Milli maraqlardan kənar düşəndə…

Bir vaxt vardı Bakıda insanlar “cənub” sözü ilə oturur, “cənub” sözü ilə də dururdular. Ən populyar ideya idi. Hətta bir çoxu güman edirdi ki, bizi ikicə yerə bölən, iki əsrlik nisgil yaradan problem də lap yaxın vaxtlardaca, bəlkə də bir neçə ilə çözüləcək. Yəqin, nədən bəhs etdiyimi başa düşdünüz. Bəli, söhbət cənub problemi haqdadır. Amma mən indi eşidirəm ki, azərbaycanlı dispor təşkilatlarının 3-cü qurultayına dəvət almış təxminən 800 nəfər insan arasında cənublular yox imiş. Mən hələ də buna inana bilmirəm.

Hə, ən çox azərbaycanlı Iranda yaşayır. Bunu hamı bir nəfər kimi bilir. Necə ola bilər ki, dünya azərbaycanlılarının qurultayı keçirilsin, amma cənublular ora dəvətli olmasınlar!? Doğrudan da absurddur! Bəli, real siyasət, dövlət həmişə özünə məxsus məhdudiyyətlər cızır, dövlət adamları istədikləri qədər də sərbəst ola bilmirlər, bunu bilirik. Amma göydə Günəşi də danmaq olmaz axı! Əgər bu dəvətə görə Iran bizdən narazı qalacaqdısa, qoy qalsın! Bu, onun özünün problemidir. Rusiyanın xətrinə dəymə, Iranın xətrinə dəymə! Budurmu, bizi birləşdirən “müstəqil siyasət?”. Iran heç bir dövlətin siyasətinə təsir etmək iqtidarında deyil, onu hətta ciddi bir dövlət kimi də qəbul etmirlər. Amma o da həqiqətdir ki, Iran heç kimin də olmasa, bizim siyasətimizə kifayət qədər təsir edir, onun bir dövlət kimi varlığını ancaq biz hiss edirik.

“Biz” deyəndə təbii ki, söhbət bu hakimiyyətdən gedir. Mən belə halı hələ bir neçə il qabaq görürdüm. Məsələ bundadır ki, bu hakimiyyətin siyasətini bölüşənlər də var və onlar da az deyil. Səbəb? Maraqlar! Hələ proseslərin lap əvvəlində aydın idi ki, bu ölkədə də öz maraqları olan bir “elita” yaranacaq və onlar rusların dediyi kimi, həqiqətən də “cənubluların ayaqları altında qalmaqdan” ehtiyat edəcəklər. Bəli, belə elita artıq formalaşıb, onun öz siyasi və iqtisadi marağı var. Ən maraqlısı budur ki, Iran siyasəti bizə münasibətdə həmişə hücum və təzyiq notundadır, biz isə daim müdafiə olunuruq. Iran axı nə istəyir? Bizləri həmişə zəif və müdafiəsiz görmək! Bizsə həmişə onları mehriban təbəssüm ilə qarşılayır, dost kimi yola salırıq. Amma Iran bizim dostumuzdurmu? Mən sualın cavabını hakimiyyətdən eşitmək istərdim. Amma eşitdik. Cəmi dünya azərbaycanlıları sırasında cənublulara yer tapılmadı! Bunu da milli mənafe tələb edir? Bəlkə də bu detalın özü bu hakimiyyətin maraqlarının milli hədəf və maraqlardan nə qədər uzaq düşdüyünü göstərən ən canlı misaldır. Onlar tamam başqa çevrə hüdudlarında düşünürlər. Bəli, çevrələr, çevrələr! Özü də “müstəqil siyasət”də! Bəli, ancaq bir subyektə – öz millətinə münasibətdə bunlar üçün çevrə mövcud deyil, külli-ixtiyar sahibidirlər!

Bu dəfə də alınmasa…

Deyirlər ki, bu ilin sentyabrına qədər AB ilə assosiativ üzvlük haqda saziş imzalana bilər. Amma mən o qədər də ümidli deyiləm, çünki bizim Avropa ilə işimiz heç vaxt düz gətirmir. Ya iki yüz il bundan əvvəl M.F.Axundzadənin pyesində olduğu kimi, dərviş Məstəli şah Parisi partladır və Şahbaz Parisə gedə bilmir, ya da indi olduğu tək, Yunanıstan iqtisadi böhran içindəcə üzür və hakimiyyət adamları da bunu göstərib deyirlər ki, görün, Avropa nə günə düşüb, deməli, biz yaxşı edirik ki, onunla məsafə saxlayırıq! Hə, bu, olduqca qəliz məsələdir. Amma mən çox istərdim ki, bu saziş imzalansın, çünki onu çox gözləmişik. Ona görə ki, bu saziş konkret islahat tələblərilə şərtlənəcək və bəlkə bu dalğada bir neçə ciddi islahat mümkün olacaq. Bəzən deyirlər ki, Cənubi Qafqaz ölkələrinin AB-yə tam üzvlüyü heç uzaq perspektivin də məsələsi deyil. Amma mənə elə gəlir ki, bu, real ola bilər, çünki iqtisadi və demoqrafik göstəricilər fərqlidir, üç Qafqaz respublikasının əhalisi, hətta 20 milyon nəfəri ötmür. Hakimiyyət bu prosesi ləngitməyə və onu maksimum tormozlamağa cəhd edir. Amma nahaq! Ona görə ki, AB böyük geoiqtisadi layihədir, böyük güclərin onun tam reallaşmasında ciddi maraqları var. Elə bu səbəbdən, AB-nin genişlənməsi labüddürsə, o mütləq baş tutacaq, heç şübhəniz olmasın…