığa uğramaqdır. Bu cəza öz ailəsindən birini öldürmüş qatilə kəsilən cəzadan daha dəhşətlidir. Bəlkə, bu anda çoxunuz tarixən yaşanmış hadisələr əsasında çəkilmiş məşhur “Yaşıl mil” və ya “Həbsxanadan qaçış” filmlərini xatırlayarsınız…
Son illər biz ona görə həbsxana həyatı haqqında daha çox yazmağa alışdıq ki, filmlərdə gördüyümüz o haqsızlığa uğrayan qəhrəmanlar sıralarımızdan çıxmağa başladı. Amma iki gün öncə məhşur vicdan məhbusu Eynulla Fətullayevin dəyirmi masada həbsxana rəzalətləri haqqında anlatdıqlarını dinləyincə, hələ bu mövzuda çox az yazdığımızı düşündüm. Həqiqətən, indi içəridə nə qədər vicdan məhbuslarımız var! Bu vicdan məhbusu anlayışını düşünüb tapanlar böyük məntiq sahibi olublar hər halda. Vicdanının səsinə qulaq asıb ədalətsizliyə qarşı çıxan insanı həbs etmək vicdansızlıqdan başqa nədir ki?
Heç bir günah işləmədən qatillərlə bir sırada dayanmaq, boğula-boğula havasız hücrələrdə gün saymaq, ədalətin qalib gələcəyi anı gözləmək! Bəhs etdiyim şairin eyni şeirində söyləndiyi kimi:

Bitməz gecələr, loğman gəlsə də, qapanmaz yaralar,
Artıq üsyan bayrağını çəkməlisən,
Bu rütubət, bu qaranlıq kölgə qalxmalı buradan,
Bu inzivaya çəkilmiş sağır səssizlik oyanmalı!

Həftənin əvvəli 2 aprel vicdan məhbuslarının məhkəməsində gördüyüm mənzərə də o səssizliyin oyanmasına bir işarət idi. Hazırlıq iclasının keçirildiyi zalda bağlı qəfəs arxasından baxan 6 əqidə dostumuz açıq-açığına haqsızlığa, rejimə meydan oxudu. Hər zaman olduğu kimi! Onların dəmir barmaqlıqlar arasından yüksələn azadlıq hayqırtıları salona bir canlanma gətirdi. O 6 məhbus dik duruşları, möhkəm iradələri ilə çıxdıqları daş-kəsəkli yolun sonunda azadlıq qapısına yetişəcəyini bir daha bəyan etdilər. Bizə böyük bir örnək olaraq “bizim mübarizəmiz, davamız haqq davasıdır” dedilər. O 6 məhbus qəfəs arxasından zülm qarşısında əyilmədən ləyaqətin, şərəfin nə olduğunu nümayiş etdirdilər dönə-dönə. O 6 məhbus bizim mübarizəmizin simvolu kimi dayandı o dəmir barmaqlıqlar arxasında o gün. Salonda gözü dolan doğmalarına, dostlarına baxmadan, vəkil dəstəyinə ehtiyac duymadan belə ədalət davası apardılar məhkəmə ilə. O 6 məhbus dünyanın ən azad adamları idi o an mənim gözümdə. Kaş hər birimiz onların bir sözü qədər azad ola bilsək…