Qarabağ danışıqları bitib, yoxsa davam edir?

XIN sabiq dövlət katibinin Qarabağ danışıqlarının bitdiyi ilə bağlı fikrinə münasibət bildirmədi

“Tam əminliklə deyə bilərəm ki, 90-cı illərin ortasından başlayan Qarabağ danışıqları məzmun baxımından bitib və nəticə də artıq bəllidir. Rəsmi görüşlər yalnız görüntüdür”.
Bu sözləri “Azadlıq” qəzetinə müsahibəsində keçmiş dövlət katibi Eldar Namazov deyib. E.Namazovun sözlərinə görə, uzun illərdir rəsmi danışıqlarda iştirak edən bir şəxs kimi deyə bilər ki, vəzifədən gedəndən sonra da müxtəlif beynəlxalq təşkilatlarda görüşləri, müzakirələri olub. Bütün pərdəarxası proseslərdən məlumatlı olduğunu deyən E.Namazov məhz buna görə 90-cı illərin ortasından başlayan danışıqlar prosesinin məzmun etibarı ilə bitdiyini iddia edir.
Məsələ ilə bağlı XIN-in mövqeyini öyrənməyə çalışdıq. Sualımız isə danışıqlar prosesinin gedişi ilə bağlı vaxtilə yüksək dövlət postu tutan E.Namazovun söylədikləri ilə bağlı oldu.
XIN-in sözçüsü E.Namazovun fikirlərinə şərh vermək istəmədiyini söylədi: “Bu, Eldar Namazovun fikridir və mən ona şərh verə bilmərəm. O zaman belə çıxır ki, neçə illərdir Qarabağla bağlı danışıqlar prosesi getmir?”.
Biz elə E.Poluxovun son söylədiyi suala cavab axtarırdıq. Amma XIN sözçüsü o sualı nədənsə, bizə ünvanladı.

Hikmət