Bir həbsin müəmmalı tarixçəsi

Toyuğun yumurtaya dəxli yoxdur

“Iyunun 6-da Təhsil Nazirliyində operativ əməliyyat keçirilib və nazirliyin maliyyə şöbəsinin müdir müavini Orxan Kərimov həbs edilib” – bu məlumat qısa zamanda yayıldı. Müxtəlif istiqamətlərdən redaksiyaya zəng edib Təhsil Nazirliyində kütləvi həbslər aparıldığını xəbər verirdilər. Xəbəri dəqiqləşdirməyə xüsusi ehtiyac olmadı. Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə təmsil etdiyi qurumun qayğısına qalmağa vaxt tapmışdı. Onun açıqlamasına diqqət yetirin.

“Azadlıq” radiosuna danışan Bayram Hüseynzadə bu saxlanmanın nazirliyin müraciəti əsasında gerçəkləşdiyini deyib:
“Təxminən bir ay əvvəl nazirlik təhsil sənədlərini saxtalaşdıran Rafiq Hüseynov adlı şəxslə bağlı Baş Prokurorluğa müraciət edib. Həmin şəxs saxlanandan sonra bu işlə bağlı Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin əməkdaşı Orxan Kərimov da şübhəli şəxs qismində saxlanılıb. Nazirliyin digər əməkdaşlarının dindirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.
Dərhal reaksiya, yayılan məlumatların təsdiqi və təkzibi. Burada diqqəti çəkən məqam nazirlik sözçüsünün təhsil sənədlərinin saxtalaşdırıldığından danışması və Orxan Kərimovun da məhz bu işə görə şübhəli şəxs kimi saxlanıldığını təsdiqləməsidir. Təhsil Nazirliyi bundan sonra hər hansı açıqlama verməyib. Iyunun 30-na kimi…
Iyunun 7-də isə Milli Təhlükəsizlik Nazirliyi və Respublika Prokurorluğu birgə məlumat yaydı. Məlumatda deyilir: “Birgə əməliyyat tədbirləri nəticəsində uzun müddət özünü vəzifəli şəxs kimi təqdim etmiş, hüquq verən rəsmi sənədləri, habelə dövlət strukturlarının rəsmi blanklarını, möhürlərini və ştamplarını saxtalaşdıraraq dələduzluqla məşğul olmuş 1962-ci il təvəllüdlü Bakı şəhər sakini Hüseynov Rafiq Kamurad oğlu yaxalanıb.
Rafiq Hüseynovun Bakıda kirayə etdiyi mənzilə baxış zamanı saxtalaşdırılmış, o cümlədən dövlət və özəl ali təhsil müəssisələrinə, kollec və orta məktəblərə aid 33 adda 63 ədəd möhür, diplomlar, tələbə biletləri və qiymət kitabçaları, qiymət kitabçalarının üz qabığı və yazılmamış içlikləri, həmçinin müxtəlif arayış blankları, işə düzəltmə adı altında ayrı-ayrı vətəndaşlardan götürdüyü şəxsiyyət vəsiqələri, ümumvətəndaş pasportları, əmək kitabçaları, 2011-2012-ci tədris ili üçün müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmalarına yardım göstərəcəyi vədi ilə abituriyentlərdən aldığı attestatlar və şəhadətnamələr, eləcə də bir sıra dövlət orqanlarına məxsus sənədlər aşkar olunaraq götürülüb.
Müəyyən olunub ki, Rafiq Hüseynov bu hüquqa zidd əməllərinin nəticəsində, ümumilikdə 326 min manat, o cümlədən saxta sənədlərin hazırlanmasına görə 170 min manat, bir təhsil müəssisəsindən digərinə köçürülmələrin həyata keçirilməsi məqsədilə 17 nəfərdən 156 min manat pul əldə edib”.
Bu da həbs edən orqanların açıqlamasıdır və hər şey anlaşıqlı dildə yazılıb. Məncə, nazirlik sözçüsü və şəxsən nazir özü də yetərincə savadlı adamlardır. Məsələn, bir çox dərsliklərdə müəllif kimi Misir Mərdanovun adının yazıldığını gözlərimlə görmüşəm. Bayram Hüseynzadə isə mətbuat xidməti rəhbəri olmaqla yanaşı, böyük bir qəzetə baş redaktorluq edir. Bu baxımdan sözü göydə tutmalıdır. Verdiyi açıqlamaların da məsuliyyətini dərk etdiyinə kimsənin şübhəsi olmasın gərək.
Hüquq-mühafizə orqanlarının həbslə bağlı sonrakı hərəkətləri elə nazirliyin açıqlamasına uyğun olub.
Orxan Kərimovun vəkili Ramiz Məmmədov mətbuata açıqlamasında müdafiə etdiyi şəxs barəsində Nəsimi Rayon Məhkəməsinin 3 ay müddətinə həbs-qətiimkan tədbiri seçdiyini deyib: “Biz də bu qərarın ləğv olunması məqsədi ilə apelyasiya şikayəti verdik. Lakin şikayətimiz təmin olunmadı”. Vəkil Orxan Kərimovun istintaqa ifadə verməkdən imtina etdiyini də bildirib: “Orxan Kərimov təqsirləndirilən şəxs qismində istintaqa ifadə vermir. O, özünü təqsirli bilmir”.
Ramiz Məmmədov Orxan Kərimovun barəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlandığını da qeyd edib.
Vəkilin sözlərinə görə, Orxan Kərimov Bakı Istintaq Təcridxanasında saxlanılır: “Orxan Kərimov özünü günahkar bilmir. Mənim iştirakımla dindirmə olub. Orxan Kərimov yalnız onu dedi ki, özünü günahkar bilmir və ifadə verməkdən imtina etdi”.
Orxan Kərimovun anası Elza xanım isə “Bizim Yol” qəzetinə açıqlamasında yaşayışlarının yaxşı olmadığını bildirib: “Gəlin, baxın görün Orxan harada yaşayır. Bu ev atamın evidir, rəhmətlik Əli Kərimin evi olmayıb axı, o, zirzəmidə yaşayıb. Biz namusla yaşayan adamıq, evi yoxlayanlar yaşayış durumumuzu görəndə üzr istədilər”. Elə bu açıqlamadan Orxan Kərimovun ifadə verməkdən imtinasını başa düşmək olar.
Amma başa düşülməyən mövqe də var. Təhsil naziri Misir Mərdanovun mövqeyi. Nazirliyin əməkdaşı həbs edilib, konkret ittihamlar var: vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma. Sübuta yetirilməsə də (ümid edirik ki, sübuta yetirilməyəcək) bu ittihamla cinayət işi qaldırılıb. Üstəlik, saxlanılan başqa iki nəfərin də həbsi təhsillə bağlıdır. Milli Təhlükəsizlik Nazirliyi və Respublika Prokurorluğunun birgə məlumatında deyilir: “…bir təhsil müəssisəsindən digərinə köçürülmələrin həyata keçirilməsi məqsədilə 17 nəfərdən 156 min manat pul əldə edib”. Misir müəllimsə bütün bunların onlara dəxli olmadığını deyir:
“Təhsil Nazirliyinin maliyyə şöbəsinin müdir müavini Orxan Kərimovun həbsi onun vəzifəsi ilə bağlı deyil. Bu, tamamilə başqa məsələdir”. Bunu iyunun 30-da jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.
Nazir bildirib ki, hazırda bununla bağlı Respublika Prokurorluğunda istintaq gedir: “Təhsil Nazirliyindən də müvafiq sənədlər tələb olunduqca Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə təqdim edirik”.
Həbsin Təhsil Nazirliyinə dəxli yoxdur, amma gərək olan sənədlər istintaq orqanına təqdim edilir.
Kiminsə ağlının ucundan əlavə şərhə ehtiyac olduğu fikri keçməz, məncə…

Rövşən Hacıbəyli