Türkiyə Benqazidə qurulan hökuməti tanıdı

Rəsmi Ankara Qəzzafi əleyhdarlarına 200 milyon dollar ayıracaq

Liviyada Müəmmər Qəzzafinin 42 illik hakimiyyətinə son qoymaq uğrunda mübarizə aparan üsyançılar regionun aparıcı dövləti olan Türkiyədən dəstək alıb.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, rəsmi Ankara Benqazidə qurulmuş Milli Keçid Şurasını Liviya xalqının legitim təmsilçisi kimi tanıyır: “Türkiyə Liviya xalqının tələbləri və Liviyanın birliyinə dəstək verir. Bununla yanaşı, biz ”Yol xəritəsi”ni elan etdik. Həmin sənəd bu keçidin əsas prinsiplərini göstərir. Biz düşünürük ki, Milli Keçid Şurası bu məqsədlərə çatmaq üçün Liviya xalqının legitim təmsilçisidir”.
Davudoğlu deyib ki, Türkiyə hökuməti iyun ayında üsyançılar üçün 100 milyon dollara əlavə olaraq, Milli Keçid Şurasına daha 200 milyon dollar ayıracaq.
Liviya üsyançılarının lideri Mustafa Əbdül Cəlil bəyan edib ki, müxalifət Qəzzafi istefa verdiyi halda, onun ölkədə qalmasına imkan vermək niyyətindədir və beynəlxalq nəzarətə razıdır: “Bu həll yolu əvvəllər də təklif edilmişdi. Biz bilirik ki, Qəzzafi prezident olmadığını desə də, o, ölkənin prezidentidir. Lakin biz onun ölkə prezidenti deyil, silahlı qüvvələrin Ali Baş Komandanı olduğuna dair bəyanatından çıxış edərək, Qəzzafiyə dinc həll yolu təklif edirik ki, o, istefaya getsin və öz qüvvələrinə geri çəkilmək əmri versin. Bu məqamda o, həll etməlidir ki, Liviyada qalır, yoxsa xaricdə”.