Ilham Əliyevin beş addımlığında…

“Sordum əhvalımı eşqində münəccimlərdən,

Baxdılar tale evinə, dedilər, qan görünür…”.

Əlimdə inişilin aprel ayının intihar statistikası var: əksəri (21 nəfər) kişilər olmaqla cəmi 38 nəfər… qadın, ahıl, uşaq… Bu rəqəm hələ rəsmi statistikaya və inişilə aiddi. O gündən bu günə ölkəmizdəki inkişaf “analoqsuz”luqdan “fenomenal”a çevrilibsə, deməli, intiharlar da əlhəmdülillah…Kimi özünü yandırır, kimi ailəsi ilə birlikdə evinə od vurur, kimi boğazına ip atır, kimi damarını kəsir…

Bu il yanvarın birinci yarısında 30 yaşlı Elvin Əsgərovu Çevik Polis Alayının polisləri amansızcasına döyərək qətlə yetirmişdi. Rəhmətlik gəncin eybəcər hala salınmış bədəninin şəkillərinə baxanda adamın qanı donurdu. Hətta başı əzik-üzük edilərək öz təbii formasını itirmişdi. Səbəb çox sadəydi – gənclər küçədə ucadan danışırmışlar. Polislərin söyüşlərinə isə dözməyib cavab vermişdilər. “Mən iqtidar adamıyam və inanıram ki, yuxarıdakılar bu işi araşdıracaq və günahkarları cəzalandıracaq”, – polisin işgəncə ilə öldürdüyü Elvin Əsgərovun anası Roza Rəfiyeva bildirərək, oğlunun da YAP üzvü olduğunu əlavə etmişdi. Heç bilmədim o işin axırı necə oldu. 

***

Şəkinin xırda ticarət adamı, 1952-ci il təvəllüdlü Hikmət Səlimov isə… özünü şəhərdən Qoxmuq kəndinə gedən yolda, Kiş çayının üzərindəki 15-20 metr hündürlüyü olan körpüdən atmışdı – hadisə yanvarın sonunda baş vermişdi. Onun illərlə fəaliyyət göstərən dükanını buldozerin ağzına verib uçurmuşdular. Ailəsinin yeganə dolanışıq mənbəyinin kəsildiyini görən və bu ədalətsizliyə dözməyən Hikmət bezərək canına qıymışdı.

***

Başqa bir Elvin – Elvin Əsgər oğlu Qasımov – Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin ikinci kurs tələbəsi fevralın 16-da universitetin yataqxanasındaca intihar etmişdi. Yoldaşları bir ağızdan Elvinin “Anatomiya”nı gözəl bildiyini deyirmiş. Ancaq o, bu hakimiyyətin, bu cəmiyyətin anatomiyasından baş çıxara bilmirmiş. Və buna görə də yaşamaqda bir məna görmədi. Mərhum tələbə kəsirlərini silmək üçün 500 manat civarında rüşvəti universitetə – müəllim adlı əzrayıllarına çatdırmalı imiş. Çatdırammadı. Dadına əcəl çatdı. 

***

Bərdənin Qasımbəyli sakini Cəmaləddin Paşayev aprelin 19-da özünü yandırdı, daha doğrusu, onu özünü yandırmağa təhrik elədilər, hətta polis zabiti söyüş qoydu: “Yandırmayanın var yoxunu…” – 23-də isə həlak oldu – 5 saylı xəstəxanada. Dövlət başçısının yolunun üstündə, beş addımlığında.

***

Xaçmaz rayon icra başçısının müavini Azər Haqverdiyev isə iyunun 19-da, haqqını tələb elədiyinə görə vətəndaş Eldar Şıxəliyevi komaya düşənədək döyüb xəstəxanalıq eləmişdi. Sonradan “Semaşko”da yatırmışdı ailəsi. Azər Haqverdiyev döydüyü şəxsin ailəsinə uzun bazarlıqdan sonra 1500 manat verib. Susma haqqı. Əliyev rejimi üçün vətəndaşın ən insaflı qiyməti elə budu – 1500 manat. Bu gün oxuyuram ki, Eldar bəy rəhmətə gedib. 1500 manat ehsanına xərclənəcək. Indi o, əbədi susacaq.

***
Hörmətli diplomat Turqut Ər “Azadlıq”a müsahibəsində kürd məsələsindən danışanda deyib: “Şübhəniz olmasın ki, Azərbaycanda kürd məsələsinin olduğunu qabardanların arxasında çox iri fiqurlar dayanır. (…) günün birində Ilham Əliyevin beş addımlığından gələn təhdid onu ayıldacaq, amma o zaman ayılmağın heç bir nəticəsi olmayacaq…”.
Təkcə bu yox, hər şey – bütün sadaladıqlarım Əliyevin beş addımlığında – keçdiyi yolların qırağında, körpülərin üstündə, 5 saylı xəstəxanada, kəsdiyi lentlərin baş ucunda baş verir və baş verənlərdən heç birinin dayanmaq ehtimalı görünmür. Çünki Əliyevin beş addım o yana baxmaq fikri yoxdu. Beş addım o yanda isə… “qan görünür”.