Fırıldağın bir ucu yenə Panamada qeydiyyata alınmış şirkətə gedib çıxır
Cəsədi Kürdən tapılan mühasib müdhiş «kredit əməliyyatının» hələ ki, yeganə qurbanıdır…
Azərbaycan Beynəlxalq Bankından külli miqdarda pul vəsaitləri yoxa çıxıb. Məsələ, səhmlərinin 50 faizi dövlətə məxsus olan bankda audit yoxlamaları və hüquq-mühafizə orqanlarının məhkəməyə müraciətlərindən bəlli olub. Bank və dövlət rəsmiləri isə gedən yoxlamaları və hətta həbsləri də ört-basdır etməyə çalışırlar.
“Ümidsiz kreditlər” bataqlığı
Beynəlxalq Bankın internet səhifəsində kredit portfeli haqda məlumatda bu ilin aprelin 1-ə qaytarılma vaxtı keçmiş kreditlərin həcmi 674,7 milyon manat göstərilir. Bu, bankın verdiyi kreditlərin nə az, nə çox – 22.8 faizidir. Mərkəzi Bankın məlumatına görə, aprelin 1-i tarixinə ölkə üzrə vaxtı keçmiş kreditlərin həcmi isə bundan azdır – 539,9 milyon manat.
Iqtisadçı-ekspert Samir Əliyev hökumətin problemi gizlətməkdə maraqlı olduğunu deyir: “Mərkəzi Bankın məlumatına görə, aprelin 1-i tarixinə ölkə üzrə bütün bankların vaxtı keçmiş kreditlərinin həcmi 539,9 milyon manatdır. Halbuki, bu tarixə təkcə Beynəlxalq Bankda belə kreditlərin həcmi 675 milyon manatdan çoxdur. Rəsmi məlumata görə, bütün kreditlərin 6,5 faizinin vaxtı keçib. Ancaq məlum olur ki, yalnız Beynəlxalq Bankda bu rəqəm 8 faizə bərabərdir. Statistik hesablama düzgün aparılsa, ölkə üzrə vaxtı keçmiş kreditlərin həcmi təxminən 15 faizə qalxar. Görünür, hökumətə belə statistika lazım deyil”.
Beynəlxalq Bankdakı vəziyyət beynəlxalq narahatlığa da səbəb olub. Beynəlxalq Valyuta Fondunun bu ilin fevralında Azərbaycana səfər edən missiyası ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədilə bu bankda tənzimləmə proseslərini başlamaq üçün hökuməti təcili tədbirlər görməyə çağırıb.
Bankın internet saytında göstərilir ki, vaxtı ötmüş kreditlərin 103.9 milyon manatı təhlükəli, 81.2 milyon manatı isə ümumiyyətlə, qayıdacağına ümid olmayan kreditlərdir. Bankın tamamilə əlini üzdüyü aktivlərə “ümidsiz kreditlər” deyilir.
Vaxtı ötmüş kreditlərin təqribən üçdə biri – təhlükəli və “ümidsiz” kreditlərin həcminə bərabər məbləğ isə bir adamın – Xəqani Bəşirovun əlindən keçib – istintaq materiallarında belə iddia edilir.
Xəqani Bəşirov kimdir?
50 yaşlı Xəqani Bəşirov geniş əlaqələrə malik azərbaycanlı biznesmendir. Xarici Dillər Universitetinin fransız dili fakültəsini bitirib. Azərbaycan qanunları ikili vətəndaşlığı qəbul etməsə də, Bəşirov həm də Fransa vətəndaşıdır. Ailəlidir, 2 qızı var.
Xəqani Bəşirovun diaspora işində də yaxından iştirakı var. O, Lüksemburq-Azərbaycan Mədəniyyət Cəmiyyətinin yaradıcısı və sədridir. Qurum Lüksemburqda yerləşir.
Azərbaycanda qızıl hasilatı ilə məşğul olan “Anglo-Asian Mining plc” şirkətinin səhmdarlarından biridir (16,5 faiz). O, 1991-ci ildə ilk milli konsaltinq şirkəti “VneshExpertService”i yaradıb (2006-cı ildə “V.E.S. Consultancy LLC” şirkəti adlanıb). Bakı, Gəncə, Moskva, Astana, Tbilisi, Paris, Lüksemburq, London və Toronto şəhərlərində nümayəndəlikləri olan şirkətin rəsmi saytında tərəfdaşlar arasında əksər nazirliklərin, o cümlədən Beynəlxalq Bankın adı keçir.
Yeri gəlmişkən, Beynəlxalq Bank “Anglo-Asian Mining plc” şirkətinin də əsas kredit verənlərindən biridir.
Ümumiyyətlə, bu maliyyə qurumu ilə Xəqani Bəşirovun işgüzar həyatı arasında bağların çoxşaxəli tarixçəsi var. Bu barədə bir az sonra oxuyacaqsınız.
Xəqani Bəşirovun təqsirləndirilən şəxs qismində saxlanması üçün baş prokuror Zakir Qaralovun verdiyi təqdimatda deyilir ki, o, Azərbaycanda və xaricdə yaratdığı çoxsaylı şirkətlər vasitəsilə Beynəlxalq Bankdan 2 il ərzində 185 milyon manat kredit alıb və qaytarmayıb: “Xəqani Bəşirov külli miqdarda pul vəsaitini mənimsəmək məqsədilə, Panama Respublikasında qeydiyyata alınmış və özünün direktoru olduğu ”OCEANSTREAM INC” şirkəti tərəfindən Azərbaycan Respublikasında qeydiyyata alınmış “General Konstrakşn” MMC-nin təsisçilik hüququnu əldə edərək, “Xəzər Menecment Sistems” MMC, “Ceneral Konstrakşn” MMC və həmin cəmiyyətin əməkdaşlarının adına rəsmiləşdirilmiş “Aygün Inşaat”, “Aqora”, “Pərvanə”, “Uni Oyl”, “Alfa Layn”, “Beta Layn”, “Kondor Qrup” və “Siqma Layn” MMC-lər tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən (ABB) qanunsuz olaraq alıb və müəssisələrə kredit kimi rəsmiləşdirilib”.
Xətai rayon məhkəməsi bu təqdimata əsasən Bəşirovun həbsinə sanksiya verib. 5 aylıq həbsdən sonra Bəşirov azad edilib. Həbs üçün əsas verən iddiaların sonrakı istintaqı isə müəmmalarla doludur.
Daha bir şans, daha bir kredit
Vergi istintaqının Xəqani Bəşirova məxsus olduğunu iddia etdiyi “Siqma Layn” şirkəti Beynəlxalq Bankdan sahibkarlığa yardım kreditləri götürmək üçün müxtəlif regionlarda yerli bizneslərlə işbirliyi qurub. Onlardan biri də Kürdəmirdəki Şirə zavodu – “Qelios” MMC olub. 2008-ci il martın 7-də “Siqma Layn” “Qelios”un 50 faiz səhmlərinə sahib olub, lakin səhmlərinin pulunu tam ödəməyib. Sonrakı illər ərzində “Siqma Layn” Beynəlxalq Bankdan “Qelios” MMC ilə birgə biznes adıyla bir neçə dəfə pul alıb, əsas kredit və faizlər üzrə borclarını qaytarmasa da, bank ona kredit verməyə davam edib. Üstəlik, kredit faizində xeyli güzəşt edildiyi görünür – Beynəlxalq Bankın adətən 18-22 faizlə kredit verdiyi deyilir, amma sözügedən şirkət 13 faizlə kredit götürüb.
Beləcə, Beynəlxalq Bankın hər ay (5 ay müddətində) “Siqma Layn”a ötürdüyü pulun, nə əsas kredit borcu, nə də faizləri ödənib. Bu borclar 2010-cu ilin 1 dekabr tarixinə hesablanıb. Bu tarixdə isə şirkətin himayədarı hesab edilən Xaqani Bəşirov hələ həbsdəydi.
2010-cu ildə yoxlamalar dövründə Bank “Siqma Layn”dan və “Qelios” MMC-dən kreditini tələb etməyə başlayıb. “Qelios” MMC isə 1 saylı Bakı Iqtisad Məhkəməsində iddia qaldırıb ki, “Siqma Layn”la müqaviləsinə xitam verilsin. Əsas olaraq da onu göstərib ki, Xəqani Bəşirovun şirkəti bu ortaqlıqdakı payını maliyyələşdirmək üçün kredit alsa da, öhdəliklərini yerinə yetirməyib.
Kürdə batan mühasib
Üç tərəfin pul çəkişməsi bir yana, audit yoxlamalarının qaynar vaxtında şirə zavodunun mühasibinin yoxa çıxması maliyyə çək-çevirinin bir ailənin faciəsinə səbəb ola biləcəyi haqda şübhələr yaradır.
Kürdəmir şirə zavodunun – “Qelios” MMC-nin baş mühasibi Nadir Kərimov aprelin 7-də itkin düşmüşdü, 21 günlük axtarışdan sonra Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları onun cəsədini Kür çayından tapıblar. Bununla əlaqədar Kürdəmir rayon prokurorluğunda cinayət işi açılıb. Ölən mühasib Nadir Kərimovun ailəsi şikayət ərizəsində yazıb ki, onu öldürüb Kürə atıblar.
Mərhumun oğlu Kərim Mehdiyev “simsar.az” saytına deyib ki, atasının şirə zavodunun rəhbərliyilə münasibətlərində problem olub: “Vergilər Nazirliyindən zavodu yoxlamağa gəliblər. Zavodun icraçı direktoru vəzifəsində çalışan Zabit adlı şəxs aprelin 7-də evdən atamla birlikdə çıxıb. Ondan sonra atam evə qayıtmayıb. Kür çayı bizim kənddən çox uzaqda yerləşir. Atam nə balıq tutandır, nə də qışda çimmək kimi vərdişi olub. Atamı öldürüb Kürə atıblar”.
Kürdəmir rayon prokurorluğu istintaq başa çatmayınca işlə bağlı heç bir məlumat verməyəcəyini bildirir. Ölümlə bağlı istintaq isə hələ davam edir.
Deputat Fərhad Qəribovun mətbuata dediyinə görə, “Qelios” MMC onun qohumlarına məxsusdur. MMC-nin şərab, şirə istehsalı kombinatının açılışını 2008-ci ildə Ilham Əliyev edib. Amma müəssisəni işə salmaq üçün nə qırmızı lent, nə də Beynəlxalq Bankın “Siqma Layn” şirkətinə verdiyi kredit yetərli olub. Maliyyə çatışmazlığı üzündən zavod istehsalı dayandırıb.
Beynəlxalq Bankın auditi ilə məşğul olan qurumlardan birindəki mənbə bu bankın kreditlərinin böyük bir hissəsinin oxşar ssenari üzrə mənimsənildiyini iddia edir. Mənbə yoxlamaların ölkə prezidentinin təşəbbüsü ilə başlandığını bildirir.
Audit zamanı Xəqani Bəşirovun bankdan aldığı kreditlər hesabına həyata keçirilən tikinti layihələri də yoxlanıb. Bakıda, Şəkidə, Mingəçevirdə, Sumqayıtda və digər şəhərlərdə sərmayə qoyulan layihələrin smeta dəyərləri yoxlanılarkən, xərclərin 40-60 faizinin şişirdilərək silinməsi aşkarlanıb. Bir neçə nəfər həbs olunub.
Sirli audit
Maraqlıdır ki, audit aparan qurumların rəsmiləri bu məlumatı gizlədir. Auditin aparıldığı barədə məlumatları Beynəlxalq Bankda danıblar, Vergilər Nazirliyində, Baş Prokurorluqda “Azadlıq” radiosunun suallarını “istintaq sirri” və “kommersiya sirri” bəhanəsi ilə cavabsız qoyublar.
Lakin mənbə istintaqın, əsasən, qeyri-rəsmi aparıldığı, amma artıq bir neçə məhkəmə işi üçün məlumat toplandığını bildirib. Onun sözlərinə görə, artıq Xəqani Bəşirova məxsus şirkətlərə borc götürülən məbləğlərin bir qismini ödətdirmək mümkün olub. Ümumiyyətlə, məhkəmələrin internet səhifələrindəki iclas cədvəllərinə əsasən demək olar ki, Beynəlxalq Bank paytaxtın əksər məhkəmələrində çoxsaylı çəkişmələrdə kreditlərini geri tələb etməklə məşğuldur.
Onların arasında Bəşirovun payçı, ya sahib olduğu şirkətlər xüsusi yer tutur.
Necə olub ki, Beynəlxalq Bank bir adama bu qədər kredit verib. Ümumiyyətlə, Beynəlxalq Bank kimə bu qədər pulu etibar edə bilər? Əksər ekspertlər deyir ki, yaxından tanıdığı müştərisinə.
Beynəlxalq Bank Idarə Heyətinin sədri Cahangir Hacıyev və Xəqani Bəşirovun adı bir neçə mənbədə əməkdaşlıqda keçir. Beynəlxalq Bank Bəşirova məxsus bir neçə şirkətin rəsmi partnyorudur. “Intelligenceonline.com” saytı yazır ki, Xəqani Bəşirov və Beynəlxalq Bank Vaşinqtonda yerləşən eyni lobbi şirkətinin də xidmətlərindən istifadə edir.
Bundan başqa, Hacıyev və Bəşirov eyni illərdə Xarici Iqtisadi Əlaqələr Nazirliyində çalışıblar. Həmin dövrdə onlarla birgə XIƏN-də işləmiş, Xaqani Bəşirova məxsus “General Construction” MMC-nin direktoru, “Vneşekspertservis” şirkətinin əməkdaşı Dünyamin Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş Xəlilovun Bəşirovla birgə işlədiyi “General Construction” MMC də Beynəlxalq Bankdan kredit alıb qaytarmayan şirkətlərdəndir.
Əlaqələr bununla da bitmir. Bəşirovun direktoru olduğu “Vneşekspertservis” şirkətinin başqa bir əməkdaşı – maliyyə məsələləri üzrə direktor Vəli Kərimov isə Beynəlxalq Bankda Müşahidə Şurasının üzvüdür.
Məsuliyyəti kim daşıyır?
Beynəlxalq Bank “Azadlıq” radiosunun 185 milyon manatın mənimsənilməsi barədə sorğusunu cavablandırmır. Mətbuat xidmətindən mənimsəmələr barədə ittihamlardan məlumatsız olduqlarını bildirirlər. Bankın sözçüsü yoxlamaların aparılmadığını, bankda heç kimin məsuliyyətə cəlb edilmədiyini deyib. Hətta ona konkret məhkəmə işləri barədə məlumat veriləndən sonra da.
Ekspertlərin fikrincə, Beynəlxalq Bankdakı kredit böhranı ölkə iqtisadiyyatına ciddi zərbə ola bilər. Azərbaycanın bank sisteminin az qala, yarısı Beynəlxalq Bankın payına düşür. Ölkə banklarının cəmi aktivlərin 41,6 faizi Beynəlxalq Banka məxsusdur. Ölkə üzrə kredit portfelinin 41 faizinə, depozitlərin isə 36 faizinə bu bank nəzarət edir.
Şəki – “ümidsiz kreditlər şəhəri”
Bankın ümidsiz kreditlərinin həcminə görə seçilən daha bir şöbəsi isə Cahangir Hacıyevin əslən mənsub olduğu Şəki şəhərində yerləşir – 47 milyon 581 min 642 manat.
Audit aparan qurumdakı mənbə bildirir ki, bankın kreditləri ilə bağlı yoxlamaların çoxu başa çatıb. Auditin ilk vaxtlarında müfəttişlərdən diqqətlə yoxlamaq tələb olunsa da, son dövrlərdə entuziazmı bir qədər azaltmaları tapşırılıb. Elə nəticə ilə bağlı gözləntilər də səngiyib. Ekspertlər etibarsız müştərilərə himayədarlığın hər hansı qanuni əsası olmadığını deyirlər.
Xəqani Bəşirovun Azərbaycan Beynəlxalq Bankından aldığı kreditləri təkbaşına mənimsədiyi, yaxud kiməsə ötürdüyü barədə məlumatlar hələ məhkəmə qərarı ilə təsdiqlənməyib. Bəşirovun özünün, yaxud nümayəndələrinin məsələlərə aydınlıq gətirməsi üçün “Azadlıq” radiosunun cəhdləri nəticəsiz qalıb. Onun vəkili Telman Qasımov sualları cavablandırmaqdan imtina edib, iş yerində isə patronun tez-tez xaricdə olduğunu, Bakıda olanda özünün əlaqə saxlayacağını bildiriblər.
Məhkəmə sənədlərində Beynəlxalq Banka pul “atdığı” iddia edilən şirkətlərə dövlət əhəmiyyətli layihələr tapşırılıb. Məsələn, Bəşirova aid “Xəzər Menecment Sistems” Şəki və Sumqayıtın elektrik təchizatı, şüşə istehsalı ilə məşğuldur. Şəki, Qazax və Zaqatala şəhərlərində olimpiya idman kompleksləri, Zaqatala şəhərində çoxfunksiyalı stadion, Qusar şəhərində olimpiya idman kompleksi, Əli-Bayramlı şəhərində pambıq təmizləmə zavodu, Şəki şəhər su-elektrik stansiyasının tikilməsi “General Construction” MMC-yə (“Genercon”) həvalə edilib. “Genercon” hazırda “Globus Plaza”, “Intəpə” və “Füzuli Residence” yaşayış kompleksləri üzərində iş aparır.
Bəşirovun məhkəmə sənədlərində qeydiyyat ünvanı kimi göstərilən yerə baş çəkmək də faydasız olub, qonşuların dediyinə görə, o ünvanda yaşayış yoxdur. Bəşirovun hazırda ölkədə olub-olmadığını öyrənmək də mümkün olmayıb. Bircə o məlumdur ki, haqqında 2010-cu il sentyabrın 12-də həbs qərarı seçilən və hələ də qüvvədə olan Xəqani Bəşirov 2011-ci il yanvarın 17-də azadlığa buraxılıb. Hansı əsasla? Bu barədə Ədliyyə Nazirliyindən bir məlumat almaq mümkün olmayıb. Ədliyyə Nazirliyində şəxsi məlumatların verilmədiyini bildiriblər.
Yoxlamaların qızğın çağında cəsədi Kürdən tapılan mühasib Nadir Kərimov isə böyük maliyyə maxinasiyası ilə bağlılıq ehtimalı olan, hələ ki, yeganə qurbandır.
HƏMÇİNİN OXU
Beynəlxalq Avtovağzalın sahibi Vircin adalarından çıxdı