«Kempinski» hotelini genişləndirmək üçün «fövqəlnazir» məcburi köçkünləri yenidən didərgin salır
Badamdar qəsəbəsi, Qanlı göl deyilən ərazidə yaşayan qaçqın və məcburi köçkünləri yurdlarından yenidən didərgin salınır. Hətta bu aqibətlə üzləşən vətəndaşlar yarızarafat, yarıciddi ikinci dəfə qaçqın statusu alacaqlarını deyirlər.
Köçürülmənin səbəbi bir neçə gün əvvəl açılışında Ilham Əliyevin də iştirak etdiyi “Kempinski” hotelidir. “Kempinski Hotel-Badamdar” adı altında fəaliyyət göstərən 5 ulduzlu kompleksin fövqalədə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir. Indi də söz-söhbət gəzir ki, nazir biznesini, konkret olaraq, hoteli daha da genişləndirmək üçün ətrafda yaşayan sakinləri başqa ünvana köçürtməyi planlaşdırır. Sözügedən ərazidə təxminən 450 ailə yaşayır ki, onların da demək olar, hamısı məcburi köçkünlərdir. Onlara sentyabrın əvvəllərində “Lider” telekanalının yaxınlığında tikilən binalardan birinə köçürməyi təklif ediblər. Ancaq sakinlər bu barədə verilən vədlərə inanmırlar. Düşünürlər ki, məqsəd onları aldadaraq yaşadıqları ünvandan çıxarmaqdır.
“Hotelin ətrafında qiyməti 2-3 min dollar olan şam ağacları əkilib. Ancaq həyətimizdə olan ağacları qırıb bir nazirə qurban verirlər. Bir insan ömrü bəs etməz ki, yaratdığımız bu yaşıllığı bərpa eləsin”, – deyə sakinlər narazılıq edir.
Ötən gün narazı sakinlərlə görüşə Qaçqınlar və Məcburi Köçkünlərlə Iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, eləcə də işğal altında olan rayonların icra başçıları da gəlmişdi. Onlar insanları inandırmağa çalışırdı ki, hər bir ailə evlə təmin olunacaq. Sakinlərlə qısa danışıqdan sonra icra başçıları ərazini tərk etdilər. Yalnız Ağdamın icra başçısı Nizami Sadıqov bir qədər də ayaq saxlayıb məcburi köçkünlərlə söhbəti davam etdirdi. Bizim də “Azadlıq” olaraq, Nizami Sadıqova suallarımız vardı. Lakin o, cavablandırmaq istəmədi. Belə bir arqumentlə: “Mən nə desəm, siz onun əksini yazacaqsınız…”
“Siz nə vaxt açıqlama verdiniz ki, biz də onu təhrif edək?”
Nizami Sadıqova ünvanlanan bu sual da cavabsız qaldı…
Ramin DEKO