Ziya Məmmədovun qardaşı oğlu Salyanın rəisi oldu

«Azadlıq»ın yazdıqları təsdiqini tapdı

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Fuad Məmmədov Salyana polis rəisi təyin edildi. Fuad Məmmədov bundan əvvəl Qubanın polis rəisi idi. Lakin bir neçə gün əvvəd tutduğu vəzifədən azad edilmişdi.
“Azadlıq” məlumat yaymışdı ki, Fuad Məmmədovun işdən çıxarılmasının səbəbi MTN-nin yerli şöbəsi ilə hesablaşmaması olub. Qubanın çekistləri bu barədə MTN-ə məlumat veriblər. Nazirlikdən gələn nümayəndə heyəti isə Fuad Məmmədovla profilaktik söhbət aparıb. Bundan sonra daxili işlər naziri Ramil Usubov onu Qubadan uzaqlaşdırmaq qərarına gəlib. Həmçinin məlumat vermişdik ki, Fuad Məmmədov işsiz qalmayacaq. Eyni gündə Salyanın polis rəisi Şahmar Paşayevin işdən çıxarılması, əslində, Ziya Məmmədovun qardaşı oğlunun bu rayona rəis göndəriləcəyi ilə bağlıdır. Fuad Məmmədov əvvəl də Salyanın polis rəisi olub. Keçmiş baş hərbi komissar bu rayona icra başçısı təyin ediləndə isə o, Qubaya göndərilib. Bunun da səbəbi Əliağa Hüseynovla Ziya Məmmədovun qohumluq əlaqələri ilə bağlıdır. Çünki Salyanın icra başçısı ilə polis rəisinin Ziya Məmmədovun yaxın adamları olması nazirin bu rayonu tam nəzarətə götürməsi demək olardı. Artıq Əliağa Hüseynov icra başçısı deyil. Ona görə də Ramil Usubov Fuad Məmmədovu yenidən Salyana qaytarıb. Onu da bildirmişdik ki, daxili işlər naziri MTN-lə bağlı qalmaqala görə Fuad Məmmədovu işdən çıxarması əzəli rəqibi milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı yeni cəbhə açması ilə əlaqələndirilir.

Informasiya şöbəsi