
Oğuznamə – oğuz eposu…
Oğuz türklərinin qədim folklor nümunələri kimi yaranan oğuznamələrin yazıya alınma tarixi hardasa min il əvvələ gedib çıxır. Bu misilsiz nümunələr dünyanın ən nüfuzlu kitabxanalarında yer alsa da, indiyədək çox az öyrənilmişdir. Zamanla şifahi xalq ədəbiyyatı nümunəsi kimi “ömrünü” başa vuran oğuznamələr mənsub olduğu xalqın yaddaşında silinməz izlər qoymuşdur. Elə izlər ki, sonrakı dövrlərdə meydana gələn mədəniyyət nümunələrində onun ruhu mütləq mənada hiss olunur. Araşdırmaçıların bir çoxu hesab edir ki, “oğuznamə” nədir? – sualına hələ düzgün cavab verilməmişdir. Bu nümunələri araşdıran tədqiqatçı Ramazan Qafarlı oğuznamələri dünya mədəniyyəti xəzinəsinin nadir yaradıcılıq hadisələrindən biri hesab edir: “Oğuznamə”ni dastanla eyniləşdirib coğrafi məkanı qabartmaqla hər hansı konkret xalqa məxsusluğu əsaslandıran “möhürdamğa” tək göstərənlər yəqin belə bir sorğuya cavab verməkdə acizdirlər. Dastan və nağıllarda coğrafi məkan şərti xarakter daşıyır. Deməli, coğrafi-məkan məsələsinə, eləcə də bir çox başqa cəhətlərinə görə oğuznamə sırf dastanın analoqu deyil. Onun öz çəkisi, gerçək hadisələrə, xüsusilə yurd – məkan məsələsinə öz münasibəti var. Bunları aydınlaşdırmadan coğrafi-məkan faktoru ilə heç vaxt öyünə bilmərik”.
Professor K.Vəliyev türk alimlərinin tədqiqatlarını ümumiləşdirərək belə qənaətə gəlir ki, “Oğuznamə – türk xalqının həyatını, mübarizəsini, mənəviyyatını əks etdirən ədəbi-tarixi qaynaqdır. Oğuznamə – oğuz eposudur. Oğuznamə oğuz tarixidir. Oğuznamə – oğuz mədəniyyətinin nəsildən-nəslə keçə-keçə yaşayan həyat kitabıdır”.
Oğuznamə – folklora, yoxsa yazılı ədəbiyyata aiddir?
Oğuznamə xüsusi janrdır, yoxsa epik növün başqa canrının bir formasıdır? Bu məsələləri aydınlaşdırmaq üçün oğuzların kimliyi, tarixin hansı mərhələsində bu adla yaşamaları, eləcə də oğuznaməni düzüb-qoşan ozanların oxşar və yaxın sənətlər sırasında rolu, mövqeyi müəyyənləşdirilməlidir. Azərbaycan, Anadolu türklərinin, türkmənlərin və qaqauzların ulu babaları-oğuzlar haqqında ilk yazılı tarixi mənbə Orxon-Yenisey daş kitabələri hesab edilir. “Göytürk imperatorluğu dövründəki türk ellərindən biri də doqquz boydan ibarət oğuzlar idi. Onlar VII əsrin II yarısı ilə VIII əsrin I yarısı arasında Tula çayı boyunda yaşayırdılar. Doqquzoğuzlar türk eli ilə birlikdə Göytürk dövlətinin əsasını təşkil edən ikinci ünsürdür. Bunlar göytürklərin siyasi xələfləri olan uyğurlar dövründə də eyni mahiyyətdə bir rol oynamışlar. Oğuzlara XI əsrdə türkmən və türk deyilmişdir. Lakin ”oğuz” sözü dastanlarda xatirəsi yaşadılan əcdadlarının adı kimi xalq arasında uzun müddət işlədilmişdir. Oğuzlar orta dövrlərdə dünya tarixində böyük rolu olan səlcuq, atabəylər, qaraxanilər, osmanlı, ağqoyunlu və səfəvi kimi qüdrətli imperiyalar yaratmışlar” (Faruq Sümər. Oğuzlar).
Fərqli fikirlər, fərqli rəylər
Bəzi oğuznamələr öz başlanğıcını Oğuz eli haqqında tarixi əfsanə, rəvayət və hətta xatirələrdən götürür. Oğuz tarixi (və əslində türkman tarixi) ilə bağlı tarixi əfsanə və xatirələrin oğuznamələrin materialına çevrilməsi tamamilə təbiidir. Belə əfsanələrdə hər hansı bir tayfanın, tirənin, Oğuz soyu və Oğuz törəmələri ilə bağlılığından söz açılır. Bu geneoloji əfsanələrdən bəzisi “Şəcəreyi-tərakimə” və Türkmənistan türkmənlərinin etnoqrafiyası və folkloru ilə bağlı araşdırmalarda özünə yer tapır. Belə əfsanələrin vaxtilə bütün türkman dünyası içərisində varlığı şübhə doğurmur.
“Oğuznamə tarixi sosium olaraq, Oğuz konfederasiyasını təşkil edən 24 oğuzun varislərinin şifahi bədii yaradıcılığının məhsuludur. Oğuzlar haqqında mətnlərdə tarixi sosium epik sosiuma çevrilərək türkmanların əcdadları haqqında şifahi bədii yaradıcılıq hadisəsi – Oğuznamə şəklini alır. Oğuznamələrin epik/poetik mahiyyəti ümumi şəkildə bundan ibarətdir. Bəzi müəlliflər oğuznamələrin yaranması dövrünü onun yazıya alınmış əlyazmaları əsasında müəyyənləşdirməyə çalışırlar. Qədim qaynaqlarda Oğuznamə axtarışı, yazıya alınmış Oğuznamə əlyazmalarını qədimləşdirmək cəhdi bu münasibətdən doğur. Belə müəlliflər Oğuznamə haqqında fikir yürüdərkən bir çox hallarda şifahi bədii yaradıcılığın qanunlarını bir kənara qoyurlar. Oğuznamə haqqında ziddiyyətli fikirlərin bir qismi buradan doğur”(Əfzələddin Əskər).
Oğuzların tarixi sonrakı əsrlərdə yarım tarixi, yarım əfsanəvi xarakterli xalq dastanlarında özünə daha geniş yer tapmışdır ki, bu, elm aləmində “oğuznamələr” adı ilə tanınır. Oğuznamələrin türk epik ənənəsində yeri haqqında F.Bayatın araşdırmaları da xüsusi maraq doğurur. Alim oğuznaməni dastanın tarixi inkişaf mərhələrində mühüm bir qolu kimi götürərək yazır: “Türk epik yaradıcılığında oğuznamə motivləri zaman və məkan baxımından uzun bir yox keçərək Oğuz yabqu dövlətində dastan kimi yenidən qurulmuş, bir sıra türk dastanlarında olduğu kimi əski mifoloci düzümü bu və ya digər dərəcədə yaşatmışdır. Mifoloji və tarixi hekayət kimi uzun zaman türk etnik mədəniyyətində yaşayan oğuznamə motivləri özündə bir neçə tarixi xatirələrini, faktlarını yaşadaraq Səlcuqlar və Elxanilər dövründə oğuzların milli dastanına çevrilmişidir”. Burada oğuznamə deyəndə, xüsusi formaya, struktura malik janr deyil, ümumtürk dastançılığının böyük bir tarixi mərhələsində xalq arasında (xüsusilə oğuzlarda) geniş yayılan bir motiv başa düşülür. Oğuzçuluq isə həmin motivin mayasında duran əsas surətdir.
“Qafqazda yaşayan oğuzlar…”
Oğuznamənin yaranması məsələsinə yanlış münasibət başqa bir müstəvidə də özünü göstərir. Oğuznamə haqqında araşdırmalarda bir çox hallarda Oğuznamə süjetlərinin, motivlərinin qədimliyi ilə oğuznamələrin yaranması dövrü eyniləşdirilir. Oğuznamələrin yaranmasına bu şəkildə yanaşmanın tarixi qədimdir. “Kitabi-Dədə Qorqud”un XV əsrin əvvəllərində tərtib olunması fikrində olan B.B.Bartold “bəzi əfsanələrin süjetlərinin həddən çox qədim” ola biləcəyini söyləyir. Hər hansı şifahi bədii mətnin yaranmasından danışarkən onun bu və ya başqa bir elementinin qədimliyini vurğulamaq, bir çox hallarda doğru anlaşılmır və sözügedən qədimlik, ümumiyyətlə, mətnin yaranması tarixi kimi anlaşılır. Belə arxaik elementlərə nəinki orta əsrlərdə və hətta bu gün yaranan folklor mətnlərində də təsadüf olunur. Bu hal şifahi bədii mətnin ənənəviliyi ilə bağlıdır. Yəni hər hansı folklor mətni, ona qədər mövcud olan şifahi folklor ənənəsinin qanunları ilə yaranır. Qarşılaşdığımız bu vəziyyət arxaik epik ənənənə ilə Oğuznamənin münasibətindən, konkret olaraq birincinin ikinciyə transformasiyasından danışmaq zərurəti yaradır.
Oğuzların Azərbaycanda yaşamaları ilə bağlı tarixçilərimiz və ədəbiyyatşünas alimlərimiz bir-birindən ziddiyyətli qənaətlər irəli sürmüşlər. Bu tarixi Ə.Dəmirçizadə, H.Araslı, M.Təhmasib XI-XII əsrlərə, S.Cəmşidov bir neçə əsr əvvəl, S.Əliyarov VI-VII yüzilliklərə aid etmişdir. Son illərin araşdırmalarında isə bu tarixi eramızdan əvvəllərə aparıb çıxarırlar.
“Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı tarixi mənbədə göstərilir ki, Bayandur xan oğuzların başçısıdır, qalan döyüşçülər özlərini onun övladları hesab edirlər. X.Koroğlunun fikrincə, “Bəhr-əl-ənsab” kitabında verilən “Qafqazda yaşayan oğuzlar özlərini bir soydan hesab edirlər, hamısı Bayandur xanın döyüşçüləridirlər” cümlələri eynilə “Dədə Qorqud” dastanında da işlənmişdir: “Oğuz bəyləri gürcü kafirləri ilə döyüşür və belə qərara gəlir ki, Gürcüstanın doqquz vilayətinin bəyindən vergi alsınlar”. Dəqiq dövr də göstərilir: oğuzların islamı qəbul etmələrindən 700 il əvvəl. “Bəhr-əl-ənsab” müəllifi türk tayfalarının inanc sistemi ilə üst-üstə düşən daha maraqlı fakt gətirir: “Oğuzların heç bir dindən xəbərləri yox idi, onlar ancaq göydə olan tək allaha inanırdılar”. X.Koroğlu düzgün olaraq, onun “Orxon-Yenisey” abidələrində adı çəkilən Göy Tanrısı olduğu qənaətinə gəlir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir



