Xaçmazlı iş adamının qətlinin gizlinləri

Nəcimə Babayevanın qətlində kimlər daha çox maraqlı idilər?

Xaçmazda baş vermiş tükürpədici bir qətllə qəzetimizin ötən saylarında məlumat vermişdik. “Azadlıq”ın əməkdaşı apardığı araşdırma zamanı rayonun mərkəzi bazarının sahibəsi Nəcimə Babayevanın qətli ilə bağlı yeni məlumatları üzə çıxarıb.

Eyni məzmunlu məktub əks qütblərə…

Ilk olaraq Xaçmaz rayonunun mərkəzində yerləşən “Arzu” Özəl Ticarət Mərkəzinin rəhbəri Nəcimə Babayevanın qətlinə qədər olan proseslərə diqqət yetirmək daha məqsədəuyğundur. Çünki hadisələrin buradan başlayan gedişi yekun olaraq bazar sahibinin qətli ilə sonuclanıb və bunlar arasında hər hansı bir bağlılığın olub-olmadığını araşdırmaq isə hüquq-mühafizə orqanlarının işidir.
Xaçmaz rayonunda yerləşən bazarın rəsmi sahibi 2006-cı ilə qədər Nəcimə Babayeva olub. Belə ki, Dövlət Əmlak Nazirliyinin 09.03.2001-ci ildə H000818 saylı Şəhadətnaməsində Babayeva Nəcimə Qayıtmaz qızının Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Kolxoz Bazarının sahibi olduğu göstərilib. Bir müddət sonra yaşlandığını görən N.Babayeva sahibi olduğu bazarı övladlarının adına keçirir və bunu da qanuni sənədləşdirmə yolu ilə reallaşdırır. Belə ki, Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi 01.03.2006-cı ildə H00276 saylı Şəhadətnamə ilə Təranə Həbibova, Kəmalə Həbibova, Gülnarə Həbibova, Fuad Həbibovu (hamısı N.Babayevanın övladlarıdır – R.D) bazarın mülkiyyətçisi kimi təsdiqləyib.
Ancaq bazarın gəlirli yer olduğunu görən Xaçmazdakı bir qrup adam onu Babayevanın əlindən almaq üçün savaşa başlayır.
Hələ xeyli əvvəldən bazarı ələ keçirmək üçün mübarizəyə hazırda Xaçmaz rayon Icra Hakimiyyəti başçısının birinci müavini Akif Mərdanov və onun başına yığılmış adamlar başçılıq edirlər. Onlar müxtəlif vasitələrdən istifadə edərək, bazarın ələ keçirilməsi üçün bütün dövlət instansiyalarına müraciət edirlər və eyni zamanda, müxtəlif iddialar irəli sürürlər. Hətta iş o yerə çatır ki, rayonda bazara dəxli olmayan hadisələr baş verən kimi, təcili “yuxarı”lara teleqram vuran Mərdanov məsələni Babayevanın üzərinə yıxmağa çalışır və mətləbə aid olmadığı halda belə, bazarın bağlanılmasını istəyir.
Işin ən gülməli tərəfi isə bazarda çalışan kiçik sahibkarların adından yalançı məktubun göndərilməsidir. “Arzu” Özəl Ticarət Mərkəzində çalışan 46 sahibkar Ilham Əliyevə müraciət edərək, bazar ətrafında gedən oyunlardan bezdiyini və bu işə başçılıq edən A.Mərdanovla bağlı ölçü götürülməsini xahiş edirlər. Üzərindən bir gün keçməmiş tam əks məzmunda bir müraciət hazırlayaraq, oraya eyni adamların imzalarını əlavə edərək onu Ilham Əliyevə göndərir. Işin üstü açıldığından Mərdanov hər şeydən imtina etməyə başlayır. Çünki dövlət başçısına müraciət edənlər belə bir sənədə imza atmadıqlarını deyirlər və bunun araşdırılmasını tələb edirlər.

250 min manatlıq təzminat

Bazarı ələ keçirmək üçün müxtəlif vasitələrdən istifadə edən Mərdanov ayrı-ayrı adamların əliylə, özü də olduqca gülməli və qəribə ittihamlarla məhkəmələrə baş vurmağa başlayır. Nəticədə, 2007-ci ildən etibarən başlayan məhkəmə prosesləri nəticəsində müxtəlif qərarlar çıxarılır və onların böyük əksəriyyətində bazarın sahibəsinin hüquqları müdafiə olunur.
Ancaq işin bu cür gedişini görən icra başçısının birinci müavini başqa iddialar ortaya atmaya başlayır. AYB üzvü olan və bir neçə kitabın müəllifi olaraq tanınan Babayevanın 2008-ci ildə nəşr olunmuş “Dünya dərdimdən xəbərsiz” adlı kitabında dərc olunmuş satirik şerlərini əsas götürərək, oradakı ifadələrin Xaçmazda işləyən dövlət məmurlarının və rayon sakinlərini “təhqir” etdiyini əsas gətirir. Ardından Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Babayevaya qarşı iddia qaldırırlar. Həmin iddiaya əsasən bazarın sahibəsi Babayeva xaçmazlıları “təhqir” etdiyi üçün ondan 250 min manat təzminat tələb edilir.
Bu azmış kimi, Sumqayıt Iqtisad Məhkəməsinə və digər instansiyalara müraciət edilərək, onlar qarşısında da Xaçmazda yerləşən bazarla bağlı müxtəlif iddialar qaldırılır. Hətta iş o yerə çatdırılır ki, Xaçmaz rayonunda yerləşən bazarın antisanitariya vəziyyətində olduğu iddia edilir. Aparılan yoxlamalar zamanı məlum olur ki, bazarda sanitar vəziyyət normaldır və bazarın yaxınlığındakı zibilliyin də bazara heç bir aidiyyəti yoxdur. Onu təmizləmək isə rayon Mənzil Istismar Idarəsinə aid olan məsələdir.
Işə Xaçmaz rayonunun icra başçısı Şəmsəddin Xanbabayev də tərəf kimi qoşulmağa başlayır.
Ali Məhkəmədə çalışan, icra başçısının qohumu, hakim Səadət Bektaşi vasitəsi ilə müxtəlif qərarlar çıxarılır. Həmin qərarlarda heç bir əsas olmasa da, icra başçısının maraqları təmin olunur və bazarın ələ keçirilməsi üçün addımlar atılır. Bununla bağlı, Babayevanın ailə üzvlərinin Ali Məhkəmənin sədri R.Rzayevə müraciət edərək, ondan hakim heyətinin dəyişdirilməsini istəmələri də cavabsız qalır. Və bu şəkildə davam edən müəmmalar, qeyri-qanuni addımlar nəticə etibarı ilə Xaçmazda yerləşən bazarın bir qrup adamın əlinə keçməsinə zəmin yaradır.

Ramin DEKO