Xaçmazdakı tükürpədici olay barədə Əliyevə məktub

«Görün məmurlar nə qədər azğınlaşıblar ki, günün günorta çağı küçədə vətəndaşı döyüb öldürürlər…»

Xaçmazda məmur vəhşiliyi nəticəsində dünyasını dəyişmiş Eldar Şıxəliyevin yaxınları Işgəncələr Əleyhinə Komitəyə müraciət edib. Bu barədə “Azadlıq”a komitənin sədri Elçin Behbudov məlumat verib.
Elçin Behbudov bildirib ki, mərhumun həyat yoldaşı Bəturə Mirzəyevə hələ ötən ayın 19-da komitəyə məktubla müraciət edib. Məktubda göstərib ki, həyat yoldaşı Eldar Şıxəliyev Xaçmazın icra başçısının müavini Azər Haqverdiyev tərəfindən ölümcül döyülüb və nəticədə Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Komitənin əməkdaşları xəstəxanaya baş çəkərək Eldar Şıxəliyevin yaxınlarıyla görüşüblər. Onlar bir daha baş verənlərə görə icra başçısının müavinini günahlandırıblar.
Bundan sonra Elçin Behbudov olayın araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət edib. Lakin Baş Prokurorluqdan cavab gəlməmiş – iyulun 10-da Eldar Şıxəliyev xəstəxanada dünyasını dəyişib.
Elçin Behbudov deyir ki, vətəndaşın bu şəkildə döyülüb öldürülməsinin yalnız bir adı var – məmur harınlığı! Baş verənlərlə bağlı dünən Ilham Əliyevə müraciət edən komitə sədri məktubda vətəndaşlara qarşı yol verilən məmur özbaşınalıqlarını hərtərəfli qeyd edib.
“Icra başçısı, onun müavinləri və digər səlahiyyətlilər yerlərdə prezidentin təmsilçiləri sayılırlar. Bu adamlara bütöv bir rayonun əhalisinin taleyi həvalə olunur. Onlara kim ixtiyar verib ki, vətəndaşı döyüb öldürsünlər? Görün, nə qədər azğınlaşıblar ki, günün günorta çağı küçədə vətəndaşı döyüb öldürürlər…
Deyilənə görə, mərhum Eldar Şıxəliyev hadisə baş verən gün sərxoş olub və küçədə nalayiq ifadələr işlədib. Həqiqətən bu cür olsa belə, yenə də icra başçısının müavininin heç bir səlahiyyəti yoxdur ki, o adamı döysün, təhqir eləsin. Ən uzağı, ora polis çağırmaq olardı”, – deyə Elçin Behbudov bildirib.
Yeri gəlmişkən, “Azadlıq”ın əməkdaşı ilə söhbətində icra başçısının müavini Azər Haqverdiyev ittihamları rədd edərək, Eldar Şıxəliyevi döymədiyini, sadəcə, itələdiyini, ardınca da polislərin onu şöbəyə apardığını bildirir. Haqverdiyev dolayısıyla Eldar Şıxəliyevə qarşı zorakılığın polis şöbəsində baş verə biləcəyini istisna etməyib.
Elçin Behbudov deyir ki, bu barədə Xaçmaz ŞPŞ rəis müavinilə də əlaqə saxlayıb. Rəis müavini deyib ki, Eldar Şıxəliyev şöbəyə gətiriləndə ölümcül halda olub: “Bildirdi ki, Şıxəliyev şöbəyə gətiriləndə özündə deyildi. Üstəlik, əlavə etdi ki, bu adam heç bir cinayət törətməyib, niyə döyülməliydi?”
Komitə sədri bu olayla əlaqədar beynəlxalq hüquq-müdafiə təşkilatlarını da məlumatlandıracaq.

Aytən