Vəkil siyasi məsələlərlə bağlı işdən imtina etməyəcək
Vəkillər Kollegiyası Osman Kazımov barədə qanunsuz qərarını ləğv edib. Qərar da bundan ibarətdir ki, kollegiya Osman bəyin vəkillik fəaliyyətini dayandırması və qurumun üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət etməyəcək.
Bu barədə açıqlama aldığımız O.Kazımov öncə söylədi ki, Vəkillər Kollegiyasının iddia ərizəsində göstərilən bütün hallar onun təqdim etdiyi istintaq materiallarından götürülmüş sənədlərlə təkzib olunub: “Kollegiya Baş Prokurorluğa göndərdiyi təqdimatda nəzərdə tutulmayan halları yazmışdı. Yəni təqdimatda göstərilmişdi ki, mən üzləşdirmə protokoluna imza atmamaqla Tural Kərimovu müdafiəsiz qoymuşam, hüquqlarını pozmuşam. Eyni zamanda guya ona təsir edərək göstərmişəm ki, gələcəkdə o, heç bir istintaq hərəkətində iştirak etməyəcək. Bu hallarla bağlı məhkəmədə araşdırma zamanı müəyyən edildi ki, protokola etiraz etmişəm. Həmin etiraza Rüstəm Usubov avqust ayının 4-də rədd cavabı verib. Bundan başqa, Baş Prokurorluğa ayın 4-də verdiyim ikinci vəsatətə cavabı təqdim etdim. Orda göstərilmişdi ki, istintaq hərəkətləri videoyazıyla aparılmalıdır. Bu o demək idi ki, biz nəinki istintaq hərəkətlərində iştirak etməkdən yayınırıq, əksinə, onun daha şəffaf və obyektiv aparılması üçün videoyazı tələb edirik. Məhkəmə zamanı mən T.Kərimovun üzləşdirmədən dərhal sonra ikinci dindirilməsinə dair protokolu təqdim etdim. Üzləşdirmədən 5 dəqiqə sonra onu müstəntiq Kamal Talıbov dindirmişdi. Bununla da təkzib olunurdu ki, biz istintaq hərəkətlərində iştirak etməkdən imtina etsəydik, 5 dəqiqə sonra müstəntiq onu necə dindirə bilərdi. Yəni, həqiqətə uyğun olmayan məlumatları yazmışdılar”.
O.Kazımov, həmçinin Rəyasət Heyətinin qərarında göstərilən, 2010-cu ilin avqustunda məzuniyyətə gedərkən, məsləhətxananın müdir əvəzi Sünbülə Əliyevanı aldadaraq icraatında cinayət işi olmadığı məsələsinə də aydınlıq gətirdi: “Sübut etdim ki, S,Əliyeva yalan danışır. O, həmin vaxt müdir əvəzi olmayıb. Müdirimiz Davud Ibrahimov olub ki, məzuniyyətə getmək barədə verdiyim ərizəmi də o, imzalayıb. Yəni, onların dediklərinin hamısının yalan olduğunu sübut etdim”. O.Kazımov bütün protokolların çıxarışını məhkəməyə təqdim edib və nəticədə kollegiyanın qaldırdığı iddianın əsassızlığı müəyyən olunub. Bundan sonra hakim tərəflərə barışıq təklif edib. Osman bəy Gəncədə olarkən iyulun 12-də zəng edərək ondan kollegiyanın Rəyasət Heyətinin iclasında iştirak etmək xahiş olunub. Sonradan Natiq Mustafayev onunla əlaqə saxlayaraq Vəkillər Kollegiyasının əvvəlki qərarını ləğv edərək yeni qərar qəbul etdiyini bildirib: “Həmin qərara görə, mənə töhmət verilib, lakin iddiadan imtina edilib. 4 fevral 2011-ci il tarixli qərar dəyişilib və qarşılıqlı iddiamız həmin qərara qarşı olduğu üçün biz də həmin iddiadan imtina etdik”.
Müraciət olunduğu təqdirdə, siyasi məsələlərlə bağlı iş aparmaq barədəki sualımıza O.Kazımovun cavabı qısa və konkret oldu: “Birinci prosesim yəqin elə bu olacaq”. 2 aprel aksiyasında həbs edilən şəxslərin işi barədə danışan həmsöhbətim, onların barələrində irəli sürülən ittihamda göstərilən cinayətləri törətmədiyini söylədi.
Nigar