Liviya diktatoru beynəlxalq məhkəmədən can qurtarmaq istəyir
Liviyada 4 aydır davam edən vətəndaş müharibəsi və siyasi böhran başa çata bilər. 42 illik hakimiyyətinə qarşı baş qaldırmış xalq üsyanına məhəl qoymayan, diktatorluğunu uzatmağa çalışan, əleyhdarlarına münasibətdə soyqırım törədən Müəmmər Qəzzafi daxili və beynəlxalq hərbi müdaxilə qarşısında uzun dirənişdən sonra deyəsən, geri çəkilmək barədə qərar verib.
Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, Liviya diktatoru Fransanın ona vəd etdiyi təhlükəsizlik zəmanəti, həmçinin ailəsinin dondurulan hesablarının aktivləşdirilməsi və onun Haaqa tribunalına çıxarılmaması müqabilində hakimiyyəti tərk etməyə hazırdır. Qəzet xəbəri Rusiya rəhbərliyindəki mənbəyə istinadən yayıb: “Polkovnik təhlükəsizlik zəmanəti müqabilində hakimiyyəti tərk etməyə hazırdır. Ona belə bir zəmanətin verilməsi də mümkündür”.
Rusiya rəsmisinin sözlərinə görə, bu məsələdə daha güzəştli mövqeni Fransa tutur. O, təkcə Qəzzafi və onun ailəsinin dondurulmuş hesablarının açılmasını deyil, həm də hakimiyyətdən dinc şəraitdə gedəcəyi təqdirdə bir müddət əvvəl polkovnikin həbsinə beynəlxalq order verən Haaqa tribunalından qaçmasına yardım edəcəyinə vəd verir. Bundan əlavə, Liviya diktatorunun vətənində qalması məsələsi də müzakirə olunur.
“Kommersant”ın xəbərinə görə, Qəzzafinin hakimiyyətdən getmək planının gerçəkləşdirilməsi üçün maneə kimi diktatorun oğlu Seyfülislam üçün seçkilərdə iştirak imkanının yaradılması tələbi göstərilir.
Hətta liviyalı üsyançılar da Qəzzafinin hakimiyyətdən gedəcəyi təqdirdə ölkədə yaşamasına razılıq veriləcəyini bildirirlər. Üsyançıların rəhbəri Mustafa Əbdülcəlil “Reuters” agentliyinə açıqlamasında bildirib ki, Qəzzafi hakimiyyətdən istefa verəcəyi və bütün silahlı gücündən imtina edəcəyi təqdirdə onun Liviyada qalması artıq diktatorun öz seçimindən asılıdır.
Əbdülcəlil əlavə edib ki, Qəzzafinin istefasından sonra Liviyada seçkilər keçirilsə, diktator mütəmadi nəzarətdə olacaq: “Onun harada yaşaması və beynəlxalq nəzarətçilər tərəfindən qorunması qərarını biz verəcəyik. Qəzzafinin bütün hərəkətləri beynəlxalq nəzarətçilər tərəfindən diqqətdə saxlanılacaq”.
Üsyançıların qurduğu Milli Keçid Şurasının Misrata nümayəndəliyinin təmsilçisi Əbdülsalam Macruh Qəzzafinin ölkədə qalmasına maneə olmadığını söyləsə də, diktatorun və ailə üzvlərinin seçkilərdə iştirakının Liviyada yenidən gərginliyi artıracağını bildirib. O, Liviya diktatorunun oğlu vasitəsilə hakimiyyətə qayıtmağa cəhd edəcəyini də vurğulayıb: “Onların əlində silah və maliyyə var. Bu isə ölkədə sülh və sabitliyin yenidən pozulmasına, insanlarımızın əziyyət çəkməsinə kifayət edir”.
“Reuters” agentliyinə müsahibə verən keçmiş amerikalı diplomat Devid Mek bildirib ki, Qəzzafi üsyançılarla razılaşaraq hakimiyyətdən uzaqlaşa bilər. Liviya diktatorunu yalnız onun övladları və nəvələri razı sala bilər: “O, tirandır. Çöx möhkəm xarakterə sahibdir. Lakin unutmayaq ki, o, həm də ata və babadır. Onu hakimiyyətdən getməyə övladları və nəvələri razı sala bilərlər”.
Keçmiş diplomatın sözlərinə görə, Qəzzafi ölkədə baş verənləri anlayır və yaranmış vəziyyətən çıxış yolunun hakimiyyətdən imtina etmək olduğunu başa düşür. Devid Mek Liviya diktatorunun üsyançılarla razılaşmaq fikrində olduğuna əminliyini gizlətməyib.
Bu arada, NATO qırıcıları Müəmmər Qəzzafinin son qalası adlandırılan paytaxt Tripoliyə növbəti hava zərbələri endirib. Ötən sutka ərzində 145 uçuş həyata keçirən qırıcılar Liviyada diktatorun Tripolidəki əsas komanda-nəzarət məntəqəsini məhv ediblər. Hava zərbələri nəticəsində 2 tank və hərbi düşərgə, eləcə də digər hərbi texnika, silah deposu dağıdılıb.
Tural