2 aprel məhbuslarının məhkəməsi başlayır

Vəkillər ittihamların qondarma və əsassız olduğunu deyirlər

Ictimai Palatanın 2 aprel aksiyasında həbs olunan AXCP sədrinin müşaviri Sahib Kərimov, AXCP üzvləri Babək Həsənov, Zülfüqar Eyvazov, Arif Alışlı, Müsavat fəalı Elşən Həsənov və bitərəf Elnur Isrəfilovun barəsində cinayət işlərinə iyulun 13-də Səbail Rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə baxılacaq.
Bu barədə  “Turan”a Ictimai Palatanın Koordinasiya Şurasının üzvü  Vidadi Mirkamal məlumat verib. Onun sözlərinə görə,  daha 4 nəfərin –  Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Elnur Məcidli və Ülvi Quliyevin barəsində ibtidai istintaq yekunlaşıb.
AXCP üzvü Babək Həsənovun vəkili Fəxrəddin Mehdiyev iş materialları ilə tanışlıqdan sonra cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət qaldırdıqlarını bildirib: “Lakin vəsatət təmin olunmadı. Bununla bağlı Bakı Şəhər Prokurorluğuna şikayət təqdim etdim, yəqin o da təmin olunmayacaq. Babək Həsənov saxta və əsassız ittihamlarla həbs olunub. Məhz buna görə onun barəsində qaldırılan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini tələb edirdim. Bundan başqa o, aprelin 6-dan 8-nə qədər qanunsuz olaraq Səbail Rayon Polis Idarəsində saxlanılıb. Biz məhkəmədə də məsələ qaldıracağıq ki, Babək Həsənov bu iş üzrə zərərçəkmiş kimi tanınsın, təqsirli şəxslər müəyyənləşdirilsin”.
Bitərəf Elnur Isrəfilovun vəkili Yalçın Imanov da iş materialları ilə tanış olandan sonra cinayət təqibinə  bəraətverici əsaslarla xitam verilməsi üçün vəsatət verdiyini bildirib: “Əsaslandırmışdım ki, müdafiə etdiyim şəxsin əməlində ona istinad edilən cinayət tərkibi yoxdur. Lakin vəsatət təmin edilmədi. Bu qərardan Bakı Şəhər Prokurorluğuna şikayət etdim. Bu qurum da şikayətin rədd edilməsi barədə qərar verdi. Vəsatətlərimizi daha geniş formada məhkəmə prosesində də davam etdirəcəyik”.