Altı ayda 5 nəfər işgəncəylə öldürülüb

Elçin Behbudov: «Ötən ilin müvafiq dövrü ilə müqayisədə işgəncəylə bağlı müraciətlərin sayı artıb»

Işgəncələrə Qarşı Azərbaycan Komitəsi 2011-ci ilin birinci yarısı üzrə hesabatını açıqlayıb. Qurumun rəhbəri Elçin Behbudov bildirib ki, bu ilin 6 ayı ərzində komitəyə işgəncə və qeyri-insani rəftarla bağlı 89 müraciət daxil olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayının artdığını vurğulayan komitə sədri daxil olan müraciətlərin böyük əksəriyyətinin həbsxanalarda saxlanılan şəxslərlə və ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə qarşı olunan qeyri insani rəftarla bağlı olduğunu deyib. Komitə sədri həmçinin qeyd edib ki, cari ilin ötən 6 ayı ərzində Azərbaycanda 5 nəfər işgəncədən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərin arasında intihar edənlər də olub.
E.Behbudov bu hesabatın komitəyə daxil olan müraciətlər əsasında hazırlandığını və bütün bu faktlarla bağlı rəsmi qurumlara məlumat verildiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, təmsil etdiyi qurum 2013-cü ildə BMT-nin Işgəncələrə Qarşı Komitəsində hesabat verəcək.