“İlham Əliyev ayılanda gec olacaq”

Turqut Ər: «PKK mənşəli bir ton heroin Azərbaycandan keçirildi…»

 

«Azərbaycanda kürd məsələsini qabardanların arxasında elə orada sərvət və mənsəb qazanan çox iri fiqurlar dayanır»

 

Uzun müddət Türkiyənin Azərbaycandakı səfirliyində çalışmış Turqut Ərlə söhbətimizin ikinci hissəsini təqdim edirik. Turqut bəylə söhbətin bu bölümü əsasən, PKK məsələsilə bağlıdır. Turqut Ər Azərbaycanda olduğu zamanlarda da bu məsələnin üzərinə çox gedir, bəzən hətta özünün diplomat olduğunu da ona görə unudardı ki, o, bir Azərbaycan vətənpərvəri idi. Həddən artıq vətənpərvərlik isə onunla nəticələndi ki, onu Azərbaycanda “persona non qrata” elan etdilər. Özü də Türkiyənin o zamankı rəhbəri Süleyman Dəmirəlin Azərbaycanda rəsmi səfərdə olduğu gün…

əvvəli ötən sayımızda

– Turqut bəy, indi Türkiyədə kürd problemilə bağlı bir krizis yaranıb. “Müstəqil” adı altında parlamentə seçilən kürd deputatlar çox ciddi problem yaradacaqlarıyla bağlı ultimatum da səsləndiriblər və bunu başqa cür adlandırmaq olmur. Onlar Diyarbəkirdə toplaşaraq qrup toplantısı keçiriblər; hökumətə kəskin şəkildə bildiriblər ki, dövlət əleyhinə suçlu bilinərək həbsə atılan deputatlar mandat aldıqları üçün azad edilməlidir; Diyarbəkirin adını “Amed” olaraq, kürd dilində səsləndiriblər və bu toplantının Kürd muxtariyyətinin elan edilməsi prosesinin başlanğıcı saydıqlarını bildiriblər; Güney-Doğuda bütün yerli ictimai-təşkilatların da qatılacağı bir Kürdüstan parlamentinin yaradılacağını bildiriblər. Bu, artıq terror təşkilatı deyil, siyasi tələblərdir. Bu məsələnin hansısa həlli görünürmü?
– Təbii, orada baş verənləri görməzliyə vurmaq olmaz. Bu hadisələrin üzərinə getmək lazımdır. Amma mən hesab etmirəm ki, orada sırf siyasi tələblər var və bunların terrorla heç bir əlaqəsi yoxdur. Terror oradan bir az yuxarı, dağlardan səslənir və eyni tələbləri səsləndirir. Burada əlaqələrin olmadığını söyləmək sadəlövhlük olardı. Imralıdakı Abdulla Öcalan da eyni tələbləri dəstəklədiyini bildirir.

– Bəzi optimistlər deyirlər ki, bu, ssenaridir və dövlət bu hadisələri yetərincə diqqətlə, ehtiyat variantlarıyla hazır şəkildə izləyir. Bu mülahizələrə görə, müstəqillərin terroristlərlə çox ciddi əlaqələri var və əslində, Türkiyə dövləti bu millət vəkillərinə şans verir ki, terrorla əlaqələrini kəsib bütün məsələləri siyasi müstəvidə müzakirəyə başlasınlar. Amma onlar bunun əvəzində get-gedə münaqişəni dərinləşdirir, bununla da müstəqil siyasətçi olmadıqlarını və terrorçuların tələblərini səsləndirdiklərini göstərirlər. Buna görə də, münaqişə dərinləşsə, dövlət öz zəhmini və gücünü göstərərək problemi yoluna qoyacaq. Bunu nə dərəcədə əsaslı baxış adlandırmaq olar?
– Müxtəlif mülahizələr ola bilər. Hər kəs öz bilgiləri, ya üstün saydığı versiyaları səsləndirə bilər. Mən bu qədər məlumatlı olmaya bilərəm. Amma bu prosesi izləmək üçün çox məlumatlı olmağa da ehtiyac yoxdur. Ortalıqda baş verməkdə olan faktlar var və bu faktları çözmək lazımdır. Orada separatçılığı təsdiq edən fikirlər səsləndirilib. Türkiyə dövlətini parçalamaq cəhdi kimi qiymətləndirilməkdən başqa yorumu olmayan şüarlar verilib. Buna görə də dövlət proseslərə müdaxilə etməli və variantlarını ortalığa qoymalıdır ki, vətəndaş da dövlətin parçalanmasına qarşı biganə qalmasın. Türkiyə demokratik ölkədir və millətin, dövlətin taleyi üçün həlledici olan məsələlər kimsənin inhisarında ola bilməz. Amma ümumiyyətlə isə, mən o qədər də bədbin deyiləm və inanıram ki, bu problem Türkiyənin birliyinə və bütünlüyünə zərrə qədər də xələl gəlmədən həllini tapacaq. Amma bu prosesin Azərbaycana yansımasını heç istəməzdim. Təkrar edirəm, Türkiyə böyük bir dövlətdir, beynəlxalq aləmdə və geopolitik məkanda özünəməxsus təsir imkanları olan ölkədir. Bu cür problemlər onu sarsıtmaz. Amma çox təəssüf ki, Azərbaycanda da bu cür şüarlar səsləndirilməyə başlayıb.

– Siz Azərbaycanda “kürd problemi” adlı bir məsələnin olduğunu qaldıranların indiki ərəfədə səs-küy salmalarını təsadüfi saymırsınız, demək. Buradakı və oradakı separatçılığın vahid bir mərkəzdən idarə edildiyinə nə dərəcədə əminsiniz?
– Mən 1995-ci ildən bəri ardıcıl olaraq bildirirəm ki, Azərbaycanda PKK təzahürlərinə qarşı barışmaz bir mövqe olmalıdır. Türkiyə ilə heç müqayisə aparmayın. Azərbaycanda kürdlərin kompakt yaşadığı ərazilər varmı? Hansı rayonda onlar əhalinin çoxluğunu demirəm, 30 faizini belə, təşkil edirlər? Yoxdur elə bir yer. Bunların oradakı təminatları, insan haqları, dövlət qulluğunda, parlamentdə iştirakı ilə bağlı hansı problemləri var? Heç bir problemləri yoxdur. Kürdlər Azərbaycanda bəlli bir icmanı təşkil etməsələr də, onlar biznesdə daha yüksək səviyyədə mövcuddular. Hətta buradan gedən kürdlərə orada yerli türklərdən daha artıq imtiyazlar tanınır. Azərbaycanda vəzifəli adamların, deputatların nə qədəri etnik mənşə etibarı ilə kürddür?! Niyə? Ona görə ki, Azərbaycanda milli ayrı-seçkiliklə bağlı heç bir problem yoxdur və olmayıb. Amma yox, bu siyasiləşmiş və buradakı dağlardan idarə olunan bəzilərinə, bu, azlıq edir. Onlar hesab edirlər ki, heç bir etnik problemin olmadığı Azərbaycan kimi ölkələrdə belə, kürd probleminin olduğunu qabartmaq lazımdır, bütün dünyanı kürd problemi ilə sarmaq lazımdır. Amma şübhəniz olmasın ki, Azərbaycanda kürd məsələsinin olduğunu qabardanların arxasında elə Azərbaycanda sərvət və mənsəb qazanan çox iri fiqurlar dayanır. Onlar da bu dağlarla bağlıdır və günün birində Ilham Əliyevin 5 addımlığından gələn təhdid onu ayıldacaq, amma o zaman ayılmağın heç bir nəticəsi olmayacaq.

– Yəni, Ilham Əliyevin 5 addımlığında belə bir təhlükə varmı?
– Mən bunu hansısa bilgilərimə görə deyirəm. Bu bilgilər Azərbaycanda da çoxlarına bəllidir. Başqa tərəfdən, düşünürəm ki, Türkiyənin terror məsələsini həll etməsi regionda vəziyyəti çox dəyişir. Buna görə də Azərbaycan və bölgənin başqa dövlətləri bu problemin həllində Türkiyəyə daha yaxından kömək etməlidirlər, bugünkü aldadıcı maliyyə gəlirlərinə aldanıb bu fəlakəti görməzliyə vurmaq lazım deyil. Unutmaq lazım deyil ki, Azərbaycan erməni terrorundan nə qədər dəhşətli ziyanlar görüb və görməkdədir. Başqa buna bənzər bir olayı yaşamaq Azərbaycan üçün təsəvvürəgəlməz dərəcədə ağır olar.

– Bəzi məlumatlara görə PKK bu bölgədə heroin ticarətinin monopoliyaçısıdır. Bu pullar Türkiyə siyasətinə müdaxilə edirmi? Belə bir ehtimal varmı ki, terror təşkilatları bu paraları özlərinə bağlı siyasi və iqtisadi quruluşların yardımı ilə yuyur?
– Bu neqativlər dünyanın bütün ölkələrində var. Amma baxır harada çoxdur, harada az. Əlbəttə, çirkli pullar yalnız narkotik alverindən qazanılmır və yalnız bir ölkənin daxili problemi deyil. Azərbaycanda, qara pullar, məsələn, oliqarx nazirlərin vergidən gizlədilən biznesilə qazanılır. Bu günlərdə Azərbaycan mətbuatını izləyən hər kəsə aydındır ki, orada korrupsiya piramidasından kənarda dövlət adamı yoxdur. Təbii, Türkiyədə də bu problemlər var. Amma, məsələn, bu son futbol olayına baxın. Milyarder bir adamı içəri qoydular və onun fəaliyyətləri araşdırılır. Oradan daha nələrin çıxarılacağı hələ bilinmir. Çirkli pullar yalnız terrorun əlində cəmləşmir, amma bu paralar hökmən qara niyyətlər üçün xərclənir. Nəzarətdən kənarda olan pullar nəzarətdən kənarda olan proseslər üçün xərclənir. Narkoticarət isə bu bölgədə terrorçularla birbaşa bağlıdır. Şəffaflıq ona görə lazımdır ki, qonşu ölkələr də sadəcə, “biz terrora qarşıyıq” deməklə, işlərini bitmiş saymasınlar. Iki il əvvəl baş vermiş bir faktı diqqətinizə çatdırıram. PKK mənşəli bir ton heroin Azərbaycandan keçirilmiş və Odessada yaxalanmışdı. Bir ton heroin bir ölkədən necə keçirilə bilir? Orada bu ticarəti himayə edən rəsmi adamlar yoxdursa, bu, mümkün deyil. Terrorla əməkdaşlıq o demək deyil ki, terroristə silah verəsən, geyim verəsən, qaçmağa yol verəsən. Bu da terrorla əməkdaşlıq sayılır və bu cür məsələləri diqqətdən qaçırmaq olmaz.

– Burada söhbət etdiyimiz bir çox adamlar – onların arasında siyasəti incələyən bir çox mütəxəssislər də var – bildirirlər ki, Türkiyənin davamlı təkidlərinə baxmayaraq, Azərbaycan PKK-nı bir terror təşkilatı kimi rəsmən tanımır və buna görə də terrorla mübarizədə birgə əməkdaşlığın zəruri səviyyədə qurulması əngəllənir. Rəsmən tanımamaq effektsiz mübarizəni şərtləndirən başlıca amil ola bilərmi? Rəsmən tanımadan da terrorla mübarizəni dərinləşdirmək mümkün deyilmi?
– Burada söhbət, simvolik olaraq rəsmən tanımadan, quruca siyasi həmrəylikdən getmir, təbii. Rəsmən tanıma dövlətin rəsmi prioritetini elan etməsi anlamındadır. Mən təhlükəsizlik sektorunda çalışmadım və siyasətdə də olmadım. Mənim müşahidələrim mətbuatla da məhdudlaşa bilər. Məsələn, Bakıda çıxan “Diplomat” adlı bir qəzetin baş yazarı özünün Heydər Əliyevlə xüsusi münasibətlərini, birgə fotosunu yayır və qəzetin həmin sayında da PKK-nı milli azadlıq hərəkatı adlandıraraq Türkiyənin ünvanına da hədələyici bəyanat verir. Qəzet yazır: “…Artıq müstəqil Kürdüstan dövlətinin yaradılması qaçılmazdır. Kürdüstan Işçi Partiyasının rəhbəri Abdulla Öcalan həbsdən buraxılmasa, Türkiyənin aqibəti Iraqın aqibəti kimi ola bilər”.
Azərbaycan ifrat demokratiyadan əziyyət çəkən bir ölkə deyil. Daha demokratik ölkə olan Polşa PKK-nı terror təşkilatı adlandırır və bu terror təşkilatının simpatizanlarının buraxdığı “Kurdish Daily” qəzetinin çapına qadağa qoyulub. PKK ilə bağlılığı olan və Belçikadan yayımlanan MED TV həmin ölkənin Ədliyyə Nazirliyi tərəfindən qapadılıb.
Bu cür münasibət nə terrorla mübarizəyə, nə də iki qardaş dövlət arasındakı münasibətlərə səmimiyyət və etibar qazandırır. Terrorla mübarizə Türkiyənin işi deyil, hamının, bütün dünya dövlətlərinin işidir. Bu bölgədədirsə, bölgə dövlətlərinin işidir. Amma təcrübədə təsdiq edilir ki, terror hansısa bölgəyə məxsus olmur. Indi dünya çox kiçikdir. Anadoluda terror törədən hansısa qrup bir neçə saatdan sonra onu Bakıda təkrar edə bilər, Vaşinqtonda da, Londonda da.
Mənim demək istədiyim odur ki, korrupsiya və pul qazanmaq həvəsi strateji təhlükəsizliyə xələl gətirməməlidir. O zaman bu, hamının diqqətini cəlb edir və hamının nifrətini doğurur.

Qənimət Zahid