Zakir Qaralov Ramil Usubovu «vurdu»

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi DIN-i “qara siyahı”da ilk yerə yazdı

 

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə ən çox şikayət daxil olan qurumlar bəlli olub.
Dünən keçirilən mətbuat konfransında idarənin rəisi Kamran Əliyev bu barədə məlumat verərək bildirib ki, haqqında idarəyə ən çox şikayət daxil olan dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Bu qurum haqqında Korrupsiyaya qarşı Mübarizə Idarəsinə 484 şikayət daxil olub. Bundan sonra isə Daxili Işlər Nazirliyinin yanında fəaliyyət göstərən qurumlar (DYP və s.) gəlir. Bu qurumlar haqqında isə idarəyə 270 şikayət daxil olub.
DIN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə “Azadlıq”a bildirib ki, təmsil etdiyi nazirlik tabeliyində olan qurumlarda, xüsusilə Dövlət Yol Polisində neqativ hallara qarşı ciddi mübarizə aparır: “Şikayətlərin çox olması ümumilikdə Daxili Işlər Nazirliyinə aid edilməməlidir. Şikayətlər əsasən Dövlət Yol Polisindəndir. Bu qurum da DIN-in nəzdində olduğu üçün təbii ki, nazirliyin ən çox şikayət edilən dövlət orqanlarından biri kimi verilib. Amma yenə də deyirik ki, nazirlik özü yol polisi və tabeliyində olan digər qurumlardakı nöqsanlara qarşı ciddi mübarizə aparır”.