Qaçma, dayan, Azərbaycan!

Heç bilmirəm nədən başlayım. Deyiləsi söz çoxdur. Dünya azərbaycanlıları növbəti dəfə Bakıda toplaşdı. Mən özüm də xaricdə olmuşam və onu bilirəm ki, kənarda adamı qəribə bir təəssübkeşlik hissi bürüyür, başlayırsan bəzi-para məsələləri unutmağa. Amma geriyə dönəndə sanki yuxudan ayılırsan və özün də təəccüb qalırsan ki, axı mən nəyin təəssübünü çəkirəm?! Bəli, bunların məntiqi budur ki, biz heç vaxt demokratik olmayacağıq, özümüz də bildiyimizi edəcəyik, var-dövlət, sərvət toplayacağıq və sizlərə də qəpik-quruş ayıracağıq ki, sizlər kənarda bizi tərif edəsiniz!

Mən özümü patriot və kifayət qədər təəssübkeş adam hesab edirəm. Amma bir sual məni heç vaxt tərk etmir. Mən hansı Azərbaycanı müdafiə etməliyəm? Axı bu Azərbaycan mən deyən ölkə deyil və hətta gələcəkdə də olmaq da istəmir!.. Konseptual yanaşma da yoxdur. Bəli, biz öz hesabımıza xaricdə parklar tikirik, orada öz öndərlərimizə heykəllər qoyuruq və zənn edirik ki, bu yolla əcnəbilərin daş ürəklərinə yol tapacağıq. Amma təəssüf… Çox primitiv yanaşmadır. Hələ o məsələni demirəm ki, bu xərclər hamısı millətin cibindən gedir və onlar elə həqiqətən də millətin yüksəlişinə sərf olunsaydı, bunu bəlkə də başa düşüb anlamaq olardı. Amma belədirmi? Bu günlərdə bir yerdə maraqlı bir detala rast gəldim. Sən demə, bir vaxt azərbaycanlılar qara bazarda qiyməti cəmi 74 qəpik olan kitaba, O.Süleymenovun “Az i Ya” kitabına maşın verirlərmiş!

Bax, budur mədəniyyət! Amma indi elə həmin azərbaycanlılar iki-üç manat verib kitab almırlar… Mədəniyyəti adlar yaşadır. Ç.Aytmatov elə əsl mənada ad idi, mədəniyyət hadisəsi idi. Belə adlar yetişdirmək lazımdır. Onda hamı bizi tanıyacaq və xüsusi təqdimata da ehtiyac qalmayacaq. Vətənpərvərliyə gəldikdə isə bu yaxınlarda Rusiya kanallarında nümayiş etdirilən maraqlı bir filmdən – “Dostoyevski” filmindən sitat gətirmək istəyirəm. Həmin filmdəcə Turgenev deyir ki, Rusiya sadəcə mənim doğulduğum yerdir! Bəli, rus dilini hamıdan yaxşı bilən və bu dildə hamıdan, hətta müasirlərinin və özünün də etirafına görə Dostoyevskidən də yaxşı yazan Turgenevi bu sözləri deməyə vadar edən səbəblər haqqında düşünmək lazımdır. Indi çox ölkələr belədir, insanlar üçün sadəcə doğulduqları yerdir.

Yerini tapa bilməyən Azərbaycan

Bəli, bunlar AB ilə assosiativ üzvlük müqaviləsini imzalamaq istəmirlər. Hər dəfə mənim yadıma məşhur bir deyim düşür: Şərqdə ancaq hökmdarlar, hə, yalnız onlar azad olurlar! Bu məntiqlə bizimkilər də Avropanın bütün müasir üstünlüklərindən yararlanırlar, amma başqalarına bunu rəva görmürlər. Hər şey olduqca sadədir. O şey ki, bunların hakimiyyətini məhdudlaşdırır və o şeylər ki, insanların azadlığını artıra bilər, bunlar üçün qeyri-məqbuldur və onu qəbul etmirlər. Avropa ilə yaxınlaşmaq nə deməkdir? Siyasi islahatlar, demokratiya və insan haqları! Bunlar, bu hakimiyyət buna razı ola bilərmi? Onu da başa düşmək istəmirlər ki, insanları çox yaxşı yaşasa da heç kim və heç bir ölkə, hətta Küveyti azad ölkə, yaşamalı ölkə hesab etmir və oradaca yaşamağı arzulamır! Yenə də mədəniyyətə qayıtmaq istəyirəm. Ölkəni neft pullarınaca xaricdə açılmış parklar deyil, oxunmaqdan vərəqləri saralmış və köhnəlmiş bir kitab daha çox tanıdır! Bir də ölkəni onun qaydaları və daxili nizamı tanıdır, almanlarda, ingilislərdə olduğu kimi…

NATO-nun qəliz məntiqi

Bir detalı da qeyd etməliyəm, çünki onu deməmək düzgün olmazdı. Elə bəri başdan deyim ki, mən təhlükəsizlik məsələlərilə məşğul olan siyasətçiləri o qədər də sevmirəm. Bəli, NATO-nun Bakıda səfərdə olan nümayəndəsi ərz etdi ki, Qarabağ probleminin hərb yolu ilə həlli yoxdur. Bunu görün bir kim deyir? Əfqanıstanda, Iraqda və Liviyada məsələləri məhz hərb yolu ilə həll edən hərbi-siyasi alyansın nümayəndəsi! Necə olur ki, Əfqanıstan, Iraq və Liviya məsələlərinin hərbi yolla həlli olur, amma Qarabağ probleminin hərb yolu ilə həlli mümkün olmur?! Bax, bu məntiq bizim insanları hələ tərəddüd etməyə, bu hakimiyyətin dediklərinə inanmağa vadar edir. Təəssüf…