Bu işdə də Azərbaycan hakimiyyətinin barmağı var
Razi Nurullayev: «Azərbaycandan kənarda fəaliyyət göstərən diaspor təşkilatları müxalifətyönlü və iqtidaryönlü olur»
«Müxalifətyönlü təşkilatlar daha güclüdür, lakin dövlət onlarla hesablaşmaq istəmir»
Iyulun 5-i dünya azərbaycanlılarının III qurultayında ölkə başçısı Ilham Əliyev bəzi hallarda səfirliklərlə diaspor təşkilatları arasındakı ziddiyyətlər barədə danışıb. Prezident seviyyəsində bu faktın etirafı məsələnin ciddiliyindən xəbər verir. Bu vaxta qədər də dəfələrlə xarici ölkələrdəki nümayəndəliklə diasporlar arasında problemlərin yaşandığı barədə məlumatlar yayılıb. Bu yaxınlarda Sankt-Peterburqda baş verən hadisə də buna misaldır. Bəs səfirliklərlə diasporlar arasında problemlərin yaşanmasının əsas səbəbi nədir?
AXCP sədrinin müavini, politoloq Razi Nurullayev Azərbaycandan kənarda fəaliyyət göstərən diaspor təşkilatlarının da özünün xarakterinə görə müxalifətyönlü və iqtidaryönlü olduğunu deyir. Bəziləri də yalnız özlərinin maraqlarına xidmət edən diasporlardı. Bunlarda əsasən biznes maraqları üstünlük təşkil edir.
Ekspert müxalifətyönlü təşkilatların daha güclü olduğunu, lakin dövlətin onlarla hesablaşmaq istəmədiyini bildirdi. Belə diaspor nümayəndələri rəsmi tədbirlərə dəvət edilmir. Rəsmilər onların Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı fikirlərinə də mənfi yanaşır: “Belə diasporların fəaliyyət göstərdiyi ölkələrdəki səfirliklər istəyir ki, onlar Azərbaycan hökuməti ilə bağlı heç bir kritik məqamlara toxunmasınlar. Bu da narazılıq yaradıb. Ona görə də onlar arasında əməkdaşlıq pozulur”.
R.Nurullayev, hətta hakimiyyətin yaratdığı diaspor təşkilatları ilə səfirliklər arasında narazılıqların yarandığını vurğuladı. Çünki bu təşkilatlar hakimiyyətdə olan müxtəlif qrupların təzyiqi və yaxud təsiri altındadır. Ona görə də onların maraqları səfirliklərin maraqları ilə üst-üstə düşmür.
Ekspertin sözlərinə görə, bəzi diaspor təşkilatları özləri özlərini formalaşdırıb. Kifayət qədər gücü olan bu təşkilatları hakimiyyətin yaratdığı və dövlətin nəzarətində olan Diaspor Komitəsi öz nəzarətinə almaq istəyir. Lakin bu tip diaspor təşkilatları əsasən biznes fəaliyyəti ilə məşğuldur və fəaliyyət göstərdikləri ölkələrin yüksək dairələrinə çıxmaq imkanları var. Belə diasporlar əsasən Türkiyədə, Rusiyada və Ukraynada fəaliyyət göstərir.
R.Nurullayevin fikrincə, əgər dövlət tərəfindən diaspor təşkilatlarına eyni münasibət göstərilməzsə, birliyin alınması mümkün deyil.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə daha çox diaspor təşkilatlarının öz aralarında problemlərin yaşandığını deyir. Səfirliklərin isə burda hakim rolu oynaması mümkün deyil.
Lakin bununla belə, S.Rüstəmxanlı xoşagəlməz halların baş verdiyini də vurğuladı. Sankt-Peterburqda baş verən olay da buna misal ola bilər.
Fizzə


