İctimai Palatadan hakimiyyətin ittihamlarına cavab

Son vaxtlar Ictimai Palatada ciddi fikir ayrılığının olduğu barədə iqtidar mətbuatında müxtəlif məlumatlar dərc olunmaqdadır. Bundan başqa, iqtidar mətbuatındakı tezisləri əvvəlcə YAP funksionerləri, daha sonra isə bir sıra müxalifət partiyalarının liderləri də çıxışlarında təkrarlayırlar. Mövzu ilə bağlı münasibətini öyrəndiyimiz IP üzvləri aparılan kampaniyanın həqiqətə uyğun olmadığını dedilər.

“İqtidar mətbuatında yazılanların reallıqla heç bir əlaqəsi yoxdur”


IP Koordinasiya Şurasının üzvü Ədalət Yusibov bildirdi ki, iqtidar mətbuatında yazılanların reallıqla heç bir əlaqəsi yoxdur: “Ictimai Palatanın rəhbərliyində təmsil olunan şəxs kimi deyə bilərəm ki, təşkilatın rəhbərliyində ciddi fikir ayrılığı yoxdur və olmayıb. Sadəcə olaraq Ictimai Palata aksiyalarla bağlı qərar verərkən mitinqin tarixi ilə bağlı müxtəlif fikirlər söylənilə bilər. Belə olan halda bəzi müxalifət partiyalarının liderlərinin Ictimai Palata haqqında söylədikləri təəssüf doğurur. Amma ”uman yerdən küsərlər” – deyiblər. Bəlkə bu, müxalifətin daha da geniş birliyinin olması arzusundan qaynaqlanır”.

«İqtidar mətbuatının Ictimai Palataya bu cür diqqət ayırması hakimiyyətin təşvişindən xəbər verir»


IP üzvü Yeganə Əmiraslanova da iqtidar mətbuatında yazılanlara əhəmiyyət verməməyə çağırdı: “Iqtidar mətbuatının Ictimai Palataya bu cür diqqət ayırması onu göstərir ki, bu təşkilat ciddi təşkilatdır və hakimiyyət ondan çəkinir. Bu hal eyni zamanda hakimiyyətin təşvişindən xəbər verir”.

«Hakimiyyət Ictimai Palatanı müxalifətin güc mərkəzi saydığından, ona qarşı kampaniya aparır»


IP Koordinasiya Şurasının üzvü Köçəri Nağıbəylinin sözlərinə görə, hakimiyyətin yenidən Ictimai Palataya qarşı kampaniya aparması təəccüblü deyil. Bu bir daha IP-nin gücünü nümayiş etdirir: “Ictimai Palatada iş öz axarı ilə gedir. Təşkilatda hər hansı ciddi fikir ayrılığı yoxdur. Iqtidar həmişə müxalifətin güc mərkəzlərinə qarşı çirkin kampaniya aparıb, bu cür informasiyaların da yayılması bu siyasətin tərkib hissəsidir. Indi də Ictimai Palata müxalifətin güc mərkəzi olduğundan, o, bu cür ittihamlarla üzləşib”.

Xəyal