BMT-dən İsrailə qarşı hesabat

Rəsmi Təl-Əviv fələstinli nümayişçilərin qətlində ittiham olundu

Bu il mayın 15-də Livan-Israil sərhədinə yaxın Nakba bölgəsində etiraz aksiyaları zamanı meydana gələn hadisələrlə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) hazırladığı hesabatda rəsmi Təl-Əviv nümayişçilərə əsassız yerə güc tətbiq etməkdə günahlandırılıb.
BMT-nin baş katibi Pan Gi Munun göstərişilə hazırlanan hesabat bir neçə gün əvvəl BMT Təhlükəsizlik Şurası üzvlərinə paylanıb. Hesabatda bildirilir ki, Israil əsgərləri Livandakı fələstinli etirazçıların təhlükəsizlik kordonlarına yaxınlaşdığı vaxt onlara atəş açıb və nəticədə 7 nəfər həlak olub, 111 adam yaralanıb.
15 may aksiyaları zamanı Israil-Suriya sərhədində də gərginlik yaranmış və nəticədə 4 nəfər həlak olmuşdu. Buna baxmayaraq, BMT-nin hesabatında xüsusilə, Israil-Livan sərhədində baş verənlər öz əksini tapıb.
BMT-nin baş katibinin göstərişilə hesabatı hazırlayan təşkilatın Livan üzrə xüsusi koordinatoru Maykl Uilyams Israilin qəzəbinə tuş gəlib. Rəsmi Təl-Əviv qeyri-müəyyən vaxtadək Uilyamsla bütün əlaqələrin dayandırıldığını bildirib.

İnformasiya şöbəsi