Dünya azərbaycanlılarının qurultayına Güneydən dəvət alan olmayıb
Mehriban Vəzir: «Güneyli soydaşlarımızın qurultaya dəvət edilməməsi sayğısızlıqdan daha çox, cəsarətsizlikdir»
Aqil Səmədbəyli: «Əgər güneylilərin haqları, hüquqları bu qurultayda tələb olunmursa, o zaman bunun ancaq adı dünya azərbaycanlılarının qurultayı olur»
Iyulun 5-də baş tutan dünya azərbaycanlılarının III qurultayında 42 ölkədən 579 nümayəndə, 30 ölkədən 211 qonaq iştirak etsə də, onların arasında Güney Azərbaycanı təmsil edən olmayıb. Baxmayaraq ki, dünya azərbaycanlıları arasında ən çox problemi olan da elə güneylilərdir. Bəs onların diqqətdən kənarda qalmasının əsas səbəbi nədir? Hətta bəzi fikirlərə görə, bu günlərdə Azərbaycana səfər etmiş Iran parlamentinin sədri Əli Laricani rəsmi Bakıdan güneylilərin nümayəndələrinin qurultaya dəvət edilməməsini istəyib. Görünür, onun bu tələbi yerinə yetirilib və qurultaya Güney Azərbaycandan qatılan olmayıb.
Yazıçı-publisist, Ictimai Palatanın üzvü Mehriban Vəzir güneyli soydaşlarımızın qurultaya dəvət edilməməsini və diqqətdən kənarda qalmasını sayğısızlıqdan daha çox, cəsarətsizlik kimi qiymətləndirdi. Iranla həddindən artıq çox hesablaşan Azərbaycan hakimiyyəti Güneydə yaşayan 30-35 milyon insanın hörmətini saxlamağa özündə cəsarət tapmır. M.Vəzir Irandan ölkəmizə üz tutan azərbaycanlıların burda vəziyyətinin yaxşı olmadığını da vurğuladı: “Onların sənədləşmə prosesi, üçüncü ölkəyə getmək məsələsi son dərəcə pis vəziyyətdədir. Çox əziyyət çəkirlər. Ümumiyyətlə, Azərbaycan hökuməti sahibsiz qalmış vətəndaşlara hörmət etmir. Buna cəsarəti çatmır: ”Xüsusilə son günlər Iranla sərhəddəki atışmaya diqqət yetirmək istəyirəm. Təsəvvür edin, Iran o qədər hədləri aşıb ki, öldürülən zabitin sərhəddi keçdiyini deyir. Tutaq ki, elədir. Onda onu öldürmək lazım idi? Bütün bu hallara Azərbaycan tərəfi susur”.
M.Vəzirin sözlərinə görə, Azərbaycanın bu hərəkətləri artıq qonşuluq münasibəti deyil. Sadəcə öz sərhədlərinə, öz adına, dövlətinə hörmətsizlikdir.
Ictimai Palatanın üzvü Aqil Səmədbəyli isə Azərbaycan hökumətinin Güney məsələsinə diqqətsiz yanaşmasının adi hal aldığını deyir: “2006-cı ildə Güney azərbaycanlılar Iranın rəsmi qəzetlərində təhqir olundu. Bununla bağlı 22 şəhərdə soydaşlarımız etiraz etdilər. Həmin hadisədə fars-molla rejimi bizim soydaşlarımıza qarşı çox sərt davrandı və onların hüquqlarını ciddi şəkildə tapdaladı. Həmin dövrdə hakimiyyətin nəinki rəsmi orqanları, eyni zamanda bunlara yaxın qeyri-hökumət təşkilatları da ordakı soydaşlarımızın müdafiəsi ilə bağlı hər hansı bəyanat verməyə cəsarət etmədilər”.
A.Səmədbəylinin sözlərinə görə, mövcud rejimin Iranla bağlı siyasəti son dərəcə ehtiyatlıdır. Bu siyasət davamlı olduğundan qurultayda belə bir davranış nümayiş etdirilib: “Dünya azərbaycanlılarının beşdə dördü hazırda Güneydə yaşayır. Əgər onların haqları, hüquqları bu qurultayda tələb olunmursa, birmənalı şəkildə oradakı soydaşlarımızın həbsinə, bütün mənalarda hüquqlarının məhdudlaşdırılmasına münasibət bilinmirsə, o zaman bunun ancaq adı dünya azərbaycanlılarının qurultayı olur”.
Fizzə