Əlahəzrət keçən həftə olmayan diasporun inkişafında xidmətlərinə görə xeyli adamı təltif etdi. Mətbuat təltif olunanlardan ikisinə xüsusi diqqət ayırdı. Bunlardan biri kralın qızı, digəri Kəmaləddinin oğlu oldu. Biz bunların bir tərəfdən ölkəni talan, digər tərəfdən də özlərini təltif etmələrinə adətkərdəyik, ona görə də mən tamamilə başqa bir təltif olunan barədə danışmaq istəyirəm.
Söhbət Rusiyanın Ulyanovsk şəhərindəki Azərbaycan Diasporunun (əsl adı ilə desək, YAP-ın Ulyanovsk rayon təşkilatının) sədri Islam Rövşən oğlu Hüseynovdan gedir. “Xural” qəzeti son sayında bu barədə yazıb, mən də öz növbəmdə bu mövzunu tirajlamağa, məsələni geniş araşdırmağa ehtiyac gördüm. Məsələ burasındadır ki, Ilham Əliyevin “Tərəqqi” ordeni verdiyi Islam Hüseynov haqqında ötənlərdə ölkə mətbuatında çeşidli iddialar səsləndirilib. Iddiaların inandırıcılıq yükü çoxdur, çünki onların arxasında hansısa mücərrəd, təyinatsız, ümumi ittihamlar dayanmır, konkret aylar, illər, şəxs və yer adları göstərilir.
Əliyevin vətəndaş məktublarını oxumamasının axırı
Haqqında danışılan iddialardan ən ilginci barəsində danışılan “diaspor” sədrinin adının 1994-cü ildə bir dəhşətli qətl olayında keçməsidir. Hətta bu barədə Goranboy rayon sakini Vasif Samit oğlu Mərdanov vaxtilə Ilham Əliyevə şikayət məktubu da yazıb. Həmin şikayət məktubunda göstərib ki, Islam Hüseynov 1994-cü ildə Gəncədə, şəhər sakini Hüseynov Həmzə Rza oğluna qəsdən ağır bədən xəsarəti yetirib, ürəyi bununla da soyumayıb, onu Samux rayonu ərazisinə aparıb və yenə də şikayətçinin yazdığına görə, üzərinə benzin tökərək diri-diri yandırıb.
Bir daha deyirəm: bu, sıradan bir suçlama, yaxud qarayaxma deyil. Arxasında fakt yatır! Fakt da ondan ibarətdir ki, “Islam Hüseynov barəsində Gəncə şəhər Prokurorluğu qəsdən adam öldürmə maddəsi ilə 28.09.1994-cü il tarixdə 63175 saylı cinayət işi başlamışdır. O isə törətdiyi əməldən sonra Azərbaycanı tərk edərək, Rusiya Federasiyasının Ulyanovsk şəhərində qaçıb gizlənmişdir. 07.10.1994-cu il tarixdə onun barəsində axtarış elan edilmişdir”. (Bax linkə: http://www.tezadlar.az/index.php?type=xebergoster&id=16081).
Amma aradan keçən 17 ildə Islam Hüseynovu axtarıb tapa bilməyənlər necə olubsa, onu tapıblar da, “diasporun inkişafındakı xidmətləri”ni öyrəniblər də, üstünə üstlük, bir də “Tərəqqi” medalı veriblər.
Biz deyəndə ki, Ilham Əliyev vətəndaşların şikayətini oxumur, yaptokratlar əsəbləşirlər. Kral həzrətləri vətəndaşların şikayətini oxusaydı, Ulyanovskdakı “Azərbaycan diasporu”nun sədrinin adı ətrafında hansı iddiaların dolaşdığından xəbəri olar və bu gün çətin vəziyyətdə qalmazdı. Üstəlik, möhtərəmin qəzet oxumamasının da məntiqi nəticəsidir bu. Əliyev mediaya diqqətlə, həssas yanaşsaydı ən azı müxtəlif vaxtlarda mətbuatda Islam Hüseynovun 2004-cü ildə Ulyanovskda da adam öldürmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb edildiyi barədə xəbərlərin getdiyini bilər və qalmaqallı bir təltifə imza atmazdı.
Doğrudur, olmayan diasporun “inkişafındakı xidmətlərə görə” təltifin özü artıq bir skandaldır, amma etiraf edək ki, yuxarıda yazdıqlarımız işin rəngini daha da tündləşdirir.
Və sonda:
Ortaya çıxan bu təltif qalmaqalına ciddi heç bir reaksiya gözləmirəm. Şübhələrin aydınlanacağına, yaranan sualların cavablanacağına da heç bir ümidim yoxdur. Çünki hər şey olacağına varır. Bu rejimin özünün kriminal mahiyyəti imkan verir ki, adı cinayət işlərində keçənləri cəzalandırmaq yerinə, mükafatlandırsın. Ən əsası isə ölkədə kriminal çiçəklənmə, tərrəqi yaşanırsa, bunun “Tərəqqi” medalına yansımasından normal nə ola bilər ki?
Mən, hətta dünən Xaçmazda çılpaq qız şəklinə görə 24 yaşlı oğlanın boğazını kəsən Şakir Məmmədov adlı rayon sakininin də “Şöhrət” medalı ilə təltif edilməsini gözləyirəm. Illər əvvəl qətl törətmiş bir şəxsi “diasporun inkişafında xidmətlərinə görə” “Tərəqqi” medalı ilə təltif edirsinizsə, Şakir Məmmədova niyə “regionların sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə” “Şöhrət” ordeni verməyəsiniz ki?