Vidadi Mirkamal: «Məhkəmənin cərimə nəzərdə tutan ittiham üzrə qabaqcadan həbs seçməsi hüquqi nihilizmdir»
2 aprel aksiyasında iştiraka görə 14 nəfərin barəsində cinayət işi qaldırılıb. Onlardan 13 nəfəri həbsdədir, Fuad Qəhrəmanlı azadlıqdadır. 2 aprel aksiyası ilə əlaqədar daha 2 nəfər həbs edilib. Bunlar Şahin Həsənli və Vidadi Isgəndərovdur. Bundan əvvəl bu kontekstdə həbs edilən Cabbar Savalan və Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə edirik.
Bu barədə Ictimai Palatanın Insan Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Vidadi Mirkamal “Obyektiv” TV-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, hazırda 6 nəfər barədə istintaq işləri yekunlaşıb, baxılmaq üçün Səbayel Rayon Məhkəməsinə göndərilib: “Daha dörd nəfərin istintaqı da yekunlaşıb, ittiham aktı tərtib edilib. Digər dörd nəfər barəsində isə istintaq işləri davam edir.
Bunlar, vicdan məhbusları Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlıdır.
Onun fikrincə, müxalifət fəallarına qarşı irəli sürülmüş ittihamları sübut etmək çətin məsələdir:”Amma istintaq işləri yekunlaşdırıb məhkəməyə göndəribsə, deməli, onlar hesab edir ki, ittiham sübut edilib və məhkəmə qərar qəbul etməlidir”.
V.Mirkamal hesab edir ki, 2 aprel aksiyası zamanı heç bir cinayət hadisəsi baş verməyib. “Belə ki, aprelin 2-də insanlar razılaşdırılmamış mitinqə çıxıb, orada ”Azadlıq” və “Istefa” şüarları səsləndirib. Azərbaycan qanunvericiliyinə görə, insanların razılaşdırılmamış aksiya təşkil etməsi və şüarlar səsləndirməsi cinayət hadisəsi deyil. Ona görə də hesab edirik ki, bu, qondarma cinayət işidir. Orada saxta sübutlar var. Biz istintaqa bütün materialları vermişik. Həmin materiallarda insanların ictimai qaydaları pozması halları qeydə alınmayıb. Sadəcə, iqtidar nümayəndələri öz adamları vasitəsi ilə bəzi yerlərdə şüşələri qırıb və bunda aksiya iştirakçılarını günahlandırır. Amma, bu faktlar da müxalifətin ictimai qaydanı pozmasını sübut etmir. Çox qəribədir ki, hazırda cinayət işi qaldırılmış maddənin dispozisiyasında qırmaq və dağıtmaqla, polisə müqavimət və ya təzyiq barədə heç nə yoxdur”, – o bildirib(Turan).
O, məhkəmələrin öncədən insanlar barəsində həbs qətiimkan tədbiri seçməsini hüquqi nihilizm kimi qəbul edir:”Bir şəxs barəsində əvvəlcə iki ay, sonra isə daha iki ay həbs qətiimkan tədbiri seçən məhkəmə dövlət ittihamını təsdiq etməyə məcburdur. Çünki özü əvvəlcədən dövlət ittihamını təsdiq edib, hüquq normalarını pozub. O, istintaqda sübut edilməyən ittihamla bağlı ədalətli qərar qəbul edərsə, bu özünü inkara çevrilər. Ona görə də dövlət ittihamını məhkəmə təsdiq etməyə məcburdur. Arzu edərdim ki, Azərbaycanda normal məhkəmə olsun. Məhkəmə sistemini iqtidar bu günə qoyub. Bu, siyasi sifariş olub. Çox güman ki, siyasi sifariş əsasında da müxalifət fəalları ilə bağlı qərarlar qəbul edəcəklər”.