“Regionda müharibə tamamilə realdır”

Sabina Freyzer: «Hər iki tərəfdə silahın olması müharibədə qələbənin asan başa gəlməyəcəyindən xəbər verir»

«Qarabağda müharibə Rusiyanın təhlükəsizliyi və qonşuları ilə münasibəti baxımından zərərli olacaq»

Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının icraçı direktoru Sabina Freyzerin “Turan”a müsahibəsini ixtisarla dərc edirik.

– Beynəlxalq çağırışlara və ümidlərə baxmayaraq, Azərbaycan və Ermənistan prezidentləri Kazanda razılığa gələ bilmədilər. Niyə belə oldu və nəyə görə ümidlər çox idi?
– Uzun illər ərzində ilk dəfə olaraq ATƏT-in Minsk Qrupu prezidentlərin Kazan görüşündən əvvəl nikbinlik nümayiş etdirirdi. Minsk Qrupu həmsədr ölkələrinin Dovil bəyanatı baza prinsiplərinin aydın versiyası idi və sülh sazişinin hazırlanması üçün balanslaşdırılmış zəmin yaradırdı.
Mən inanırdım ki, mətn üzərində uzun illik işdən sonra, nəhayət, Ermənistanla Azərbaycan arasında kompromisə nail olmaq mümkün olacaq və həmsədrlər tərəflərin qəbul edə biləcəyi formulu tapıblar. Güman edirdim ki, Kazan görüşü hər şeydən əvvəl texniki olacaq, açıq və ya qapalı imzalanma və sənədin açıqlanması mərasimi ilə özünü göstərəcək.
Lakin əgər KIV-də dərc olunanlar düzdürsə və danışıqlar indiki mətn ətrafında aparılıbsa, deməli, biz, mən düşündüyümdən də uzağıq (sülhdən). Üç prezidentin Dovil bəyanatında həmçinin deyilirdi ki, Kazanda Ermənistan və Azərbaycan prezidentləri baza prinsiplərini başa çatdırmaq üçün siyasi iradə nümayiş etdirməlidir. Kazanda bu iradə olmadı. Tərəflər başa düşməlidirlər ki, sülh qurban tələb edir və bu, həmişə münaqişələrin həlli zamanı baş verir. Lakin hazırda bu qurbanı vermək cəhdlərinin olması görünmür.
Bunun əvəzinə Ermənistan və Azərbaycan rəhbərləri öz vətəndaşlarına gələcək müharibədən yaxşı nəticələr vəd edirlər. Halbuki, biz bilirik ki, o, yeni əzablar və dağıntılar gətirəcək.

– Bu yaxınlarda “Nyu-York Tayms” qəzetində dərc olunmuş məqalənizdə qeyd etmisiniz ki, əgər prezidentlər saziş imzalamasalar, beynəlxalq vasitəçilər müharibənin bərpasına hazırlaşmağa başlayacaqlar. Sizcə, saziş əldə olunmadıqdan sonra nələr baş verəcək?
– ATƏT-in Minsk Qrupu bildirir ki, ilin sonunadək baza prinsiplərini qəbul etmək imkanı var. Bundan sonra Ermənistan və həmsədr ölkələr seçkiqabağı dövrə qədəm qoyacaqlar. Odur ki, hazırda sonuncu cəhd edilir. Belə ki, Rusiya XIN rəhbəri Sergey Lavrov regiona gedib və həmsədrlər də yenidən ora gedəcəklər. Biz nizamlanmada irəliləyişə nail ola bilmirik. Lakin düşünürəm ki, Ermənistanda, Azərbaycanda və həmsədr ölkələrdə qarşıdakı seçkiləri nəzərə alsaq,  növbəti illərdə bu, daha çətin olacaq. Odur ki, ilk növbədə status-kvo saxlanacaq, baxmayaraq ki, Azərbaycanda bunu istəmirlər. Kazan görüşü və Dovil bəyanatı bu münaqişəyə beynəlxalq diqqəti artırdı və vəziyyətlə, müharibənin bərpasına dair reallıqlarla bağlı daha çox adam məlumatlıdır. Belə ki, Avropa Parlamenti bu məsələni müzakirə edir, Avropa Ittifaqının ali nümayəndəsi xanım Eşton bununla bağlı bəyanat verərək AI-nin danışıqlar prosesini dəstəkləməyə hazır olduğunu bildirib.
Sentyabrda Avropa Ittifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin ediləcək. Ümid edirəm ki, Piter Semnebidən fərqli olaraq, o, işğal olunmuş ərazilərə gedərək Avropa Ittifaqının problemin həllinə yardım göstərməyə hazır olduğunu nümayiş etdirəcək.

– Nizamlanma prosesində Rusiyanın rolunu necə görürsünüz?
– Bəzi analitiklərdən və müşahidəçilərdən fərqli olaraq, mən indiyədək hesab edirəm ki, Rusiya Dağlıq Qarabağ üzrə sazişin axtarışında müsbət rol oynayır. Şəxsən prezident Medvedev sülh sazişinə nail olmaq üçün saatlarla vaxt sərf edib. Dağlıq Qarabağda müharibə Rusiyanın təhlükəsizliyi və onun qonşuları ilə münasibəti baxımından zərərli olacaq.
Bu, 2008-ci ildə Rusiya-Gürcüstan arasındakı beşgünlük müharibə zamanı baş verənlər kimi olmayacaq. Qarabağda müharibə uzun sürəcək. Rusiya Ermənistanın təhlükəsizliyi ilə bağlı öhdəlik götürüb və onlara bütünlüklə məhəl qoymaya bilməz. Digər tərəfdən, Türkiyə də Azərbaycanın qarşısında oxşar öhdəliklərə malikdir.
Rusiya və Türkiyə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri aldığı bir dövrdə regionda müharibənin baş verməsi onları ayıracaq və hər iki tərəfə olduqca mənfi təsir göstərəcək.

– Regionda müharibə reallığının dərəcəsini necə qiymətləndirirsiniz?
– Ortamüddətli perspektivdə regionda müharibə tamamilə realdır. Silahlanma, cəbhə xəttində gərginliyin artması, hərbi ritorika və danışıqlarda irəliləyişin olmaması yalnız riskləri artırır. Azərbaycanın hərbi xərcləri nəinki Ermənistanın büdcəsini ötüb, hətta son ildə iki dəfə artırılıb. Bəzi ekspertlər hesab edirlər ki, gələcək müharibə qısamüddətli olacaq. Bu, sayıq olmağa çağırır, çünki qaynar başları qızışdırır və müharibənin sülhdən yaxşı olması fikrini gücləndirir.
Eyni zamanda Ermənistan Qarabağ ətrafında mühüm əraziləri və yüksəklikləri tutur. Hər iki tərəfdə silahın olması müharibədə qələbənin asan başa gəlməyəcəyindən xəbər verir.
Inanıram ki, Bakıda və Yerevanda rəhbərlik bütün bunları başa düşəcək. Bu ritorika xalqları çaşdırır və onları  –  erməniləri qoşunların işğal olunmuş ərazilərdən çıxarılması, azərbaycanlıları isə Dağlıq Qarabağa aralıq statusunun verilməsi məsələsində barışmaz olmağa sövq edir.