Ilham Əliyevin medalları barədə

Qibleyi-aləm Ilham müəllim öz qızını və tanınmış bəstəkar Kəmaləddin Heydərovun oğlunu “Tərəqqi” medalı ilə təltif etdi. Desəm ki, bu hadisəni çox sakit qarşıladım, yalançı olaram. Ilham Əliyevin Azərbaycana respublikadan daha çox, şəxsi təsərrüfatı kimi baxdığını, kefi istədiyi hərəkəti qanuna-qaydaya, mentalitetə baxmadan etmək imkanında olduğunu anlayıram. Anlayıram, ancaq yenə heyrətlənirəm.

Bizim ölkədə padşahımızın taxt-tacının kölgəsi altına düşmək üçün minlərlə saxta ziyalı medal almaq arzusu ilə yanıb yaxılır. Onlar üçün nə olur olsun, təki məşhur lətifədəki kimi şah onları dindirsin, xırdaca da olsa, təltifləndirsin. 

Qibleyi-aləmin ailə üzvlərinin ki, belə problemi yoxdur? Bəs onda Leyla Əliyevanın “Tərəqqi” medalı nəyinə gərəkdir?

Özümə təskinlik vermək üçün qibleyi-aləmin bu günlərə qədər “Tərəqqi” medalı verdiyi şəxsləri göz önünə gətirirəm. Elə adamlar bu mükafatı alıb ki, tərəqqidən çox, tənəzzülə xidmət edib.
Ümumiyyətlə, bütün sahələri tənəzzülə gedən bir ölkədə insanların sinəsində “Tərəqqi” medalı görmək qədər gülməli hadisə buludlar altında az-az olur.
Mütərəqqi fikirləri boğan insan ona əl çalanlara “Tərəqqi” medalı paylayır, acı bir mənzərə…

Mən adamlar tanıyıram (sizin də ətrafınızda belə adamlar var) ki, keçmiş illərdə alın təri ilə, qəhrəmanlıqla qazandığı orden və medalları dolanışığı üçün 5-10 manata satıb. Təsəvvür edirsinizmi, insan özünün, yaxud atasının müharibədə, güllə altında göstərdiyi cəngavərliyə görə aldığı medalı, ordeni çörək pulu ehtiyacından satmaq məcburiyyətində qalır. Əliyevlər bizə belə bir “Tərəqqi” bəxş edib. Əminəm ki, demokratik Azərbaycanın qurulduğu ilk gündəcə insanlar Əliyevlərdən aldıqları medalları utandıqlarından heç bazara çıxardıb satmayacaqlar da, onları zülmün-zillətin simvolları kimi qaranlıq bir yerə göməcəklər.

Siyasət və uzunömürlülük

Diktatorların uzun ömürlü olması uzun vaxt idi məni düşündürürdü. Bu fakt onsuz da rahat olmayan günümə əlavə gərginlik verirdi. Artıq belə bir qayğım qalmayıb. Sizə də şad bir xəbərim var. Təkcə diktatorlar deyil, siyasət adamlarının hamısı uzun ömürlü olurmuş. Bunu Azad Mirzəcanzadənin “Ixtisasa giriş” kitabından öyrəndim. Sitat: “…tədqiqatlar müəyyən edib ki, stresə qarşı əks-reaksiyanı orqanizmin fəal mübarizlik qabiliyyətinin olub-olmaması müəyyən edir. Insan nə qədər ki, mübarizə aparır (həqiqət uğrunda, mənsəbə qovuşmaq üçün və s.) sağ-salamat olur və heç xəstələnmir”. Beləliklə, bu gündən könlünüzü rahat şəkildə siyasətə verə bilərsiniz. Səhhəti problem gətirib siyasətdən getmək də belə çıxır ki, bəhanəymiş…
Yaxşı, bəs niyə görə siyasətdə ancaq bizim diqqətimizi demokratların yox, diktatorların yaşı çəkib? Çox sadə səbəbdən, hər kəs onların ölümünü həsrətlə gözlədiyi üçün…
Gənc nəslin bilməsi vacib sayılan bir lətifəni yada salaq: “Bir nəfər hər gün gəlib köşkdən qəzet alır, birinci səhifəyə baxıb qaytarır. Günlərlə bu hal təkrarlandığından, satıcı axırda soruşur: –

Niyə belə edirsiniz?

Adam: – Mənə qəzetin ancaq nekroloqu (başsağlığı) maraqlıdır.
Satıcı: – Axı nekroloq ki, birinci yox, axırıncı səhifədə olur.
Adam: – Mənə lazım olan nekroloq birinci səhifədə çıxacaq”.