“Həqiqətləri deyə bilmirsən, heç olmasa sus!”
“Biz hakimiyyəti ittiham edirik ki, niyə bu vətəndaşı əzirsən, məhv edirsən? Bəs sən nə deyirsən, Fikrət Qoca?”
“Mənim müsibətimə sevinirlərsə, vay onun da halına, Anarın da”
Yazıçılar Birliyinin sədri Anarla, yazıçı Şamo Arif arasında yaranan mətbu mübahisəyə xalq şairi Fikrət Qocanın da qoşulması qalmaqalın əhatə dairəsini bir az da böyütdü. Fikrət Qoca “Azadlıq” qəzetində dərc etdirdiyi məqaləsində publisist Mehriban Vəzirin də ünvanına sərt ittihamlar səsləndirmişdi. F.Qoca ilk olaraq M.Vəziri böhtan atmaqda günahlandırmışdı: “Mehriban Vəzirin mənə qarşı ən kobud şəkildə dediyi sözləri necə normal qəbul etmək olar ki, başdan başa böhtandır. Mehriban Vəzir yazır ki, “Fikrət Qoca xalq şairi yox, YAP şairidir. Başa düşürəm Fikrət Qocanın oğlu, qızı vəzifədədir. Bəlkə də başqa asılacağı var”. Bu tip düşüncə tərzinə malik olan adamlar kiminsə səmimi şəkildə əqidəsi olmasına inanmırlar, onlara elə gəlir ki, hər bir mövqe mütləq təmənnalıdır. Yəqin ki, məhz özləri belə olduqlarına görə hamını eyni gözlə görürlər.
Mehriban Vəzirin mənə qarşı kobudluğu ilk dəfə deyil. Anam rəhmətə getmişdi, cümə axşamı Yazıçılar Birliyində keçirilən bir tədbirdə axıra qədər qala bilmədim, tez getdim. Səhərisi gün Mehriban Vəzir qəzetdə yazmışdı ki, Fikrət Qoca niyə iclasdan yarımçıq çıxıb yasa gedir? Yasın qapısı bağlanmayacaq ki…?. Nə yazıçıya, nə qadına yaraşan belə qəddarlıq Allaha da xoş getmir və Allah da bunu cəzasız qoymur. Bir dəfə Anarla söhbətdə mənə qəribə bir şey dedi. Dedi ki, bədxahlarımızın aqibəti ilə bağlı çox nigaranam. Allah gec-tez hamısının cəzasını verir. Bəzən də lap tez verir. Amma mən istərdim ki, hamısı uzun ömür yaşasın, çünki ən böyük cəzaları elə bu cür yaşamalarıdır”.
Bu qalmaqallı açıqlamalardan sonra M.Vəzir də ünvanına söylənilənlərlə bağlı mövqeyini açıqladı: “Fikrət Qoca demişdi ki, bu gün etiraz edən müxalifətçiləri pulla danışdırırlar. Onların ayaqlarının altında var-dövlət var deyə, danışırlar. Mən onun bu sözünə etiraz etmişdim ki, ayıbdır, bu yaşda adam böhtan atmaz. Bu ölkə acından batır. Pensiyaçısı da, tələbəsi də pis vəziyyətdədir. Təhsilin səviyyəsi aşağı düşür, təhsil haqları gündən-günə artır. Bütün bunlardan sonra xalq şairi hər şeyi yaxşı görürsə, demək, o, xalq yox, YAP şairidir. Əgər sözümdə böhtan varsa, beş adam yığışsın, müzakirə etsin ki, mən bu şeyləri yalan deyirəm, Fikrət Qocaya böhtan atıram”.
“Qoy, onlar çirkinləşmiş rejimdə yüz il yaşasınlar”
F.Qocanın M.Vəzirin ona qarşı kobudluğu ilə bağlı ittihamını isə publisist belə cavablandırdı: “Fikrət müəllim, çoxdan olmuş bir hadisəni xatırlatdı. Mən o hadisəni yada salmaq istəyirəm. Həmin gün Yazıçılar Birliyində Həmid Hitqinin xatirə gecəsi keçirilirdi. Həmin gecədə Əbülfəz Elçibəy də iştirak edirdi. Əbülfəz bəyə görə Yazıçılar Birliyinin yetkililəri həmin toplantıya gəlmədilər. Mənim etirazım buna idi. Heç mən onda bilmirdim ki, Fikrət Qocanın anası rəhmətə gedib. Rəhmətə gedib, Allah rəhmət eləsin. Mən hüzürü olan adam haqqında hər hansı xoşagəlməz söz işlədə bilmərəm. Orada dedilər ki, Yazıçılar Birliyinin rəhbərliyi yasa gedib, mən də ona görə o ifadəni işlətdim. Üzərindən neçə il keçib, Fikrət Qoca bunu bu gün xatırladır, özü də yalan fikirlərlə ört-basdır edərək. Daha bir çirkin şeyi xatırladır. Mənim başıma gələn bir müsibətə görə oturub sevinirlər ki, baxın, bədxahlarımız bizim haqqımızda filan şeyləri yazdılar, onların başına belə bir müsibət gəldi. Bunu demək istəyirlərsə, çox ayıb olsun. Qoy, onlar çirkinləşmiş rejimdə yüz il yaşasınlar. Onların övladları da yüz il yaşasınlar. Mənim övladım cəbhədə, sərhəd bölgəsində şəhid olub. Əgər Fikrət Qoca buna sevinirsə və mənim bu müsibətimin Allahın cəzası olduğunu hesab edirsə, vay onun da halına, Anarın da halına. Qoy, elə bu cür şeyə sevinsinlər, başqa şeylərə sevinməyə gücləri çatmasın”.
“Bu sözləri deməkdən yox, deməməkdən ötrü pul alırlar”
M.Vəzirin fikrincə, Fikrət Qoca xalqı, xalqın hansı vəziyyətdə olduğunu hiss etmir: “Sözlərimin Fikrət Qoca üçün mənasız olduğunu başa düşərəm, amma yenə də deyirəm. Fikrət Qocanın nəbzi küçələrdə dilənən qadınların nəbzi ilə bir vurmur. Fikrət Qocanın ürəyi təhsil haqqını verə bilməyən ananın və onun tələbə övladının ürəyi ilə bir vurmur. Heç nəyə etiraz etmir, vəziyyətdən narazı deyil. Mən və mənim kimi düşünən insanlar zorla ona “narazı ol, etiraz et” deyə bilmərik ki. Amma mən onu deyirəm ki, heç olmasa sus, ayıbdır. Bu vətən batır. Bu gəmini bu iqtidar çökdürüb. Sən həqiqətləri görmürsənsə, heç olmasa sus da. Onu görüb etiraz edənlərə ad qoyursan ki, bunları pul danışdır. Sonra da deyirsən ki, Mehriban Vəzir mənə böhtan atdı. Ayıbdır vallah, qoy, mənə desin görək, bunun nəyi böhtandır?
Mən Fikrət Qocanın övladları vəzifədədir sözünü işlətmişəm. Çox dəqiq bilirəm ki, bu iqtidar bizim adlı-sanlı, hörmətli, bütün ömürlərini əzabla yaşamış yazıçıları övladları ilə, çörəklə imtahana çəkir. Bunu mən də bilirəm, cəmiyyət də bilir. Və mən bu adamları qınamıram, qınamaq fikrim də yoxdur. Amma bizə böhtançı deməyin, bizi ittiham etməyin! Çünki sizin ittiham etməyə haqqınız yoxdur. Bizim haqqımız var və biz hakimiyyəti ittiham edirik ki, niyə bu vətəndaşı əzirsən, məhv edirsən? Hiyə insan hüquqlarına riayət etmirsən, niyə Allahı, bəndəni tanımırsan? Bəs sən nə deyirsən Fikrət Qoca? Sən niyə bizi ittiham edirsən? Bizi pulmu danışdırır? Bu sözləri deməkdən ötrü pul almaq lazımdır? Bu sözləri deməməkdən ötrü pul alırlar, asılı olurlar. Bu qədər yalana təəssüf edirəm.
Fikrət Qoca ilə Anar oturub müzakirə etməkdən ki, bu qədər əsgər ölümü var, bu qədər insan həlak olur, bu qədər analar ağlar qalır, bir həmkarımızın – Mehriban Vəzirin oğlu əsgərlikdə qətl edilib, bunun əvəzinə baş-başa verib deyirlər ki, baxın, bizim bədxahımızı Allah necə tez cəzalandırdı. Onların mənəviyyatı, adamlığı budur”.
HƏMÇİNİN OXU
Fikrət Qoca: “Əkrəm gədə-güdələrə qoşulub…”
Xaliq Bahadır: “Anardan… anasınadək”
Şamo Arif Xaliq Bahadıra cavab verdi
Anar Şamo Arifin debat çağırışını rədd etdi
“Anar ermənilər qarşısında susub…”
Şamo Arif Anara qarşı arxiv sənədləri çıxardı