Onlar hakimiyyəti real islahatlar aparmağa, sərbəst toplaşmaq azadlığını təmin etməyə çağırdılar
Bu günlərdə Azərbaycan Ziyalılar Forumunun ölkədəki vəziyyətin və təşkilatın qarşıda duran dövr üçün planlarının müzakirəsinə həsr olunmuş növbəti iclası keçirilib. Adı çəkilən ictimai təşkilatın mətbuat xidmətindən “Turan”a verilən məlumata görə, Rüstəm Ibrahimbəyovun sədrliyi ilə keçirilən müzakirələrdə müxtəlif məsələlər üzrə xalq şairi Ramiz Rövşən, xalq yazıçısı Əkrəm Əylisli, MEA müxbir üzvü Rafiq Əliyev, professor Cəmil Həsənli, politoloqlar Eldar Namazov, Zərdüşt Əlizadə, Erkin Qədirli çıxış ediblər.
Müzakirə iştirakçıları Azərbaycan cəmiyyətinin mənəvi-psixoloji vəziyyətindən ciddi narahatlıqlarını bildiriblər.
Qeyd edilib ki, ölkədə hakimiyyət və cəmiyyət arasında sivil dialoqun olmaması, fərqli düşüncəyə və alternativ baxışın ifadə edilməsinə qarşı dözümsüzlük, ictimai rəyə məhəl qoymama ölkənin davamlı inkişafı üçün ciddi maneədir.
Belə bir mühitdə cəmiyyət tərəfindən dəstəklənən bütün cəmiyyəti narahat edən siyasi, sosial və iqtisadi problemləri həll edəcək islahatlar strategiyasının hazırlanmasına və həyata keçirilməsinə ümid etmək çətindir. Müzakirə iştirakçıları xüsusi olaraq qeyd ediblər ki, dünyada və bölgəmizdə baş verən hadisələr bütün cəmiyyət tərəfindən dəstəklənən demokratik islahatlar və ölkənin müasirləşməsinin alternativi olmadığını və müasirliyin çağırışlarına yeganə düzgün cavab olduğuna dair şübhə doğurmur. Bu mənada, son vaxtlar bir çox gənc fəalların saxlanılması və həbs edilməsi xüsusi narahatlıq doğurur.
Azərbaycan Ziyalılar Forumu hakimiyyəti gənc fəalları azad etməyə, Bakı meriyasını isə hakimiyyət və müxalifət arasında qarşıdurmanın daha da güclənməsinə yol verməmək üçün sərbəst toplaşmaq hüququnun həyata keçirilməsi üçün bütün tərəfləri qane edəcək şərtləri razılaşdırmağa çağırır.
Iclasda, həmçinin Ziyalılar Forumunun yaxın gələcək üçün planları müzakirə olunub. Forum iştirakçıları tərkibin genişləndirilməsi haqqında qərar qəbul edib, növbəti iclasların mövzuları dəqiqləşdirilib.
Yaxın günlərdə gənclərin problemlərinə həsr olunmuş bir sıra iclaslar keçirilməsi qərara alınıb.