Nəqliyyat naziri ölkə başçısını necə aldadıb?
“Azadlıq” radiosunun əməkdaşları Scoop Qafqaz layihəsinin dəstəyi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kimə məxsus olması ilə bağlı araşdırma yazısı hazırlayıblar. Radionun saytında yerləşdirilən araşdırmanı kiçik ixtisarla təqdim edirik.
***
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kimə məxsus olması barədə suallar uzun zaman cavabsız qalıb. Bir neçə ildir ictimaiyyət, eləcə də aparıcı ekspertlər zənn edirdi ki, bu avtovağzal kompleksi dövlət vəsaiti hesabına inşa edilib və dövlət mülkiyyətidir.
“2009-2013-cü illərdə Regionların sosial və iqtisadi inkişaf dövlət proqramı”nda və digər rəsmi sənədlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Nəqliyyat Nazirliyinin sifarişi ilə inşa edildiyi bildirilir. Hətta açılış mərasimində nazir Ziya Məmmədov özü Prezident İlham Əliyevə bu Kompleksi təqdim edib. O, bildirib ki, Kompleks Nazirliyin sifarişi ilə, baş podratçı “Bakı XXI Əsr” MMC tərəfindən inşa edilib.
Avtovağzal kimin puluna tikilib?
Maliyyə və Nəqliyyat Nazirlikləri “Azadlıq” radiosuna bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşasına dövlət büdcəsindən pul ayrılmayıb. Hər iki nazirlikdə kompleksin hansı vəsait hesabına tikildiyi barədə məlumat ictimaiyyətə açıqlanmır.
Vergilər Nazirliyindən aldığımız məlumata görə, “Bakı XXI Əsr” MMC-nin təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı “Trans European Leasing Group” LTD-dir. “Bakı XXI Əsr” MMC Azərbaycanda 2004-cü ilin martında qeydiyyatdan keçib, təsisçilər barədə ictimaiyyətə məlumat verilmir.
ARAYIŞ:
Vircin adaları dünyada mövcud olan OFF-SHORE (ofşor) zonalardan biridir.
Ofşor – vergidən tamamilə azad olunmuş və nəzarəti zəif olan zonalardır. Burada qanunvericilik həm şirkətin təsisçilərini, həm də maliyyə mənbələrini gizlətməyə imkan verir. Beynəlxalq hesabatlarda maliyyəsi narkotik, silah alveri və çirkli pulların yuyulmasından əldə edilən şirkətlərin ofşor zonalarda qeydiyyatdan keçdiyi bildirilir.
Kompleksi iki aylıq şirkət tikib…
“Bakı XXI Əsr” MMC qeydiyyatından cəmi iki ay sonra, yəni 2004-cü ilin mayında Avtovağzalın inşasına başlayıb. İki ay kifayət edib ki, dövlət qurumlarından strateji obyektin tikintisinə nəinki razılıq, hətta yer də verilsin. Halbuki, Dövlət Satınalmaları haqqında qanuna əsasən, tender keçirilərdisə, bu şirkətdən həmin sahədə 5 il iş təcrübəsi tələb olunacaqdı.
Vircin Adalarından məktub
Böyük Britaniyanın Vircin Adalarında şirkətlərin qeydiyyatını aparan qurumdan (British Virgin İslands Registry of Corporate Affairs Search) isə öyrəndik ki, “Trans European Leasing Group” LTD – yəni “Bakı XXI Əsr” MMC-nin təsisçisi 2003-cü il, iyulun 14-də qeydiyyata alınıb. “Azadlıq” radiosuna verilən məlumata görə, şirkət qeydiyyatdan keçərkən nə hüquqi şəxsin, nə də təsisçilərinin adı göstərilib.
Nəqliyyat Nazirliyi “Bakı XXI Əsr” MMC ilə heç bir əlaqəsi olmadığını bildirsə də, bu şirkətə ünvanladığımız suallara nazirlik vasitəsilə cavab aldıq. Həmin cavabda bildirilirdi: “Bakı Beynəlxalq Avtovağzal Kompleksinin tikintisi üçün Nəqliyyat Nazirliyi ilə heç bir müqavilə bağlanmayıb. Tikintiyə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı əsasında torpaq sahəsi ayrılıb”.
Amma torpaq sahəsi də boş olmayıb. 2009-cu ildə 1 saylı İqtisad Məhkəməsi Türkiyənin “Lüks Sönməz” şirkətinin “Bakı XXI Əsr” MMC-yə qarşı iddiasına baxıb. İddiada “Lüks Sönməz” şirkətinə məxsus yeni avtovağzal ərazisindəki bazar qiymətlərinə görə, təxminən 7 milyon manat dəyəri olan 50 sotluq torpaq sahəsindən “Bakı XXI Əsr” MMC-nin icazəsiz istifadə etməsi göstərilib.
Avtovağzalın ümumi sahəsi isə 3,7 hektardır. Belə çıxır ki, təkcə avtovağzal kompleksinin torpaq sahəsini almaq “Bakı XXI Əsr” MMC-yə təxminən 50 milyon manata başa gəlib.
Nazirin deputat qardaşının 80 milyon ABŞ dolları?
“Azadlıq” radiosunun apardığı araşdırmada “Bakı XXI Əsr” MMC- ni Nəqliyyat Nazirinin qardaşı Elton Məmmədovun təsis etməsi üzə çıxırdı. Əslində avtovağzalın inşa edildiyi ərazi ilə bağlı məhkəmə çəkişmələrində də cavabdeh qismində Elton Məmmədovun adı dəfələrlə hallanmışdı. Elton Məmmədov “Bakı XXI Əsr”in təsisçisi olduğunu “Azadlıq” radiosuna təsdiqləyib.
Elton Məmmədov tikintiyə sərf edilən vəsaitin məbləğini kommersiya sirri olduğunu iddia edərək açıqlamır.
2009-cu ildə «Əl-Cəzirə» televiziyası hazırladığı videoreportajda Bakı Beynəlxalq Avtovağzalın tikintisinin 80 milyon ABŞ dollarına başa gəldiyi bildirirdi. Videoreportajda avtovağzalı tikən şirkətin – ZQAN Holdinqin isə Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu iddia edilirdi. Nəqliyyat Nazirliyi o vaxtlar bu məlumatı təkzib etmişdi. Amma sonradan tikintini aparan şirkətin rəhbəri Nəqliyyat nazirinin oğlu Anar Məmmədovun olduğu rəsmi açıqlandı.
Ata, oğul, əmi və Nəqliyyat Nazirliyi…
İndi belə çıxır ki, avtovağzal kompleksi ata, oğul və əminin müştərək işidir. Yəni, Bakı Beynəlxalq Avtovağzal Kompleksini tikən şirkət (ZİQAN Construction) Nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsusdur, kompleksi idarə edən şirkətin isə (“Bakı XXI Əsr”) təsisçisi onun əmisi deputat Elton Məmmədovdur. Nəqliyyat naziri Ziya Məmmədov isə bu beynəlxalq avtovağzala lisenziya verib.
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, korrupsiyadan əldə olunmuş çirkli pulların yuyulması üçün ən sadə yol xarici investisiya adı ilə pulların dövriyyəyə buraxılmasıdır. Onun fikrincə, mənbəyi məlum olmayan pullarla tikilən avtovağzal özü də, deyəsən, qeyri-qanuni gəlir mənbəyinə çevrilib.
Kompleksə 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, 4 ulduzlu “Comfort İNN” oteli, 720 yerlik avto dayanacaq, “Bakı XXI Əsr” MMC adlı yanacaq doldurma, avto yuma və təmir məntəqələri daxildir.
Kiçik bir hesablama təkcə ticarət mərkəzindəki mağazaların yer haqqının şirkətə il ərzində təxminən 2 milyon manat gəlir gətirdiyini göstərir. 2008-ci ilin fevralından istifadəyə verilən kompleksdə bir mağazanın şirkətə ödədiyi aylıq yerpulu sahibkarların dediyinə görə, ən azı 102 manatdır. Sahibkarlar bu pulu “Bakı XXI Əsr”in ofisini işarə edərək dövlətə ödədiklərini deyirlər.
WikiLeaks “Kimin nəyi var” silsiləsində Nəqliyyat naziri Ziya Məmmədovun ailəsindən də bəhs edib. Açıqlanan sənədlərdə deyilir ki, Azərbaycanın neft gəlirlərindən çoxu yol tikintisinə axır və bu işlərin çoxunu Məmmədovlar idarə edir. Bundan başqa sərnişindaşıma sahəsi də ailənin Holdinqlərinin inhisarındadır.