AYB Mehriban Vəzirə cavab göndərdi

Mehriban Vəzir isə «mövzu mənim üçün qapanıb» deyir

 

Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla yazıçı Şamo Arif arasındakı mətbu mübahisəyə qoşulan şair Fikrət Qoca “Azadlıq” qəzetində dərc etdirdiyi “Palto oğurlayan, ya paltosu oğurlanan” məqaləsində publisist Mehriban Vəzirin də ünvanına ağır ittihamlar səsləndirmişdi. Mehriban Vəzir də qəzetimizə açıqlamasında Fikrət Qocaya oxşar tərzdə cavab vermişdi. Yazıçılar Birliyi də bu polemikaya qoşularaq, dünən redaksiyamıza “Mehriban Vəzir od püskürsün, yalan püskürməsin” başlığı ilə müraciət göndərib.
Əvvəlcədən bəyan etdiyimiz kimi, bütün tərəflərə bərabər şərait yaradaraq, Yazıçılar Birliyinin müraciətini də olduğu kimi dərc edirik:
“Azadlıq” qəzetində (14 iyul 2011) “Mehriban Vəzir Fikrət Qocaya od püskürdü” başlığıyla yazı dərc olunmuşdur. Bundan əvvəl Mehriban Vəzir başqa bir yazısında iddia edirdi ki,  Fikrət Qocanın mitinqlər haqqında dediklərinin səbəbi onun oğlunun, qızının vəzifədə olmalarıdır. Fikrət Qoca “Azadlıq” qəzetində (13 iyul 2011) bunun düzgün olmadığına konkret faktla cavab verdi: “Mənim oğlum düz altı ildir ki, işsizdir, bir qızım adicə kitabxanaçı işləyir, o biri iki qızım da xaricdədir, heç yerdə işləmirlər”.
Mehriban Vəzir yeni yazısında bu böhtanın heç üstünü vurmur. Fikrət Qocadan üzr istəmir, əksinə, hücuma keçərək başqa düzgün olmayan fikirlər ortaya atır. Yazır: “Həmin gün Yazıçılar Birliyində Həmid Nitqinin xatirə gecəsi keçirilirdi. Həmin gecədə Əbülfəz Elçibəy də iştirak edirdi,  Əbülfəz bəyə görə Yazıçılar Birliyinin yetkililəri həmin toplantıya gəlmədilər”.
Düz demir Mehriban Vəzir. Həmid Nitqinin xatirə gecəsinin təşəbbüsçüsü Anar idi və əvvəldən axıra qədər bu tədbirdə iştirak edirdi. Kələkidən qayıtdıqdan sonra Əbülfəz Elçibəy  Yazıçılar Birliyinin “Natəvan” klubunda iki toplantıda iştirak edib və hər ikisində Mehriban Vəzirin təbirincə desək, yetkililər, yəni Anar, Fikrət Qoca, katiblər iştirak edib, Əbülfəz bəyi böyük hörmətlə qarşılayıblar.
Mehriban Vəzir yazır: “Heç mən onda bilmirdim ki, Fikrət Qocanın anası rəhmətə gedib”.
Düz demir. Mehriban Vəzirin iştirak etdiyi elə həmin toplantıdaca Fikrət Qoca anasının yasına getdiyinə görə iclası yarımçıq tərk etdiyi üçün üzr istədi.
Mehriban Vəzir Fikrət Qocanın və Anarın bədxahlarının aqibətləri haqqında fikirlərini də təhrif edərək bunu cəbhədə şəhid olmuş oğluna aid edir. Çox təəssüf. Anar da, Fikrət Qoca da Mehriban Vəzirin oğlunun vaxtsız ölümünə acıyır, ona min rəhmət diləyirlər. Mətndən aydındır ki, söhbət yalnız Yazıçılar Birliyinə bədxahlıq edən və dünyalarını erkən dəyişən bəzi adamlardan gedir. Bunun Mehriban Vəzirin mərhum oğluna (qəbri nurla dolsun) nə dəxli var? Kiminlə mübahisə edirsənsə, bu işə o adamın ailə üzvlərini qatmaq vicdansızların peşəsidir.
O ki qaldı ölkənin indiki durumunu Fikrət Qocanın Mehriban Vəzirdən fərqli qiymətləndirməsinə, özünü demokrat sayan adam onun düşüncələrilə üst-üstə düşməyən fikirlərə görə od püskürməz. Sakitcə, ədəb-ərkan çərçivəsində öz etirazını bildirər. Yazıçılar Birliyinin rəhbərləri heç də bu xalqın qayğısını Mehriban Vəzirdən az çəkmir. Bu xalqı ondan az istəmirlər və konkret əməllərilə bu millətə Mehriban Vəzirdən az xidmət göstərməyiblər. 92-93-cü ilin birinci yarısında baş verən hadisələri də unutmayıblar. Ölkəmizin parçalanmaq, ayrı-ayrı bölgələrə ayrılmaq təhlükəsi vardı,  vətəndaş müharibəsi başlanmasının ərəfəsindəydik, qardaş qanı tökülmüşdü, ermənilər az qala gəlib Yevlaxa çıxacaqdılar, cəbhədən qoşun qüvvələrini Bakıya çəkib hakimiyyət uğrunda mübarizə aparırdılar, hərənin bir silahlı dəstəsi vardı, adamlar küçəyə çıxmaqdan qorxurdu. Xalqın əzilməsi bax buydu. Bütün bunlar Mehriban Vəzirin yadından nə tez çıxıb? Yenə həmin günlərə qayıtmağı arzulayır? Əgər həmin dövr üçün nostalji hisslər keçirirsə, Azərbaycanın  sabitliyini, istiqlalını, təhlükəsizliyini hər növ hakimiyyət hərisliyindən üstün tutanlar Mehriban Vəzirin bu hisslərini bölüşə bilməz…
Mehriban Vəzirin Anarın və Fikrət Qocanın ünvanına söylədiyi təhqiramiz ifadələrə gəldikdə isə, bu tərbiyə və mərifət məsələsidir. Onlara eyni ifadələrlə cavab vermək ləyaqətsizlik olardı”.
Yazıçılar Birliyinin müraciətinin birbaşa Mehriban Vəzirə yönəldiyini nəzərə alaraq, publisist xanımın da fikirlərini öyrənmək qərarına gəldik. Mehriban xanımın cavabı isə konkret oldu: “Hər şey bəllidir, hər şey ortadadır. Mən bu mövzunu qapatmışam və bu barədə danışmaq istəmirəm”.

 

İnformasiya şöbəsi

HƏMÇİNİN OXU

“Fikrət Qoca təpədən-dırnağacan saxtadır”

Anar-Şamo savaşına Fikrət Qoca da qoşuldu

Mehriban Vəzir Fikrət Qocaya sərt cavab verdi

Xaliq Bahadır: “Anardan… anasınadək”

Şamo Arif Xaliq Bahadıra cavab verdi

Anar Şamo Arifin debat çağırışını rədd etdi

“Anar ermənilər qarşısında susub…”

Şamo Arif Anara qarşı arxiv sənədləri çıxardı

Yazıçılar arasında qalmaqal böyüyür

Süleyman Rəhimovun oğlundan Anara sərt ittihamlar