Cəbhənin yaranması ilə bağlı tədbirlər keçiriləcək

Fuad Qəhrəmanlı: «Çalışacağıq ki, indiki imkanlar çərçivəsində partiyanın ildönümü kifayət qədər yüksək səviyyədə keçirilsin»

AXCP iyulun 16-da yaranmasının 22-ci il dönümü ilə bağlı müxtəlif tədbirlər həyata keçirməyi planlaşdırır. Artıq partiya “Təbriz” kinoteatrında geniş tədbirin keçirilməsi ilə bağlı müraciət edib. Bu haqda qəzetimizə məlumat verən AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlının sözlərinə görə, təşkilatın yaranışı ilə bağlı tədbirlər bununla yekunlaşmayacaq.
F.Qəhrəmanlı bildirdi ki, “Təbriz” kinoteatrında siyasi partiyaların, ziyalıların, QHT təmsilçiləri və diplomatik korpus nümayəndələrinin iştirakı ilə toplantının keçirilməsi nəzərdə tutulub. Eyni zamanda gənclərin, partiya fəallarının iştirakı ilə rayonlardan birində açıq havada tədbir keçiriləcək: “Bundan başqa, AXCP-nin növbəti ildönümü ilə bağlı ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə ictimai müzakirənin təşkilini planlaşdırırıq. Çalışacağıq ki, indiki imkanlar çərçivəsində partiyanın ildönümü kifayət qədər yüksək səviyyədə keçirilsin. Azərbaycan cəmiyyətinə müstəqilliyi bəxş etdirmiş, xalqın milli azadlıq ideallarını gerçəkləşdirmiş və indiyə qədər demokratiya uğrunda mübarizə aparan, demokratiyanın qarantı olan təşkilatın yaranması ilə bağlı topluma geniş informasiya verəcəyik. Düşünürəm ki, nəzərdə tutduğumuz tədbirlər bu məsələləri əhatə edəcək. Eyni zamanda mətbuatda da partiyanın yaranması ilə bağlı materialların, təbliğat xarakterli fikirlərin dərci nəzərdə tutulur”.

Xəyal