Konqresmenlər hesab edir ki, Rusiya Cənubi Qafqazda qeyri-sabitlik və gərginliyə səbəb olur
Iyulun 7-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Rusiya təcavüzü qarşısında ABŞ maraqlarının müdafiəsi üçün yenilənməyə ara vermək vaxtıdır” mövzusunda dinləmələr keçirilib. Konqresmen Hovard Berman bildirib ki, ABŞ və Rusiya arasında mühüm sahələr üzrə fikir ayrılığının olmasına baxmayaraq, yeniləmə siyasəti iki ölkə arasında bir sıra vacib sahələrdə əməkdaşlığın inkişaf etməsinə səbəb olub.
Onun sözlərinə görə, Iranın nüvə silahı əldə etməsinin qarşısının alınması cəhdlərində Rusiya konstruktiv rol oynayıb. Konqresmen həmçinin qeyd edib ki, Rusiya və ABŞ Əfqanıstandan narkotik vasitələrin gətirilməsinin qarşısının alınmasında maraqlıdır, yeniləmə siyasəti nəticəsində narkotiklərlə mübarizə sahəsində əməkdaşlıq güclənib.
ABŞ Konqresinin üzvləri Vaşinqtonun son bir neçə ildə apardığı “yeniləmə” siyasəti ilə bağlı narahatlıqlarını ifadə edərək, bunun səbəblərindən birinin Rusiyanın Qafqazda qeyri-adekvat siyasəti olduğunu bildiriblər.
Konqresmenlər Rusiyanın təkcə Gürcüstanda deyil, bütün Cənubi Qafqazda yürütdüyü siyasətlə bağlı narahatlıqlarını ifadə ediblər. Bəzi konqresmenlər bildiriblər ki, Rusiya regionda qeyri-sabitlik və gərginliyə səbəb olur.
H.Bermanın fikrincə, Rusiyanın Cənubi Qafqazda sabitliyi pozduğunu göstərən daha bir amil odur ki, hal-hazırda Abxaziya və Cənubi Osetiyada münaqişədən əvvəl olduğundan daha çox rus qoşunu yerləşdirilib.
Floridadan olan konqresmen Ileana Ros-Lehtinen isə bildirib ki, Rusiyanın əsl məqsədi NATO-nu bölmək və region ölkələrinə onlarla bağlı məsələlərdə həlledici rolunu saxlamaq niyyətində olduğunu göstərməkdir:”Bu regiondakı hökumətlər və insanlar bunun belə olduğunu görür”.