Azərbaycan Belarusa niyə sərmayə yatırır?

Bu ölkənin baş naziri Bakı səfəri zamanı belə bir təkliflə çıxış edib

Rövşən Ağayev: «Azərbaycan hakimiyyəti dövlətdən çox, məmurların maraqlarına xidmət etməklə məşğuldur»

Beynəlxalq aləmin iqtisadi və siyasi sanksiyaları ilə üz-üzə qalan Belarus düşdüyü vəziyyətdən çıxmaq üçün Azərbaycandan kömək gözləyir. Xatırladaq ki, bir müddət əvvəl Rusiyaya qaz borcunu ödəmək üçün Minsk Bakıya üz tutmuşdu. O zaman Azərbaycan tərəfi qısa zamanda Belarusa 200 milyon dollar vəsait ayırdı.
Bu ölkənin baş naziri Mixail Myasnikoviçin Azərbaycana səfəri ərəfəsində onun yenidən borc dalınca gəldiyi bildirilsə də, baş nazir pul yox, ölkəsinə sərmaye qoyulmasını istəyib. Baş nazir Azərbaycanı Belarusun maliyyə bazarında iştiraka çağıraraq, eyni zamanda banklardan birini almağı təklif edib. Qərbin sanksiyaları ilə üz-üzə qalan, hətta vaxtilə yaxın müttəfiq olduğu Rusiya ilə münasibətləri korlanan Belarusun yaxın zamanda böhrandan çıxacağını gözləmək olmaz. Bu ölkədə baş verən proseslər də bunu deməyə əsas verir. Belə olan halda Azərbayjanın Belarusa sərmaye qoyması nə dərəjədə məqsədəuyğundur və bu addım ölkəmizə nə vəd edir?
Iqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, iqtisadi baxımdan beynəlxalq təzyiq altında olan Belarusa investisiya qoyuluşu ilk növbədə siyasi baxımdan qiymətləndirilməlidir. Lakin ekspert Belarusda hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə, xarici investisiyaların təhlükə ilə üzləşməyəcəyini deyir: “Belarusda siyasi hakimiyyət dəyişikliyi reallaşacağı təqdirdə orda hakimiyyətdə təmsil olunan şəxslərin korrupsiya yolu ilə topladığı kapital üçün ciddi problemlər yarana bilər. Amma əgər xarici kapitalın mənşəyi təmizdirsə, investisiya qoyuluşunda qanunvericilik tələblərinə uyğun əməl olunubsa, bu baxımdan ciddi problem yoxdur”.
Azərbaycan hakimiyyəti ilə Belarus hakimiyyəti arasında kifayət qədər ciddi əlaqələrin olduğunu deyən ekspert bir müddət əvvəl bu ölkəyə qanunvericilik tələbləri gözlənilmədən 200 milyon dolların verildiyini də xatırlatdı. Bu baxımdan ciddi təzyiq altında olan Belarus hakimiyyətinə rəsmi Bakının isti yanaşdığı göz qabağındadır.
R.Ağayevin sözlərinə görə, Azərbaycanın Belarusa sərmaye yatırması zamanı qanunvericiliyin tələbləri pozulmayacaqsa, beynəlxalq şərtlər gözləniləcəksə, burda heç bir problem olmamalıdır. Lakin Azərbaycan hakimiyyəti bir çox hallarda öz maraqlarından çıxış edir, dövlətdən çox, məmurların maraqlarına xidmət etməklə məşğuldur: “Gürcüstan demokratikləşmə kursu götürmüş ölkədir. Ancaq Azərbaycan hakimiyyəti Gürcüstan hakimiyyəti ilə də dil tapıb, bu ölkəyə öz maraqlarına uyğun investisiyalar qoyur. Əslində, önəmli olan hansısa ölkə deyil. Əsas odur ki, Azərbaycan hakimiyyəti investisiya siyasətində dövlətin maraqlarını güdür, yoxsa ayrı-ayrı məmurların”.

Fizzə