Suriya diktatoru insanlığa qarşı cinayətdə ittiham olunur
Əsəd rejiminin hakimiyyətə qarşı etirazları yatırmaq məqsədi ilə təhlükəsizlik qüvvələrinin ölkənin şimalındakı Həma şəhərində 2 gün öncə başlatdığı qanlı əməliyyat nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
“AFP” agentliyinin verdiyi xəbərə görə, Suriya Insan Hüquqları Təşkilatının sədri Əmmar Kurabi yazılı açıqlamasında əməliyyatlar zamanı ən az 22 adamın öldüyünü, bəzilərinin ağır olmaqla 80-dən çox insanın yaralandığını bildirib. Yaralıların Həmadakı iki xəstəxanaya yerləşdirildiyini söyləyən Kurabi əsgərlərin həmin tibb məntəqələrindən birinə soxularaq yaralılara işgəncələr verdiyini vurğulayıb. Əməliyyatlardan canını qurtarmağa çalışan şəhər sakinlərinin kütləvi halda yaxınlıqdakı Əl Salamiyə ilə paytaxt Dəməşq şəhərlərinə doğru qaçdıqları bildirilir.
Əsəd rejiminin əmrindəki əsgərlər günlərdir hakimiyyətə qarşı etirazların keçirildiyi Həma şəhərinin mühasirəsini daraldıb. Şəhərin ətrafında tankların yerləşdirildiyi haqda xəbərlər yayılıb. Şahidlər təhlükəsizlik qüvvələrinin iyulun 5-də zirehli texnikanın şəhərə girişinə maneə törətmək istəyən hakimiyyət əleyhdarlarını atəşə tutduğunu, nəticədə 14 nəfərin öldüyünü söyləyib.
Bundan başqa, Həma şəhərində keçirilən əməliyyatlara baxmayaraq, müxalifət tərəfdarları Bəşər Əsədin istefası tələbiylə mitinqlərin keçirilməsini təxirə salmayıb. Gecə saatlarında hakimiyyət əleyhdarları küçələrə axışaraq Bəşər Əsədin istefasını və şəhərdə başlanan əməliyyatın dayandırılmasını tələb ediblər. Həma şəhəri mart ayında başlayan və ölkənin böyük bir hissəsinə yayılan antiƏsəd üsyanının mərkəzinə çevrilib. Siyasi cəhətdən fəal bölgə kimi tanınan Həma həm də 1982-ci ildə o zamankı Suriya diktatoru Hafiz Əsəd rejiminin “Müsəlman Qardaşları Hərəkatı”nın bu şəhərdəki üsyanını yatırmaq üçün on minlərlə insanın qətlə yetirilməsi ilə yadda qalıb.
Bu arada “The Amnesty International” təşkilatı Təl Kəlak şəhərində antihökumət aksiyaları zamanı həbs edilən 9 etirazçının təcridxanada öldüyünü əsas gətirərək Birləşmiş Millətlər Təşkilatından (BMT) Suriyanın Beynəlxalq Cəza Məhkəməsinə (Haaqa Tribunalı) verilməsini istəyib.
Təşkilatın açıqlamasında bildirilir ki, Təl Kəlak şəhərində törədilənlər insanlığa qarşı cinayətdir və bu hərəkətlər dinc əhalinin sistemli şəkildə qətliamının tərkib hissəsidir. Baş verənləri “dağıdıcı təhlükəsizlik əməliyyatı” adlandıran “The Amnesty International” Suriya diktatoru Bəşər Əsəd hakimiyyətinə qarşı dinc aksiyalar zamanı çoxlu sayda etirazçının həbs olunaraq işgəncələrə məruz qaldığını bəyan edib.
“The Amnesty International”ın Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə sədr müavini Filip Lüterin sözlərinə görə, təşkilatın hesabatındakı faktlar insanlığa qarşı cinayət hallarının Haaqa Tribunalının araşdırmasına hüquqi əsas verir. Bunun üçün də BMT TŞ bu barədə qərar çıxarmalı və araşdırmaların aparılmasını Beynəlxalq Cəza Məhkəməsinə həvalə etməlidir.
Xatırladaq ki, Təl Kəlak şəhərində mayın 14-də başlayan əməliyyatlar nəticəsində minə yaxın insan həlak olub, bir o qədər də yaralanıb. “The Amnesty Inernational” şəhərdə baş verən hadisələrin hesabatını oradan Livan və Türkiyəyə qaçmış sakinlərə istinadən hazırlayıb.
Tural