Azərbaycan təyyarəsi Əfqanıstanda müəmmalı qəzaya düşdü

Təyyarənin Amerika ordusuna yük apardığı bildirilir; onu “Taliban”ın vurduğuxəbəri yayıldı

Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus IL-76 yük təyyarəsi iyulun 5-dən 6-na keçən gecə Əfqanıstanın Pərvan vilayətində qəzaya uğrayıb. “Associated Press” təyyarənin dağa çırpıldığını bildirsə də, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası onun Əfqanıstanın hava məkanında naməlum obyektlə toqquşduğunu ehtimal edir.

Rabitə kəsilib, radarlarda görüntü itib…

Əfqanıstanın müvafiq xidmətindən daxil olan izahata görə, iyulun 6-na keçən gecə, Bakı vaxtı ilə 02:10 radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşan IL-76 4K-AZ 55 təyyarəsi ilə rabitə ani olaraq kəsilib və onun radarlarda görüntüsü itib. Eyni zamanda Kabil hava limanının qülləsində gəminin uçuşunu idarə edən dispetçer hava limanından təxminən 25 km uzaqlıqda, 4 km hündürlükdə havada işartı gördüyünü bildirib. Rabitə kəsilən ana qədər təyyarə heyətindən hər hansı nasazlıq və ya qəza şəraiti barədə məlumat daxil olmadığından onun havada naməlum obyektlə toqquşması ehtimal edilir.
Məlumatda daha sonra deyilir ki, təyyarə göyərtəsində 18 ton yüklə iyulun 5-də yerli vaxtla saat 21:26-da Bakı aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb. Yük qaldırma imkanı 40 ton olan Il-76 4K-AZ 55 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib.
Gəmi kapitanı 1969-cu il təvəllüdlü, 4576 saat uçuş təcrübəsi olan pilot – Kuzmin Sergey Viktoroviç olub.
Hadisənin araşdırılması üçün komissiya yaradılır və Əfqanıstan aviasiya rəhbərliyi ilə razılaşdırılaraq hadisə yerinə mütəxəssislərin uçuşu planlaşdırılır. Hadisə ilə bağlı daha ətraflı məlumat komissiyanın araşdırmalarından sonra veriləcək.

Təyyarənin “qara qutu”su tapılıb

Azərbaycan Mülki Aviasiya Administrasiyası hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradıb. Əfqanıstan polisi və Pərvan əyalətinin nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb, hadisə yerinə NATO-nun xilasedici qüvvəsi göndərilib.
Dünən təyyarənin “qara qutu”su tapılıb. “Trend”in məlumatına görə, bunu Pərvan əyalətinin qubernatoru Bəşər Salanqi deyib. Qubernator bildirib ki, təyyarə bir neçə hissəyə parçalanıb, güclü yanğın baş verib.
Qəza nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının adları açıqlanıb. “Silk Way” aviaşirkəti direktorunun keyfiyyət üzrə məsləhətçisi Adil Qasımov APA-ya bildirib ki, təyyarənin ekipajı 9 nəfərdən ibarət olub. Həmin şəxslər aşağıdakılardır:
1. Gəmi kapitanı Sergey Kuzmin (1969-cu il təvəllüdlü)
2. Ikinci pilot Oleq Marşixin (1979)
3. Şturman Iqor Çcen (1966)
4. Bort mühəndisi Vladimir Şatobin (1969)
5. Bort-rabitəçi Əhmədcan Xacayev (1955)
6. Bort operatoru Elnur Mahmudov (1981)
7. Bort operatoru Tapdıq Qəhrəmanov (1964)
8. Aviatexnik Əfqan Rəhimov (1980)
9. Aviatexnik Mehman Hüseynov (1962)
Adıçəkilən şəxslərdən Azərbaycan əsilli adların sahibləri ilə yanaşı, Oleq Marşixin də Azərbaycan vətəndaşı olub.

Atasının taleyini yaşadı…

30 yaşlı Elnur Mahmudov isə Milli qəhrəman Ərəstun Mahmudovun oğludur. ANS-in məlumatına görə, bort operatoru Elnur Mahmudovun da qismətinə atası, Milli qəhrəman, hava gəmisinin bort mexaniki Ərəstun Mahmudov kimi qəzada həlak olmaq yazılıbmış. Onun atası 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa marşrutu ilə uçan “MI-8″ vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində həlak olub.
Təyyarə qəzasında ölənlərdən Tapdıq Qəhrəmanov isə artıq sonuncu uçuşunu həyata keçirirdi. Bu uçuşdan sonra o, təqaüdə çıxacaqdı.ÿ
A.Qasımov qeyd edib ki, qəzaya uğrayan təyyarə yüklənmə baxımından böyük ehtiyata malik olub: “Belə ki, Il-76 təyyarəsi ümumiliklə 40-50 ton yük qaldırma qabiliyyətinə malikdirsə, burda 18 ton yük var idi. Təyyarənin daşıdığı yük qoşqu və avtokar olub”.
Bəzi məlumatlarda təyyarənin qəzaya uğradığı, bəzi məlumatlarda isə təyyarəni “Taliban” qruplaşmasının vurduğu bildirilir. “Taliban” terror təşkilatının nümayəndəsi Zabibulla Mocahid, əfqan KIV-lərinə müsahibəsində bildirib ki, terror təşkilatı Azərbaycana məxsus yük təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürür. Qeyri-rəsmi məlumatlara görə, “Taliban”ın sözçüsü bildirib ki, bu tip təyyarələr ABŞ-ın Əfqanıstandakı hərbi kontingenti üçün yük aparır. Azərbaycana məxsus məlum təyyarə də bu səbəbdən vurulub. NATO-nun sözçüsü isə bəyan edib ki, bu təyyarə bundan əvvəl koalisiya qüvvələrinə məxsus olmayıb.
Dünən axşam saatlarında qəzaya uğrayan təyyarənin qalıqlarını aşkar etmək mümkün olub. “Associated Press”in məlumatına görə, təyyarənin 10-20 hissəyə parçalanaraq tamamilə yandığı bildirilir. Bununla yanaşı, yerli polis Il-76-nın yerə çırpıldığı ərazidə yanmış insan ətrafları aşkar edib. Tamamilə yanmış insan ətraflarının kimə məxsus olmasını müəyyənləşdirmək mümkün olmayıb.

ABŞ səfirliyi məlumatlandırılıb

ABŞ-ın ölkəmizdəki səfirliyi Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə məlumatlandırılıb və müdafiə məsələləri üzrə attaşenin Bakı Ofisi insidentin araşdırılması və xilasetmə işlərinin aparılmasına yardım məqsədi ilə “Silk Way” şirkəti, ABŞ-ın Kabildəki səfirliyi və müdafiə məsələləri üzrə attaşenin Kabil Ofisi ilə sıx əlaqədə işləyir. Bu barədə Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin məlumat verib. “Biz bütün ölənlərin ailələrinə başsağlığı veririk”, – deyə səfirlik nümayəndəsi bildirib

“Əfqanıstan hökuməti də ayrıca komissiya yaradıb”

“Media forum” saytı qəza ilə bağlı Azərbaycanın Pakistandakı səfirliyinin üçüncü katibi Çingiz Qəribli ilə əlaqə saxlayıb. Heyət üzvlərinin taleyi barədə dəqiq məlumat olmadığını bildirən Ç.Qəribli səfirliyin araşdırma apardığını bildirib: “Əfqanıstan hökuməti də hadisənin araşdırılması üçün ayrıca komissiya yaradıb. Hadisənin təfərrüatı barədə dəqiq məlumat verilməyib, səfirlik öz araşdırması ilə yanaşı komissiyanın da məlumatını gözləyir. Təyyarənin Pərvan şəhərində eniş zamanı qəzaya uğradığı ehtimal olunur. Təyyarəni ”Taliban” hərəkatının vurması ehtimalı da araşdırılır. Hərəkat hadisə barədə rəsmi açıqlama yaymayıb, hərəkatın sözçüləri öz bəyanatlarını qeyri-rəsmi ehtimallarla açıqlayırlar. Bu hal araşdırılır, təyyarəni “Taliban”ın vurması xəbəri doğru olmaya da bilər. Araşdırılma davam edir, təyyarənin qalıqları ekspertizadan keçməlidir”.

Gültəkin