Hakimiyyət 14 iyulu niyə bayram edir?

İlqar Məmmədov: «KQB generalının Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinə seçilməsinin atəşfəşanlıqla qeyd olunması heç bir məntiqə sığmır»

1969-cu ilin iyulun 14-ü tarixə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının birinci katibi seçildiyi gün kimi düşüb. YAP hakimiyyəti Əliyevlə bağlı olan digər tarixlərlə yanaşı bu günü də bayram kimi qeyd edir. Düzdür, ölkədə rəsmi bayram günü elan edilməsə də, hər il bu münasibətlə tədbirlər keçirilir, hətta atəşfəşanlıq olur.
Ölkədə bir çox sahələr vəsait tələb edir və vəsaitin olmaması ciddi problemlər yaradır. Ötən il Aran rayonlarında baş verən selin fəsadları hələ tam aradan qaldırılmayıb. Keçmiş SSRI respublikaları arasında yalnız Azərbaycanda sovet vaxtından qalan əmanətlər qaytarılmayıb və hökumət bunu da vəsait problemi ilə əlaqələndirir. Belə olan halda, Heydər Əliyevin adı ilə bağlı olan və müasir tarix üçün heç bir əhəmiyyət kəsb etməyən tədbirlərə bu qədər vəsaitin xərclənməsi nə dərəcədə məqsədəuyğundur? Onu da qeyd edək ki, Milli Müstəqillik Günü rəsmi bayram günü kimi ləğv edilib və müasir tarixin ən şanlı tarixi ölkədə qeyd edilmir.
“Respublikaçı Alternati” (REAL) Ictimai Birliyinin həmtəsisçisi Ilqar Məmmədovun fikrincə, millətin bayramları olmalı və onlar qeyd edilməlidir. Lakin Azərbaycanda bayramlar düzgün təyin olunmalıdır.
Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinə KQB generalının seçilməsinin “demokratik və müstəqil” Azərbaycanda atəşfəşanlıqla qeyd olunması heç bir məntiqə sığmır: “Burda şəxsiyyət milli ideyanı üstələyir. Belə olmaz. Bu, öz-özlüyündə yanlışlıqdır”.
I.Məmmədovun sözlərinə görə, daha əhəmiyyətli bayramlara diqqət yetirilməli və onlar lazımi səviyyədə qeyd edilməlidir: “Söhbət ondan getmir ki, bayramları ləğv edək. Pulları da sosial ehtiyaclara xərcləyək. Bayram da olmalıdır, sosial problemlərə dəqqət də. Ancaq söhbət ondan gedir ki, 14 iyulun təmtəraqla qeyd edilməsi heç bir məntiqə sığmır. Atəşfəşanlıq məntiqsizlikdir. KQB generalının Kommunist Partiyasının birinci katibi seçilməsini azad və müstəqil, demokratik adını daşıyan Azərbaycanda qeyd edirik. Millətin həqiqi bayramları var, onları heç belə qeyd etmirlər. Yaxşı olardı ki, onların qeyd olunmasına diqqət artırılsın”.

Fizzə