Nemət Əliyev: «Hakimiyyətdəkilər gözəl bilirlər ki, qanunsuz yolla əldə etdikləri hər an əllərindən çıxa bilər»
Son on gündə Azərbaycan ictimaiyyətinə ölkədəki maliyyə fırıldaqlarına dair üç sensasion fakt açıqlanıb. Onlardan ikisi birbaşa hakim ailəyə məxsus iki şirkət – “Ata Holdinq” və “Azerfon”, digəri isə nəqliyyat naziri Ziya Məmmədov və onun yaxınlarına məxsus Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə bağlı faktlardır.
Üzə çıxdı ki, bu layihələrin üçü də ofşor zonalarda yaradılan şirkətlər vasitəsilə reallaşdırılıb. Məlum olduğu kimi, ofşor – vergidən tamamilə azad olunmuş və nəzarəti zəif olan zonalardır. Burada qanunvericilik həm şirkətin təsisçilərini, həm də maliyyə mənbələrini gizlətməyə imkan verir. Beynəlxalq hesabatlarda maliyyəsi narkotik, silah alveri və çirkli pulların yuyulmasından əldə edilən şirkətlərin ofşor zonalarda qeydiyyatdan keçdiyi bildirilir.
Amma maraqlı məqam bundan ibarətdir ki, ölkənin bütün maliyyə, hüquq sistemi əlində olan hazırkı hakim ailə və oliqarxlar bu cür iri layihələrin təməlini niyə məhz xaricdə qoyurlar?
AXCP Iqtisadiyyat Komissiyasının sədri Nemət Əliyevin fikrincə, bu, ilk növbədə həmin layihələrin çirkli pullarla reallaşdırılmasından irəli gəlir. Azərbaycandakı proyektlərin çoxunun çirkli pullar hesabına həyata keçirildiyi barədə dünya ictimaiyyətinin də məlumatlı olduğunu deyən N.Əliyev vurğuladı ki, hakimiyyətdə təmsil olunanlar korrupsiya, rüşvət yoluyla külli miqdarda maliyyə vəsaiti əldə edirlər: “Ona görə də həmin insanlar əldə etdikləri vəsaitləri xarici banklarda saxlayır, rəsmiləşdirdikləri şirkətləri də xarici ölkələrdə qeydiyyatdan keçirirlər. Hakimiyyətdəkilər gözəl bilirlər ki, qanunsuz yolla əldə etdikləri hər an əllərindən çıxa bilər. Azərbaycanda uzun müddət yüksək vəzifə tutmuş insanların sonrakı aqibətinin necə olduğunu görmüşük. Hakimiyyətdə təmsil olunanlar Fərhad Əliyevin, Əli Insanovun başına gətirilənlərin öz başlarına gəlməsini istəmirlər”.
Bu addımla hakim elitanın pullarını “sığortalamağa” çalışdığını deyən N.Əliyev bildirdi ki, bütün bu tendensiyalar anormal proseslərin nəticəsidir. Bu cür hallara qarşı mübarizə aparmağın vacibliyini vurğulayan iqtisadçı onu da əlavə etdi ki, belə maliyyə maxinasiyalarından ən çox ziyan çəkən ölkə iqtisadiyyatıdır.
Xəyal