Lafayet

Sifət aydın görünməz üz-üzə dayananda, Uca dağlar uzaqdan daha aydın görünər. – ünlü rus-türk yazarı Yeseninin sözləridir. Tarix boyu dönə-dönə sınaqdan çıxmış… düşüncə görsənişi!

Lafayeti tanıyırsınızmı? Inanmıram. Lafayet yalnız bizim ölkəmizdə deyil, bir çox başqa ölkələrdə də çox az tanınan demokratiya azmanlarından biridir. Onun çox uzun adı var, qısası belədir: Jilber Lafayet. Adının önündə sosial qatına-kateqoriyasına uyğun titul da olub – markiz. (Markiz – Batı Avropada rütbəcə qrafla hersoq arasında orta zadəgan titulu). Lafayet 18-19-cu yüzillər arasındakı üç Fransa devriminin öncüllərindən olub. Adı ölümündən çox-çox illər sonra parlamağa başlayıb. Başqaları bir yana, fransız xalqının özü Lafayeti sağlığında deyil, çox-çox sonralar yetərincə tanımağa, sevməyə başlayıb. “Uca dağlar uzaqdan daha aydın görünür”.

Bizlər, dünyanın ən yaxşı təhsil sistemindən – Sovet təhsil sistemindən çıxmış kimsələr, Fransa burjua devrimlərindən söz düşürkən bir çox adlar çəkə bilərdik: Marat, Robespyer, Danton, Sen-Jüst, Mirabo, Napoleon, Taleyran… Lafayetin kimliyini bilməzdik. Sən demə, uzun illər fransanın özündə də belə olub. Demək olar, belə olub. Lafayetlə bağlı gerçəklər çox-çox sonralar üzə çıxıb.

Fransızlar özlərinin devrimlərinə bu gün də sayğıyla yanaşır, dünya tarixində böyük iz buraxmış devrimlərilə öyünürlər. Fransanın ellik düşüncəni öyrənmə institutu belə sorğu aparıb: “Devrimlərə qatılan tanınmışlardan kimlərə daha çox simpatiyanız var?”. Alınan reytinq göstəricilərinə baxın: Lafayet –  43 faiz, Bonapart – 39 faiz, Danton – 21, Sen-Jüst – 21, Robespyer – 19, Mirabo – 17, Marat – 8 faiz. Lafayet devrimçi yoldaşlarından ürəyiaçıqlığı, düzgünlüyü, alınıb-satılmazlığı ilə seçilib. Xalq Hərəkatınadək yoxsul olan bir çoxları Hərəkatdan qazanc götürüb varlanırkən Hərəkat başlayanadək Fransanın varlı tanınmışlarından olan Lafayet var-dövlətini Hərəkat yolunda qoyan tək lider olub.

***

Lafayetin çağdaşlarından olan Henrix Hayne yazırdı: “Yolunu azmış yoldaşları, eləcə də ikiüzlü düşmənləri onunla bağlı nələr söyləsələr də, Lafayet Robespyerlə yanaşı, Napoleondan sonra (o çağlar belə düşünürdülər – X.B.) bütün fransız devrimlərinin ən təmiz xarakterlərindən, ən populyar fiqurlarındandır”. Böyük alman yazarı Lafayeti çağında necə düzgün dəyərləndirib! Yeri gəlmişkən, Fransanın bir sıra ünlü adamları – Volter, Jermen dö Stal, Beranje, Hüqo, Balzak, Jores çağında Lafayeti yüksək dəyərləndiriblər. Eləcə də Lafayetin siyasi bioqrafiyasını faktiki materiallar üzrə öyrənən fransız, amerikan tarixçiləri də ona yüksək dəyər veriblər. K.Marksla F.Engelsin neqativ yanaşması üzündən Lafayet dünyanın böyük bir bölümü üçün uzun illər “persona non qrata” olub.

Haynenin Lafayeti dəyərləndirdiyi kontekstdə iki detal ayrıca maraq doğurur: “yolunu azmış yoldaşları”, bir də “ikiüzlü düşmənləri”.

Lafayet Danton, Mirabo kimi parlaq orator, Taleyran kimi güclü diplomat olmayıb. Napoleon kimi onun böyük hərbi uğurları da olmayıb. Lafayeti, Haynenin dediyi kimi, yolunu azmış yoldaşları dönə-dönə dönüklükdə suçlayıb ləkələməyə çalışırkən, diktatura rejimi də özünün barışmaz düşməni olaraq tanıdığından, onu hər yolla gözdən salmağa çalışıb. Işdə dönməz, inancında ardıcıl olan Lafayet bircə yol da quşqulu (şübhəli) kompromisə getməyib. “Lafayetin çağdaşları arasında, – Ş.-O. de Sent Byöv yazır, – ilkin olaraq əski rejim üzərinə hücum çəkənlər arasında, başlanğıc işə bağlı olan çox az adam qalmışdı”. Çoxları çoxdan baxışlarını dəyişərək qarşı düşərgənin – diktatura düşərgəsinin –  adamına çevrilmişdi: kimisi gizli, kimisi açıq; kimiləri bütünlüklə diktatura düşərgəsinə keçmişdi, kimiləri müxalifət düşərgəsində gizli olaraq hakimiyyətə işləyirdilər. Bunlardan biri də Xalq Hərəkatının ən ağıllı öncüllərindən biri olaraq tanınan Mirabo idi.
Müxalifət düşərgəsində olanların bir çoxunun Lafayeti görən gözü yox idi – təmizliyinə, düzgünlüyünə, prinsipiallığına görə! Elə təmizliyi, düzgünlüyü, prinsipiallığı üzündən Lafayet bütün siyasi bioqrafiyası boyunca iki düşərgədə çarpışma aparmalı olmuşdu: hakimiyyət-diktatura düşərgəsində, müxalifət düşərgəsində. Diktatura rejimi ilə barışmaz savaş aparmaqla rejimin başlıca düşməninə çevrilən Lafayet demokratik normaların aşıldığı, qanunçuluğun pozulduğu yerdə etdiyi kəskin çıxışlarla istər-istəməz müxalifət arasında da çoxlu düşmən qazanırdı.

***

Müxalifətdə Lafayetin ən amansız düşməni Mirabo idi. Müxalifət arasında rejimin agent-əlaltılarından olan Mirabonun başlıca qorxusu Lafayetdən idi. Lafayet bildiyini, düşündüyünü dilə gətirməkdən qorxub çəkinən deyildi. Belə bir xarakter özəlliyi ilə də o, rejimin gizli tapşırıqlarını yerinə yetirən Mirabonun qarşısında böyük əngələ çevrilirdi. Buna görə Mirabo Lafayeti xalq, müxalifət arasında gözdən salmaq üçün girəvə gəzir, ələ düşən girəvədən gen-bol yararlanmağa çalışırdı. Belə girəvələrsə daha çox müxalifət arasında demokratik prinsiplər pozulanda, qanunçuluqdan qırağa çıxılanda ələ düşürdü. Müxalifət düşərgəsində ortaya çıxan neqativ görsənişlərlə bağlı Lafayet bir çoxları kimi susmaq yolu tutmur, kəskin çıxışlar eləyirdi. Belə çağlarda Mirabonun, yandaşlarının çiçəyi çırtlayırdı: onlar hamılıqla səs-səsə verərək Lafayeti hakimiyyətə işləməkdə suçlayırdılar. Onlar Lafayetə hər cür qaralar yaxır, bu yolla onu biryolluq vurub sıradan çıxarmağa çalışırdılar. 

Kimin (kimlərin) gerçəkdən hakimiyyətə işlədiyinin bilinməsi üçün illər gəlib keçəcək, yalnız kral XVI Lüdovik arvadı, – hakimiyyətdə ən qorxunc fiqurlardan birinə çevrilmiş, amoral davranışları, pula hərisliyi, başqa bir çox yaramazlıqları ilə tanınan Mariya Antuanetta, – ilə birlikdə öldürüldükdən sonra bilinəcəkdi. Necə? Kralın sındırılan seyfindən bir çox gizli materiallarla yanaşı, bir də Mirabonun müxalifətlə, Lafayetlə bağlı məktub-donosları çıxacaqdı. Düz 49 məktub-donos! Bu məktub-donoslarda Mirabo müxalifətin planları ilə bağlı krala bilgi verir. Bu bilgilərdə müxalifət arasındakı birliyi pozub-dağıtmaq yönündə Mirabonun özünün gördüyü işlərlə yanaşı, kralın görməli olduğu işlər də göstərilir. Lafayetdən yazdıqlarına gəlincə, Mirabo Lafayeti diktatura rejiminin müxalifət arasında ən barışmaz düşməni olaraq tanıdır. Burası doğrudan belə idi.

Tutub beş il ölüm hökmü altında saxladığı Lafayetdən, bu gerçək respublika generalından, Avstriya hökuməti fransız ordusu, Fransanın dövlət işləri ilə bağlı bircə söz belə qopara bilməyib. Çoxlarının sevmədiyi Lafayet sonadək xalqına, ölkəsinə, dövlətinə bağlı olub. Bəs Lafayeti ideal düzgünlüyünə görə sevməyənlərdən biri – respublika dönəminin ən ünlü nazirlərindən olmuş Taleyran? Monarxiya rejimi – kral hakimiyyəti devriləndən sonra… Taleyranın, bu ünlü müxalifət liderinin, qızğın respublikaçının monarxiya rejiminə – kral hakimiyyətinə işlədiyi bəlli olmuşdu. Hələ bu harasıdır?! Sən demə, bu adam Rusiyanın agenti imiş. Daha doğrusu, pul alıb Rusiyaya agentlik eləyirmiş. Taleyran kimilərinin satqınlığı üzündən fransız ordusunun hərbi planları Napoleondan qabaq Rusiyaya çatdırılırmış. Indi Rusiyaya işverənlikdə tanınan Taleyranın iki kliçkası varmış: Kuzen Anri, Anna Ivanovna. Tanrı bizi belələrindən qorusun!

***

Amerika Birləşmiş Ştatlarında bağımsızlıq uğrunda savaş gedən çağlarda Lafayet ABŞ-a gedir, bağımsızlıq uğrunda savaşda general Vaşinqtonla (sonralar ABŞ prezidenti) çiyin-çiyinə vuruşur, bu savaşın ünlü öncüllərindən birinə çevrilir. Yalnız ABŞ-da yox, dünyanın bir sıra başqa yerlərində də adamların köləlikdən qurtulması üçün Lafayet özünün çoxlu sayda pulundan keçir. ABŞ-dakı bağımsızlıq missiyasını uğurla başa vuran Lafayet yenidən ölkəsinə dönərək daha böyük inamla, Özgürlük, Demokratiya savaşına qatılır. Lafayet bu çağlar devrim ideyasından daşınaraq barış içində yenidənqurma ideyasına üstünlük verir: “Yavaş-yavaş, az-az, böyük sarsıntılarsız…”. Onda əzilmiş xalqın devrimçiliyinə inamsızlıq yaranmışdı. “Bu ölkədə, mənim generalım, – 1788-ci ildə Vaşinqtona yazır, – xalq siyasətdən elə uzaq düşüb, mən dərdimi dağıtmaq üçün qan aldırmalı oluram”. O çağlar qanaldırmaya bir çox dərdlərin dərmanı kimi baxılırdı. ABŞ-da gördüyü sosial-siyasi aktivliyi öz ölkəsində görməyən Lafayet üzülür, xalqı apatiyadan, ölkəni durğunluqdan qurtarmağın sarsıntılarsız yollarını arayırdı…

***

Ölkədə sınırsız kral hakimiyyətini cilovlamağa yönəlmiş Milli Yığıncaq yaradılır. Kral Yığıncağı buraxmağa çalışır. Lafayet, bütün çətin çağlarda olduğu kimi, yenə də qabağa çıxır, Yığıncağa qatılır. Bir çox tanınmışlar kral hakimiyyətindən qorxub geri çəkilirkən Lafayet belə bir yol tutur! Lafayet çox keçmədən (12 iyulda) Insan Hüquqları Deklarasiyasının proyekti ilə çıxış eləyir. Beləliklə, ortaya bütün fransız devrimlərinin başlıca istəyi, bu istəyə bağlı yetənəyi çıxarılır: “Hər bir insan yalnız özünün, elçiliyinin (elçilik-nümayəndəlik) tanıdığı, qanundan asılı olmalıdır”. ABŞ Bağımsızlıq Deklorasiyasına uyğun bir deklorasiya!

Milli Yığıncağın mandatı ilə milli qvardiyanın baş komandanı olan Lafayet hakimiyyəti ələ keçirmək kimi bir şansla üzləşirkən də qanunçuluq yolu tutur, qanunsuz şansdan yararlanmağı özünə yaraşdırmır! Barışmaz siyasi baxışları üzündən tutulub beş il ölüm hökmü altında yatan Lafayetə, ailəsinə o ağır illərdə uzaqdan-uzağa da olsa ABŞ hökuməti arxa durur. Tutuqluqdan qurtulan Lafayet yeni hakimiyyətə – Napoleon Bonapart hakimiyyətinə də barışmaz müxalifətdə dayanır. Vaterloo uğursuzluğundan sonra Napoleon parlamenti buraxmaq istərkən onun qarşısına yenə Lafayet çıxır. Lafayet yubanmadan palata toplantısı keçirərək parlamentin buraxılmasına çalışan istənilən adamı dönük adlandırmağa çağırır (çağına görə olduqca qorxulu çıxış-çağırış!)  Dediyində duran Lafayet parlamentin uyğun qərarını Napoleona göndərir. Bir saat sonra Napoleon hakimiyyətdən əl çəkdiyini bildirir. Birləşmiş güclərin tutub adada dustaq elədiyi Napoleon sonralar yazacaqdı: “Onların (Lafayet yandaşlarının – X.B.) palatada qaldırdıqları üsyan mənim bütünlüklə uduzmağımın başlıca nədəni oldu”.

***

Lafayet parlament çıxışlarının birində (28 yanvar 1838-ci il) demişdi: “Mən bu tribunadan demişəm, deyirəm: dünyanı yalnız iki kateqoriyaya bölürəm – əzilənlər, əzənlər. Indiyədək dediyimə indi bunu artırmaq istəyirəm: Avropanı iki prinsip ayırır – xalqların suveren hüquqları, kralların tanrısal hüquqları. Bir yanda özgürlük, birgəlik; o biri yanda despotizm, üstünlük”. O öz inancında sonadək dönməz qaldı. Eləcə qalmadı: inancı yolunda nə canını, nə də pulunu əsirgədi.

Bir sıra Hərəkat yoldaşları üçün xarakterik karyera, ad-san düşkünlüyü, elədiklərini gözə soxmaq ucuzluğu Lafayet üçün bütünlüklə yad, yolverilməz görsənişlər idi. Elə buna görə 19-cu yüzilin fransız tarixçisi, siyasi lideri Ajenor Bardu Lafayetlə bağlı yazırdı: “O, yalnız düzgün yurddaş olmağa çalışırdı”. Görünür, fransız xalqının onu yüksək dəyərləndirməsi elə buna görədir.
Amerikada 40 şəhər, yaşayış məntəqəsi Lafayetin adını daşıyır. Budur, Özgürlük-Demokratiya yolunun dönməz-yenilməz yolçusu olan Lafayetə – Fransanın bu böyük oğluna – Amerika xalqının sonsuz sevgi, sayğı göstəricisi!