Cinayət törətməmiş cinayətkar

Aylardır fikirləşirəm ki, 2 aprel mitinqinə görə həbs olunmuş müxalifətçilər, dünyanın ən peşəkar cinayətkarı kimi Ginnesin “Rekordlar” kitabına düşməlidir. Bu insanlar öz cinayətlərini o qədər təmiz, heç bir iz qoymadan törədiblər ki, şanlı hakimiyyətimiz aylardır baş sındırır, gecə-gündüz tər tökür, amma zəhrimara qalmış sübut, dəlil tapılmır ki, tapılmır. Bəlkə Bin Ladenin öldürülmə planını Arif Hacılı ilə Sahib Kərimov hazırlayıb, bəlkə Ibrahim Tatlısəsin güllələnməsində Məhəmməd Məcidli ilə Tural Abbaslının əli var. Bəlkə də Yaxın Şərqdə baş verən terror hadisələri birbaşa müsavatçılar və cəbhəçilərin əməyinin nəticəsidir.

Ax, bircə ipucu tapılsaydı.

Bu cür peşəkar cinayətkarlardan biri də AXCP Gənclər Komitəsinin üzvü Elnur Məcidlidir. Elnurun iki aylıq həbs müddətini müqəddəs məhkəməmiz daha iki ay dartıb uzatdı. Bu iki ay ona görə uzadıldı ki, Fəvvarələr meydanındakı bütün obyektlərin şüşələrindən Elnur Məcidlinin əl izlərini, obyektlərin qarşısından ayaq izlərini tapıb, şanlı məhkəməmizə təqdim etsinlər. Sübutsuz, dəlilsiz kiməsə hökm çıxartmaq məhkəməmizin imicinə yaraşmaz axı.

Mən həmişə demişəm ki, bu hakimiyyət, hətta ağıllı yalan danışmağı, ağlabatan şər-böhtan atmağı da bacarmır.

Baxın, Elnura qarşı irəli sürülmüş ittihamı, mitinqə kortəbii çıxan, əyləncə axtaran, heç bir siyasi mənsubiyyəti olmayan bir gəncə qarşı yönəltsəydilər daha inandırıcı, ağlabatan görünərdi.

Axı Elnurun atası uzun illərin cəbhəçisidi, özü bir neçə müddətdi cəbhənin üzvüdür, mitinqlərdə heç bir zorakılıq olmaması, müqavimət göstərilməməsi, təxribata səbəb olacaq hər hansı addımın atılmaması barədə xüsusən də partiyanın ciddi tapşırığının olmasını yaxşı bilirdi.Belə bir gəncin şüşə sındırması, əlli yaşlı kişinin əmzik əmməsi qədər absurddur.
Yəni, cinayət törətməmiş insanın cinayətkar kimi həbsdə saxlanılması, qanuna tüpürmək, məhkəməni çayxanaya çevirməkdir.Bir də ki, bir obyektin şüşəsini qırmaq, həmin obyekti şumlayıb, yerində muzey tikməkdən daha böyük cinayətdirmi? Bir mitinqə çıxmaq, həmin mitinqə çıxanı al qana boyamaqdan daha böyük vəhşilikdirmi?
Bir polisə müqavimət göstərmək, həmin polisin bir qadını zorlamasından daha dəhşətli həqiqətdirmi?
Yox, əgər bu həbslər digər gənclərin gözünü qorxutmağa hesablanıbsa, şəxsən mən bir gənc kimi bütün bunlardan iyrənirəm. Bu cür cılız hisslərlə yaşayan insanların ədalətinə möhtac olduğumuz üçün utanıram.
Bəs sən, ədalətsiz hökm oxuyandan sonra, axşam evə gedib övladının gözlərinə baxanda utanmırsan? 
Mən məhkəmədə ədalətsiz hökm oxuyan hakimlərin vəziyyətini iki cür qiymətləndirirəm. 
Birincisi, bu hökmü oxumaq üçün dəridən-qabıqdan çıxan, başqa hakimləri qabaqlamaq istəyən kəslərdir. Bunlar toyda bəy-gəlinə aş aparmaq üçün bir-birini qıran ofisiantlara bənzəyir. Bəy aş aparana şirinlik verir axı.
Ikincisi, Allaha yalvarıb “ya Rəbbim, bu şərəfsizliyə, vicdansızlığıa imza atmamaq üçün mənə iradə, dözüm ver. Bu hökmü oxumağı mənə tapşırmasınlar” deyən kəslərdir. 

Təsdiqi-inkar qanunu

Bildiyim qədər fəlsəfədə “inkarı-inkar” qanunu var. Amma gülməşəkər hökumətimizin sayəsində siyasətdə təsdiqi-inkar qanununun şahidi oluruq. Baxın, dünyada ikinci elə bir hakimiyyət tapmaq çətindir ki, bir yüksək vəzifəli şəxs çıxıb yoxsulluq səviyyəsinin aşağı düşməsini təsdiq eləsin, digər yüksək vəzifəli ünvanlı sosial yardım alanların sayının çoxalmasını deməklə bunu inkar etsin. 

Dövlətin bir başbiləni Kazan sammitinin yüksək nəticə verəcəyini təsdiqləsin, digər başbilən heç bir nəticə gözləmədiyini bildirməklə bunu inkar etsin. Neftin anasını ağladanlardan biri çıxıb neft istehsalının artdığını təsdiqləsin, neftin atasını mələdənlərdən biri istehsal səviyyəsinin düşməsini bəyan etsin. 

Bir möhtərəm çıxıb “Nabucco” layihəsinin möhtəşəmliyindən danışsın, digər möhtərəm bu layihənin böyük əhəmiyyət kəsb etmədiyini bildirsin.Bir komandada bu qədər “avtoqol” vuran oyunçunun olması, həmin komandanın tezliklə “qırmızı kart” alıb, meydandan kənarlaşdırılacağının göstəricisidir.