Bu yaxınlarda ən nəhayət, Liviya diktatoru Müəmmər Qəzzafi və oğlu Seyfəlislamın Beynəlxalq Məhkəməyə (Haaqa tribunalı) verilməsi haqda qərar çıxarıldı. Bu qərar Liviyada 15 mindən çox insanın qətlə yetirilməsindən sonra qəbul edilmişdi. Heç şübhəsiz, son dərəcə gecikmiş qərar idi.
Ümumiyyətlə, bu tip qərarların çıxarılmasının daha çox mənəvi-siyasi əhəmiyyəti var. Aydın məsələdi ki, qərarın çıxmasıyla Qəzzafiyə və ya hər hansı insanlıq düşməninə məhkəməyə çağırış vərəqəsi göndərib, haqqında tutuqlama qərarı çıxarmırlar, hələ ki, bunun bir mexanizmi də yoxdu. Sadəcə, şəxsi Haaqa tribunalına verməklə mənəvi borc yerinə yetirilir, həmin adam haqda bütün dünyaya siyasi mesaj ötürülür. Bu mesajdan sonra 3-4 başıxarab dövlət başçısını çıxmaqla qalanları həmin şəxsə qələmi qırılmış obyekt kimi yanaşır, onunla insani və siyasi embarqo qoyulmuş biri kimi rəftar edir. Hətta gecikmiş qərarın özü belə, bu mənada əhəmiyyət kəsb eləyir.
Bütövlükdə götürəndə isə, həmişə bu tip insanlıq düşmənlərinin bu qaydada məhkəməyə verilməsi, bir növ virtual olaraq “cəzalandırılması” həmişə gecikir və adətən, həddən artıq gecikmiş bir zamanda yada düşür.
Əlbəttə, hansısa diktatorun, insanlıq düşməninin ta tutuqlanana, ələ keçənə, məğlub olana kimi dünya ictimaiyyəti tərəfindən cəzalandırılmasının bir mexanizmi yoxdu, lakin az əvvəl söylədiyim kimi, bu, daha çox mənəvi-siyasi əhəmiyyət daşıyır, ola bilsin həmin şəxsin cinayətlərini durdurmasına, azğınlıqlarına son qoymasına təsir eləyir. Lakin bu qədər asan qəbul ediləsi bir qərarın həmişə bu cür ləngiməsi, Qərbin, Beynəlxalq aləmin yat-yatılığı, uzun-uzadı istixarə eləməsi adamda acı təəssüf doğurur, ədalətin mövcudluğuna haqlı şübhə doğurur. Sanki minlərlə insanı açıq-açığına qətlə yetirməyənə kimi, zalımın kimliyini görmür və ya özlərini görməzliyə vururlar. Bu, bütün dünya hüququnda ən böyük boşluqlardan biridi. Cinayət üstə yaxalanmadıqca və ya əldə dəqiq dəlillər olmadıqca kimsənin haqqında qərar çıxarıla, həbs-qətimkan tədbiri seçilə bilməzmiş. Əlbəttə, lokal xarakterli cinayətkarlar haqda bu hüququ qəbul eləmək olar, lakin söhbət bütöv bir dövlətə, əhaliyə rəhbərlik eləyən şəxsdən gedirsə, bu, heç də ədalətli və ya mükəmməl prinsip deyil. Çünki əlində bir tapança tutmuş qatillə əlində böyük bir ordu, hədsiz səlahiyyətlər olan bir dəlini, manyakı eyni tutmaq tamamilə yanlışdı və ya sadəcə əbləhlikdi. Demək, hansısa bir hakimiyyət xəstəsi, ya qansız cani minlərlə insanı qanına qəltan eləməlidi ki, ondan sonra, hətta çarəsizlik içində kimisə Haaqa Tribunalına versinlər.
Mən bu ağırbasmaqlığı zərrəcə ədalətli və ya hüquqi hesab eləmirəm, bu, sadəcə insanlığa xəyanətdi. Bu cür gec qərar çıxaranların elə özünü məhkəməyə, tribunala vermək lazımdı. Guya onlar Qəzzafi, ya elə indi-indi haqqında Haaqa tribunalına verilmək məsələsi qaldırılan Bəşər Əsədin kim olduğunu əvvəldən bilməyiblər? Nə qədər ki, onlar dünya ilə çirkin iş birliyində idi, adam sayılırdılar, suçsuz sayılırdılar, elə ki, bu xəstələr kütləvi insan tələfatı törətdilər, onda yanını basa-basa, dilini sürüyə-sürüyə “ədalətli” Qərb, beynəlxalq ictimaiyyət hərəkətə gəldi, dəlilərin, canilərin qatil olduğunu dərk elədi? Həm də hələ bu nə məntiqdi – elədə bir insanın qətli cinayət sayılır, ancaq dövlət başçılarının onlarla insanı qətlə yetirməsi yox? Bu nə idbar məntiqdi? Dövlət başçılarına bu səlahiyyəti kim verib? Yazıq Allah bir nəfəri öldürəndə üsyan eləyən bəşər dövlət başçılarına hansı ağılla belə dözür?
Məncə, məsələnin məhz dövlət başçıları ilə bağlı hissəsi biryolluq həll edilə bilər. Bu, heç də çətin deyil. Sadəcə, dünyanın başbilənləri yığışır və biryolluq olaraq avtoritar idarəçiliyi, diktaturanı cinayət kimi qəbul edən sənəd qəbul eləyir, bütün dövlətləri bu sənədə imza atmağa çağırır, imza atmayanları isə kollektiv şəkildə cəzalandırırlar. Vəssalam. Bir sözlə – diktatura cinayətdir!