Prezidentə məktub

Panama – o, təkcə gündən qorumaq üçün deyil

“Mən hər bir azərbaycanlının prezidentiyəm” – siz and içəndə belə bir söz işlətmişdiniz. Düzü, bilmirəm o sözü prezident andından oxumuşduz, yoxsa bədahətən demişdiz. Hər bir halda dövlət başçısı kimi sizin dilinizdən səslənmişdi. YAP-çılar da elə hey bunu təkrarlayır, adamların gözünə soxurlar. Baxmayaraq ki, siz bundan çoxdan imtina etmisiz. Əməli fəaliyyəti nəzərdə tuturam.

Gərək ki, ötən il idi, xəbər yayıldı ki, 13 yaşlı oğlunuzun adına Dubayda villa var. 13 yaşında adamın belə varidata sahib olmasını yəqin siz də ciddi qəbul etmirsiz. Bu yaşda uşağın qayğıları başqa olur. Futbol, basketbol, gitara çalmaq, oxumaq, oynamaq. Oğlan uşaqları üçün bu yaş cinsi yetişkənlik dövrü də sayılmır ki, deyəm başqa iddiaları var. Elə bu yaşda əmimin nəvəsi var, yeri gəlmişkən, onun da adı Heydərdir. Amma sizin Heydərə və Heydərizmə qəti dəxli yoxdur. Sadə kənd uşağıdır, başqa həmyaşıdları kimi sonsuz arzuları olsa da bu arzuların, demək olar, heç biri atasının cibi ilə uyğun gəlmir. Bu uşaq artıq 5 ilə yaxındır atasından velosiped istəyir, bütün bu yaşda olan uşaqlar kimi, amma atası onu ala bilmir, bütün bu yaşda olan əksər atalar kimi. Lap tam aydın olması üçün deyim ki, o uşağın Dubay nədir, Bakıda villası olmaq yatanda yuxusuna da girmir. Bəs onda bütün azərbaycanlıların prezidenti olmaq nə deməkdir? Niyə o uşağın atası bir velosipedi, sizin oğlunuzun adına olan Dubay villasının dəyərindən ölçüyəgəlməz dərəcədə ucuz arabanı ala bilmir?

Niyə prezidenti olduğunuz Heydərlərin hamısı yaxşı yaşamır? Bir qonşum var, onun da adı Heydərdir. Avtobus sürür. Tez-tez dərdini mənə danışır. Sürücü kimi olmazın əziyyət çəkir. Təkcə işdən yox, həm də qanunsuzluqdan. Nəqliyyat Departamenti adlı bir qurum onlara qan uddurur. Amma nə olsun. Onun kimi yüzlərin, minlərin sözünü, şikayətini eşidən yoxdur. Yəqin bütün bunların heç sizə də dəxli yoxdur…

Bu yaxınlarda oxudum ki, qızlarınız Leyla və Arzunun adına Panamada şirkətlər var və o şirkətlər Azərbaycandakı “Nar-mobile”nin təsisçiləridir. Onlara əlverişli biznes mühiti yaradılıb və qızlar heç bir tender olmadan Azərbaycanın mobil rabitə bazarına giriblər. Hələ üstəlik, bu bazarda illər öncə fəaliyyət göstərən şirkətlərdən də “qabağa” gediblər. Azərbaycanda qısa zamanda hər hansı yüksək səviyyəli dəstək olmadan biznesdə uğur qazanmaq mümkündürmü? Hər bir azərbaycanlının prezidenti olmağa and içən şəxs, həm də biznes adamı kimi siz bunu məndən yaxşı bilirsiz. Ölkədə nə qədər Leyla var? O Leylaların da yaxşı, insan kimi yaşamağa haqqı yoxdurmu? Böyük şirkət, hansısa adada villa, bank hesabları onlara heç gərək də deyil. Amma doğma vətən olan Azərbaycanda yaxşı yaşamaq və bu vətənin sərvətlərindən faydalanmaq onların haqqıdır. Məsələn, Arzu adlı qohumum qarşılaşdığı ədalətsizliklərdən, qanunsuzluqlardan intihar həddinə çatıb. Amma sizinkilər şəkillərdə çox xoşbəxt görünürlər…

Əfqanıstanda qəzaya uğrayan, yaxud partladılan (“Taliban” məsuliyyəti öz üzərinə götürüb) təyyarə də qızınıza məxsus “Silk Way” şirkətinindir. Məlumat üçün deyim, yəqin xəbəriniz yoxdur, əslində “Azal”ın adı qalıb. Hava limanında sərnişinlərin yüklərinin, hətta paketləmə işini də “Silk Way” yerinə yetirir. NATO-nun yüklərinin daşınması kimi bir işin də bu şirkətə həvalə olunması da çox şeydən xəbər verir. Ölkədə “Silk Way”-dən də qabaq yaranmış çox sayda aviaşirkətlər var, var idi. Onların bir çoxu müflis olub, sıradan çıxarılıb. Amma bazara dünən girən “Silk Way” əhatə dairəsini genişləndirməkdədir. Beləmi olur vətəndaşlara, iqtisadiyyata qayğı? Bəlkə sahibsiz vətəndaşlar özlərinə prezident tapmaq qayğısına qalsınlar?!