Filfilo qoca

Hörmətli oxucular, bilirsiniz ki, normalda qəzetimiz 16 səhifədə çap olunmalıdır, amma iki gündür “Azadlıq” qəzeti 15 səhifədə çap olunur. Bunun da səbəbi vardır. Iki gündür ədəbiyyata yaxından-uzaqdan heç bir dəxli olmayan, publisistikası isə inşa mətnindən bir addım irəli getməyən Azərbaycan Yazıçılar Birliyinin qoca bir katibi qəzetimizin bir səhifəsini sözün həqiqi mənasında özününküləşdirib.

Böyük ehtimalla qəzetimiz bu gün də 15 səhifə çıxacaqdır, bu müvəqqəti narahatçılığa görə hamınızdan üzr istəyirik.

Hörmətli oxucular, şəxsən mən bu qocanın “üstü bəzək, altı təzək” janrında yazdıqlarına əhəmiyyət verməzdim, əgər orada ad çəkmədən bəndənizin də ünvanına daşlar atmasa. Mənim bir neçə gün əvvəlki “Insanın məhvoluşu” yazım qoca katibə möhkəm yer eləməlidir ki, cızmaqarasında bəndəniz haqqında “varlığı üç qəpiyə dəyməyən”, “başı araqdan ayılmayan” biri olaraq bəhs edir. Zatən özü də bunu gizlətməyib, həmin köşə yazısını açıq-açıq nişan verib.Qoca katibin “varlığı üç qəpiyə dəyməyən” sözlərinə, ümumiyyətlə, baş qoşmaq istəmirəm. Açıq görünür ki, bu adam həyatı boyu insanları (elə özünü də!) valyuta ilə ölçməyə meylli olmuşdur.

“Başı araqdan açılmayan” məsələsinə gəlincə… Əvvəla, bu adamın araqla bağlı kiməsə irad tutmasından gülməli heç nə yoxdur, Əkrəm Əylislinin “Əylisdən Əylisəcən” kitabını oxuyanlar söhbətin nədən getdiyini bilirlər.

Ikinci, şəraba meylli olmaq Şərə meylli olmaqdan qətiyyən pis deyil. Tərcümeyi-halını qısaca “Şərin xidmətçisi” deyə özətləyə biləcəyimiz birinin durub şərabı başqalarının üzünə tutması riyakarlığın son həddidir. Adam əvvəlcə öz ayıbına kor olar.

Üçüncüsü, mən qoca katibə heç bunları da yazmazdım, əgər onun filfilo yazısının əsl müəllifinin Anar Rzayev olduğunu bilməsəydim. Bu adam heç cümlə qura bilmir, qaldı ki, üç qəzet səhifəsi boyda nəsə üyüdüb-tökə. Imza qoca katibindir, amma yazı qoca sədrindir.
Ona görə də Anara səslənirəm: ey Anar Rzayev! Çıx o qoca katibinin arxasından və kimə nə deyəcəksən özün de, kimə nə yazacaqsan özün yaz!Nədən qorxursan, nədən çəkinirsən? Biz də Qorbaçov deyilik ha. Doğrudur, bu yaşdan sonra bir şeyə yaramayacaq, amma yenə də artıq öyrən cəsur olmağı!

Bir düşüklüyə “dur” demək zamanı

Üç gün əvvəl Çempionlar Liqasının seçmə mərhələsində Ermənistan çempionu 4-0 uduzdu, bizim saytlara baxıram, qəzetlərin idman səhifələrinə baxıram, yekə hərflərlə başlıqlar atıblar: “Ermənistan çempionunu biabır etdilər”, “Pünik” rəzil oldu”, “Ermənistan çempionu darmadağın oldu”, “Pünik” gülünc günə düşdü” və s.

Tarixin və taleyin ironiyasına baxın ki, cəmi bir gün sonra bizim çempion oxşar məğlubiyyətə uğradı. “Pünik”in yaşadığı rəzalətin eynisini yaşadı.Yəni, dediyim odur ki, artıq hansısa erməni klubunun, yaxud idmançısının uduzmağından dəhşətli dərəcədə sevincək olmağı, toy-bayram düzəltməyi, onların idman məğlubiyyətlərini ən düşük formada xəbər başlıqlarına çevirməyi tərgitmək zamanı gəlib. Başa düşürəm, torpaqlarımızı işğal ediblər, amma guya gic-gic xəbər başlıqları ilə torpaqmı azad eləmək olar? Hünərimiz çatır gedək torpağımızı alaq, yox, bacarmırıq, qaxılıb oturaq yerimizdə, yoxsa “Pünik”i rəzil elədilər” yazırsınız, bir gün sonra “Neftçi” rəzil olur, gülünc vəziyyətdə qalırıq.
Yüz dəfə yazmışıq, yenə yazaq, yüzbir olsun: hansı üzünə çevirsəniz, Ermənistanla Azərbaycan bir medalın iki üzüdür, bir almanın iki yarısıdır, bir-birinin xurcuntayıdır. Bu gün onlara etdiyimiz ironiyanın, kinayənin bir başı gəlib sabah onsuz da bizim özümüzü tutur. Belədə yüngülsaqqallığa, düşüklüyə nə ehtiyac var axı?