Türkiyə şirkəti Azərbaycanda qazandığı tenderlə bağlı niyə susur?

Ötən ay ARDNŞ-in yeni inzibatı binasının – “SOCAR TOWERS”in tikintisindəki qanunsuzluqlarla bağlı apardığım jurnalist araşdırmasını dərc etdirdim. Diqqəti çəkənlər gördü ki, 235 milyon dollarlıq bu binanın layihəsi tam qanunsuz və qeyri-şəffaf aparılır. Bu məbləğdə dövlət sifarişi tenderlə aparılmalıdır. Amma tender necə keçirilib?

12 oktyabr 2010-cu ildə binanın təməlqoyma törənində Rövnəq Abdullayev bəyan etdi ki, nəhəng binanın inşaatını aparan “Tekfen Inşaat ve Tesisat A.Ş.” həmin ilin martında elan olunmuş tenderlə – açıq müsabiqə yolu ilə 8 nüfuzlu şirkət arasından seçilib. Amma hələ 2008-ci ildə ARDNŞ “Tekfen Inşaat”la bu binanın tikilməsi ilə bağlı protokol imzalayıb. Yəni 2010-cu ildə keçirilən tenderin qalibi 2008-ci ildən bəlli olub. Buna tender demək olarmı?Bundan əlavə, araşdırmada tam sübut edildi ki, “Tekfen”in ARDNŞ-in tenderində iştirak etməsi qanunsuzdur, çünki Azərbaycan qanunlarına görə (elə bütün dünyada), tenderi elan edən təşkilatla orada iştirak edən təşkilatlar arasında hər hansı ortaqlıq, ümumi maraq, asılılıq ola bilməz. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi həmin şirkətlərin tenderlərdə iştirakını maraqlar toqquşması kimi qiymətləndirir və yolverilməz sayır. Hələ 2008-ci ildə ARDNŞ və azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahibi olduğu “Palmali Holdinq” bu şirkətin 50 faizini satın almaq barədə “Tekfen” Holdinqlə razılaşma imzalayıblar. Bu razılaşma sonradan ertələnsə də, ləğv edilməyib. Üstəlik, bu şirkətlər həmin razılaşma olmadan da ortaqlığa sahibdir. Bu ortaqlıq “Azfen” şirkətidir. Bu şirkətin 60 faizi ARDNŞ-in, 40 faizi “Tekfen”indir. “Tekfen” Holdinqin rəhbəri Erhan Önər Türkiyə mətbuatına verdiyi açıqlamada bunu belə izah edir: “Biz zaten ortağız, bir-birimizi tanıyoruz”.

Deməli, “Tekfen” Azərbaycanda qanunsuz tenderə sahiblənib. Lakin bu haqda şirkətin özünə, bağlı olduğu holdinqə və hətta yerli nümayəndəliyinə informasiya sorğuları yollasam da, heç bir cavab almıram. “Tekfen” susur…

Söhbət isə böyük dövlət vəsaitlərinin xərclənməsindən gedir.  235 milyon dollar kiçik bir məbləğ deyil. 2011-ci il dövlət büdcəmizdə iri şəhərlərin xərcləri aşağıdakı kimi göstərilib (milyon manatla): Sumqayıt – 60, Gəncə 54, Şəki 31, Lənkəran 30. Bu 4 iri şəhərin 1 illik xərci “Tekfen”in qazandığı tenderin məbləğindən azdır. Bu haqda necə susmaq olar?

Ekspertlər bəyan edir ki, sözügedən layihənin icrası ilə bağlı şəffaflıq gözlənilmir və layihənin qiyməti xeyli şişirdilib.

Gəlin, bəzi müqayisələr aparaq. 200 metr hündürlüyündə olacaq 40 mərtəbəli “SOCAR TOWERS”-in 100 min kvadrat metr istifadə sahəsi olacaq. Binanın başa gəldiyi 235 milyon dollar (185 milyon manat) xərci bu sahəyə bölsək, binanın 1 kv.m. sahəsi 1880 AZN-ə (2300 dollara) başa gəlir. Astanadakı “Asıl Tac” – “Emerald Towers” 350 milyon dollara başa gəlib, 2010-cu ildə açılıb. 37, 43 və 54 mərtəbəli 3 bina-əkizdən ibarət olan bu kompleksin ən hündürü 210 metr olsa da 280 min kv.m. sahəyə sahibdir və 15 min adamın işləməsinə imkan verir. Sokar TOWERS-in 2200 nəfərlik binasını onunla necə müqayisə etmək olar? Üstəlik, “Asıl Tac”ın 1 kv.metri 1250 dollara başa gəlib (350.000.000 /280.000=1250 $), “SOCAR TOWERS”in 1 kv.metri isə 2300 dollara. Nədən?

Ekspertlər deyir ki, ARDNŞ-in tikdiyi binanın qiyməti ən azı 2 dəfə şişirdilib. Bir sözlə, ictimaiyyətin çox sualları var bu layihə barədə. ARDNŞ susur bunlar haqda, bəs “Tekfen” niyə susur? Türkiyədə susmaq olardımı?