Ermənistandan miqrasiya fəlakətli həddə çatıb

Erməni ziyalıları əmək qabiliyyətli əhalinin görünməmiş şəkildə və fasiləsiz miqrasiyası ilə bağlı həyəcan təbili çalırlar

Ermənistanın baş naziri Tiqran Sərkisyan: «Nə edək? Hər şeyi edək ki, bu insanlar ölkəni tərk etməsin, bu narazı kütlə burada qalıb inqilab etsin?»

Ağır sosial-iqtisadi şərait üzündən ermənistanlıların öz ölkələrini kütləvi şəkildə tərk etməsi çoxdankı mövzudur. Ancaq son zamanlar bu tendensiya sürət qazanıb və Ermənistan ziyalıları əhalinin əməkqabiliyyətli hissəsinin görünməmiş şəkildə və fasiləsiz miqrasiya etdiyi ilə bağlı artıq həyəcan təbili çalırlar. Ölkədə yaranmış bu fəlakətli durum artıq bütün əndazələri aşdığından, ziyalılar problemi qabartmaq məqsədilə xüsusi olaraq mətbuat konfransı keçirməyi lazım biliblər. “Ölkədə demoqrafik vəziyyət kifayət qədər pisləşib. Ermənistandan miqrasiyanın milli və iqtisadi faciəyə çevriləcəyi gün isə uzaqda deyil”, – deyə onlarla yaradıcılıq və ictimai təşkilatın bir yerdə Ermənistan parlamentinin spikeri Ovik Abramyana və baş nazir Tiqran Sərkisyana müraciətində belə deyilir.
Yazıçılar Ittifaqının sədri, publisist Levon Ananyan yaxınlarda ölkənin regionlarına baş tutmuş səfəri zamanı qazandığı təəssüratları bölüşüb. O qeyd edib ki, əvvəllər də ölkəni tərk edənlər olurdu, ancaq indi “uzaq diyarlara uçub gedənləri” hətta hara düşəcəkləri və orada həyat üçün nə kimi şəraitin olduğu o qədər də maraqlandırmır. Ən zəruri ehtiyac olan çörək insanları Rusiyaya, Avropaya, Amerikaya və hətta Türkiyəyə belə, miqrasiyaya məcbur edir. Xalqın xüsusi narahatlığını və həyəcanını doğuran mühüm məsələ isə, sabahkı gün sərhədboyu kəndlərimizin boşalmasıdır. Biz birdəfəlik başa düşməliyik ki, bu kəndlər bizim sərhəd qalalarımızdır. Azərbaycan tərəfinin davamlı müharibə bəyanatları fonunda bunun rolu və əhəmiyyəti isə xüsusi olaraq artır”, – deyə Ananyan deyib. O, daha sonra söyləyib ki, 20 il öncə müharibədə məğlub olmuş Azərbaycan bütün sərhədboyu kəndlərin əhalisində ruh yüksəkliyi yaratmaq üçün onlara “qəhrəman kənd” statusu verib və eyni zamanda dövlət büdcəsindən bu kəndlərə ayrılan subsidiyaları iki dəfə artırıb. Onun sözlərinə görə, dövlət erməni zəhmətkeşinin qayğısına lazımınca qala bilmədiyindən, o, qazancını “yad sahillərdə” axtarmağa, sadəcə, məcburdur.
Erməni iqtisadçı, professor Tatul Manaseryan isə iqtisadi itkiləri idarəolunmaz miqrasiya prosesi ilə əlaqələndirib. Onun fikrincə, ölkə üçün həyati anlam daşıyan sarhədboyu kəndlərin boşalmasının qarşısını almaq üçün nəinki o bölgələrə vergi güzəştləri tətbiq etmək, subsidiyaları artırmaq, hətta investorların diqqətini cəlb etmək üçün o yerləri azad iqtisadi zona elan etmək daha faydalı olardı. Manaseryan bildirib ki, ümumilikdə problemləri həll etmək üçün hökumətin məqsədyönlü və ciddi işinə ehtiyac var, daha məzhəkə ilə məşğul olmağa yox, məsələn, bugünlərdə rəsmilərdən birinin dediyi “əgər ölkədə çoxlu narazı insan qalarsa, o zaman onlar inqilab edə bilərlər” kimi… “Belə fəlakətli bir vəziyyətdə zarafatın yeri deyil. Zarafatı evdə yaxud kafedə edirlər”, – deyə Manaseryan qəzəblə vurğulayıb.
Xatırladaq ki, Manaseryan bu fikirlərini Ermənistan baş naziri Tiqran Sərkisyanın bu yaxınlarda “168 jam” qəzetinə ciddi narazılıq doğuran müsahibəsinə cavab olaraq səsləndirib. O demişdi ki, “Nə edək? Hər şeyi edək ki, bu insanlar ölkəni tərk etməsin, ki bu narazı kütlə burada qalıb inqilab etsin? Insanların Ermənistanda qalması üçün həyat şəraitini yüksəltməliyik. Ancaq Ermənistanda həyat yaxşılaşmağa doğru dəyişəndə, narazı kütlə azalmır axı. Əksinə, hakimiyyətə təzyiq edənlərin sayı artır”.
Görünən odur ki, mənfur qonşularımız ölkə həyatının bütün sahələri üzrə, xüsusilə demoqrafik və sosial-iqtisadi baxımdan ciddi böhranla üz-üzədirlər. Problemin isə yaxın zamanlarda həlli mümkünsüz görünür. Hətta vəziyyət o dərəcədə acınacaqlıdır ki, ziyalı təbəqəsinin davamlı həyəcan təbili çalması erməni rəsmilərini heç narahat etmir, əksinə, onlar milli problemlərini məzhəkəyə çəkib, zarafatlarından da qalmırlar.

Hazırladı: Rəşad Alp