Yekaterinburqdakı soydaşlarımız təhlükə qarşısında
Onlar narkomafiya ilə rus milisi arasındakı savaşın qurbanı ola bilər
Təxminən 50-yə yaxın azərbaycanlı ölkəmizin Rusiyanın Yekaterinburq şəhərində yerləşən Baş Konsulluğuna yürüş edib. Hadisə bu günlərdə baş verib. Həmyerlilərimizin bu addımına səbəb isə onların polis özbaşınalıqlarından bezmələri olub.
Rusiyadakı mənbələrin “Azadlıq”a verdiyi məlumata görə, sakinlər açıq şəkildə ifadə ediblər ki, nə edəcəklərini bilmirlər və tələb ediblər ki, rəsmi qurumlar onların bu hala necə reaksiya vermələrinə aydınlıq gətirsin. Məsələ burasındadır ki, Yekaterinburq şəhərində yeganə topdansatış ərzaq bazarının işi ötən həftənin cümə günündən faktiki olaraq iflic olub. Sözügedən bazarda işləyənlərin əksəriyyəti azərbaycanlılardır. Həmyerlilərimiz deyir ki, milis bazarda reyd edərək bütün məhsullarını müsadirə edib və onlara konkret olaraq deyilib ki, Saqra kəndinə gəlmiş hansısa kriminal tipi təslim edin ki, sizi rahat buraxaq. “Başa düşmürük burada bizim nə günahımız var”, – deyə sakinlər konsula müraciət ediblər. Ticarətçilərin sözlərinə görə, bazara hər gün vilayət polisinin istintaq qrupunun nümayəndələri baş çəkirlər, hər dəfə gələndə də xeyli adamın malını müsadirə edirlər. Düzdür, müsadirə edilərkən mallar siyahılaşdırılır, ancaq maraqlıdır ki, tutulan sənədlər mallarla birlikdə aparılır.
Baş konsulluğa gələn Sverdlovsk vilayəti üzrə ombudsman Tatyana Merzlyakova da pərişan, incidilmiş və çaşqın halda olan adamları sakitləşdirməyə çalışıb. O, bildirib ki, elə bu saat baş konsul Sultan Qasımovla birlikdə prokurorluğa gedəcək və prokurorluqdan baş verənlərlə bağlı tədbir görməsini tələb edəcək. Merzlyakova deyib ki, istintaq orqanlarının araşdırma zamanı özlərini kobud aparmaları birinci hal deyil, ancaq Saqra kəndinin yerli sakinlərinin dindirilmə proseduru onu, xüsusilə hiddətləndirib. Saqralıların ombudsmana bildirdiklərinə görə, bütün kənd əhalisini əvvəlcə tibb məntəqəsinə yığıblar və günün sonunadək dindirmə davam edib. Ətraf isə milislər tərəfindən əhatəyə alınıb ki, kimsə ərazidən kənarlaşa bilməsin.
Iyul ayının əvvəlində narkotik maddələrin əsas yük-boşaltma məntəqələrindən birinə çevrilən Saqra kəndində narkoticarətlə məşğul olan mütəşəkkil cinayətkar şəbəkə ilə sözügedən kəndin bir qrup sakini arasında hansısa mübahisəli məsələ üstündə atışma olub. Hazırda bu məsələ ilə bağlı istintaq gedir. Görünür, əsasən azərbaycanlıların çoxluq təşkil etdiyi Yekaterinburq bazarı da həmin cinayətkar şəbəkənin nəzarətindədir. Bundan məlumatlı olan hüquq-mühafizə orqanları da cinayətkar şəbəkənin maliyyə mənbələrinə “tıxac” vurmaqla, onları üzə çıxmağa məcbur etməyə çalışır. Lakin Rusiyadakı mənbələr deyir ki, milisin bu şəkildə davam etməsi Yekaterinburqda ciddi qarşıdurma ilə nəticələnə bilər. Iş yerlərini itirən, həmçinin təhdid edilən azərbaycanlılar aksiyalara başlaya bilərlər.
İnformasiya şöbəsi